Regional və beynəlxalq əhəmiyyətinə görə, Azərbaycanın cari ildə siyasi, iqtisadi, diplomatik müstəvidə izlədiyi xətt yeni geosiyasi reallıqlar çərçivəsində qarşıda dayanan mühüm hədəflərlə xarakterizə olunmaqdadır. Bu xüsusda, yekunlaşmaqda olan 2022-ci il üçün müxtəlif istiqamətlər üzrə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında rəy sorğusu keçirilib. Sorğuda respondentlərin “2022-ci ilin yekununu hansı istiqamətlər üzrə daha uğurlu hesab edirsiniz?” sualına münasibəti öyrənilib. Sorğu iştirakçılarına ünvanlanan bu suala cavab olaraq onlara bir neçə cavab variantı seçmək imkanı verilib.
Sosial Tədqiqatlar Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, keçirilən rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin əhəmiyyətli hissəsi, yəni 71,1 faizi 2022-ci ilin yekununun hərbi istiqamət üzrə daha uğurlu olması fikri ilə çıxış edib. Sorğu nəticələrinin təhlili göstərir ki, 18-24 yaş qrupunu təmsil edənlər, 45-54 yaş qrupunu təmsil edənlərlə müqayisədə daha çox bu mövqedədirlər.
Sorğuda iştirak edənlərin mühüm hissəsinin - 62,3 faizinin mövqeyində bu ilin yekununun Azərbaycanın siyasi-diplomatik müstəvidəki addımları ilə daha uğurlu olması yanaşması əksini tapıb. Nəticələrin təhlilinə əsasən, təhsil səviyyəsi artdıqca yekunlaşmaqda olan ilin siyasi və diplomatik baxımdan uğurlu olması mövqeyini ifadə edənlərin sayı da artıb. Respondentlərin 34,8 faizi iqtisadi istiqamət üzrə 2022-ci ili daha uğurlu hesab edib.
Mədəni istiqamət üzrə uğur amili sorğuda aktiv iştirak edənlərin 29,4 faizi tərəfindən qeyd olunub. Gənc respondentlər yaşlı respondentlərlə müqayisədə daha çox bu mövqeni bölüşüblər.
Bu ili sosial istiqamət üzrə daha uğurlu hesab edənlərin göstəricisi 25,9 faiz təşkil edib. 18-24 yaş qrupuna mənsub olan respondentlər 55-64 yaş qrupuna mənsub respondentlərlə müqayisədə 2022-ci ilin sosial istiqamət üzrə daha uğurlu olduğunu düşünür.
Sorğuda iştirak edənlərin 10,1 faizi bu ili digər bir sıra istiqamətlər üzrə daha uğurlu hesab edib, 4,1 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib. Sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib. Könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95 faiz, xəta payı isə 5 faizə bərabərdir.
Qeyd edək ki, rəy sorğusunun nəticələri sözügedən istiqamətlər üzrə ümumi qiymətləndirməni nəzərdə tutmur, məhz 2022-ci ilin hansı istiqamətlər üzrə daha uğurlu olması ilə bağlı ictimai təsəvvürü əks etdirir.