Qlobal iqlim dəyişməsinin əsasən çox zərərli insan fəaliyyəti səbəbi ilə baş verdiyinə dair əsaslı dəlillərin mövcud olmasına baxmayaraq, planetdə istixana qazları tullantılarının həcmi artmaqda davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, 2022-ci ildə fövqəladə iqlim vəziyyəti daim BMT gündəliyinin mərkəzində olub. Bunun sayəsində uyğunlaşma sahəsində tədbirlərin maliyyələşməsi və Yer kürəsinin biomüxtəlifliyinin qorunması üzrə mühüm razılaşmalara nail olmaq mümkün olub.
2021-ci ilin sonunda Qlazqoda KC-26 İqlim Konfransının keçirildiyi zaman iştirak edənlərdən heç kəs ehtimal edə bilməzdi ki, Ukraynada müharibə başlayacaq və o, dünya iqtisadiyyatında dərin sarsıntılara səbəb olacaq. Bir çox ölkələr Rusiya neft və qazının ixracından qazıntı şəklində yanacağın digər mənbələrdən tədarükünü artırmaq yolu ilə asılılığını azaltmağa səy göstərərək, təmiz enerjiyə keçid üzrə öhdəliklərinin yerinə yetirilməsini dayandırıb. Bu arada, çoxsaylı tədqiqatların nəticələri Yer kürəsinin artan istiləşməsi bəşəriyyətin karbon qazının tullantılarını azaltmaqda acizliyinə birmənalı işarə edir.
İl ərzində Ümumdünya meteorologiya təşkilatı (ÜMT) bir sıra kədərli məruzə dərc edib. 2021-ci ilin bütün müşahidələr tarixində yeddi ən isti illərdən biri olduğunu bildirən yanvar nəşri bu mənada bir növ başlanğıc olub.
Yayda bir sıra Avropa ölkələrində rekord istilik dalğalarının qeydə alındığı vaxt, təşkilat xəbərdarlıq edib ki, yaxın bir neçə ildə bəşəriyyət atmosferin daha böyük istiləşməsi ilə üz-üzə qalacaq. Afrikada, əsasən Afrika Buynuzu ölkələrində, ərzaq böhranının kəskinləşməsi gözlənilir, bu da milyonlarla insanın yerdəyişməsinə səbəb olacaq.
Regionlardan bəzilərinin su çatışmazlığından əziyyət çəkdiyi zaman, digərləri fəlakətli daşqınlara məruz qalır. Pakistanda avqust ayında musson yağışlarının səbəb olduğu güclü daşqın və sürüşmələrdən sonra fövqəladə vəziyyət elan edilib, yağışların nəticəsində böhranın ən çətin vaxtında ölkə ərazisinin təxminən üçdə biri su altında qalıb. On milyonlarla insan evlərini tərk etməyə məcbur olub.
Çadda avqust ayında baş vermiş görünməmiş daşqınlar nəticəsində 340 mindən çox insan zərər çəkib, oktyabr ayında isə BMT-nin Qaçqınlar Agentliyi bildirib ki, Qərbi və Mərkəzi Afrikada 3,4 milyona yaxın insanın son onillikdə ən güclü daşqınlar fonunda yardıma ehtiyacı var.
ÜMT oktyabrda dərc etdiyi bülletenində atmosferdə üç əsas qazın - karbon dioksid, azot oksidi və metanın rekord səviyyələrini ətraflı təsvir edib. Lakin aşağı karbonlu iqtisadiyyata keçidin təcili ehtiyac olduğuna dair güclü dəlillərə baxmayaraq, dünyanın ən böyük iqtisadiyyatları Ukraynadakı müharibənin yaratdığı enerji böhranına köhnə elektrik stansiyalarının yenidən açılması və yeni neft və qaz tədarükçülərinin axtarışı ilə cavab veriblər.