Şıxmahmud kəndinin sakinləri antisanitariya vəziyyətindən əziyyət çəkir - VİDEO

A- A A+

Babək rayonunun Şıxmahmud kəndinin bir neçə sakini Naxçıvan televiziyasına müraciət edərək kənddə məişət tullantılarının vaxtında götürülməməsi ilə bağlı şikayətlərini bildiriblər. Əməkdaşlarımız sakinlərin üzləşdiyi problemləri araşdırıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şıxmahmud kəndində 4 min nəfərə yaxın əhali yaşayır. Sakinlər bildirir ki, küçədə üfunətdən keçmək olmur. Buna səbəb bir aya yaxındır ki, məişət tullantılarının ərazilərdən kənarlaşdırılmamasıdır: "Bələddiyyəyə, icra nümayəndəliyinə aidiyyəti qurumlara müraciət etsək də, nəticə yoxdur".

Qeyd edək ki, kənddə cəmi 7-8 təmizlik qutusu qoyulub, digər təyin olunmuş ərazilərdə isə tullantı qutuları olmadığından məişət tullantıları hara gəldi atılır. Nəticədə tullantı poliqonunu xatırladan mövcud vəziyyət yaranıb. Üstəlik tullantılar vaxtında uzaqlaşdırılmadığından itlər və digər vəhşi heyvanlar tərəfindən əraziyə yayılaraq antisanitar vəziyyətə səbəb olur.

Məsələ ilə bağlı Babək Rayon İcra Hakimiyyətinə müraciət edilib. Bildirilib ki, yaşayış məntəqələrində tullantıların ərazilərdən götürülməsi kənd bələdiyyələrinin səlahiyyətindədir. Hətta sakinlər bunun üçün bələdiyyələrə xidmət haqqı da ödəyirlər.

Şıxmahmud Bələdiyyəsinin sədri məsələyə münasibət bildirərək qeyd edib ki, cari ilin noyabr ayına kimi Babək Rayon Kommunal Müəssisələr Kombinatı bu sahədə müvafiq köməklik göstərirdi. Lakin həmin təşkilat maliyyə çatışmazlığını əsas gətirərək işlərini dayandırdı.

Ümid edirik ki, aidiyyəti orqanlar tərəfindən kəndin bu problemi həll ediləcək, antisanitar və natəmiz vəziyyət aradan qaldırılacaq.

                                                         Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: