Milli birliyin təntənəsi - 31 dekabr

A- A A+

İllərin qovuşuğunda taleyin hökmü ilə ayrı-ayrı dövlətlərdə yaşamağa məhkum olmuş, dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar bir kökdən, bir soydan olduqlarını bir daha yada salır, tarixlər aşıb gəlmiş bir xalqa mənsub olmaqlarından haqlı olaraq qürur duyurlar.   31 dekabr hər il millət bayramı-özünəqayıdış günü kimi böyük təntənə ilə yaşanılır. Bu da zamanın bir hökmüdür. Artıq 30 ildən çoxdur ki, biz dünya azərbaycanlılarının ən əziz günlərindən birinə çevrilmiş 31 dekabrı millətimizin Həmrəylik Günü kimi qeyd edirik.

1991-ci ildə Moskvadan doğulduğu Naxçıvan şəhərinə gələn, blokada şəraitində yaşayan muxtar respublikın bu torpağın qeyrətli övladlarının iradəsi ilə rəhbərliyinə gətirilən ümummilli lider Heydər Əliyevin imzaladığı ilk qərarlardan biri həmin tarixi günün – 31 dekabrın milli bayram, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilməsi oldu. Bu qərar tarixin ədalətli hökmü kimi dünyaya səpələnmiş 50 milyonadək soydaşımızı anamız Azərbaycan ətrafında birləşməyə, ona xidmət etməyə səslədi.

Sonrakı illərdə xalqın tələbi ilə müstəqil Azərbaycan dövlətinin sükanı arxasına gətirilən böyük öndər dünya azərbaycanlılarının vahid bir millət kimi birləşməsinə, öz haqları uğrunda mübarizəyə qalxmasına böyük xidmətlər göstərdi.

Soydaşlarımızın həmrəylik gününün illərin qovuşduğu məqama təsadüf etməsi xüsusilə əlamətdardır. Hər bir azərbaycanlı həmin gün öz xalqı, Vətəni üçün nə etdiyini yada salır, qarşıdan gələn yeni ildə görəcəyi işləri götür-qoy edir. Bu bayramda bütövlükdə, millətimiz hesabat verir, tarixi perspektivlərə nəzər salır.

Ümummilli lider Heydər Əliyevin xalqımızı səfərbər edib ayağa qaldırması ilə Azərbaycan dövlətinin müstəqilliyi qorunub saxlanıb, möhkəmləndirilib.

Bu gün 10 milyondan artıq  sakinin  yaşadığı müstəqil Azərbaycan dövləti kənarda yaşayan 50 milyondan artıq bacı-qardaşımızın da ümidgahıdır. Xaricdəki soydaşlarımız diasporlar şəklində birləşərək ana Vətənlə sıx əlaqə qurur, Azərbaycan həqiqətlərini hər yerdə ucadan səsləndirirlər.

Azərbaycanlıların düşüncəsində vətən anlayışı onların evlərindən, kənd və şəhərlərindən başlayıb Azərbaycan məfhumuna çevrilir. Onlar üçün uzanan cığırlar, yollar, məhəllələr, axar sular, yağan yağışlar, qarlar, əsən küləklər hamısı vətəndir. Böyük vətən müharibəsi zamanı cəbhəyə gedənlər özləri ilə bir ovuc torpağı götürərdilər ki, öləndə yoldaşları onların qəbirlərinin üstünə səpsinlər və son nəfəsdə desinlər ki:

               Yad ellərdə məhv oldusa eşqim, hissim, həyatım,

                 Barı vətən torpağının altında rahat yatım!

Vətən hissi, vətən məhəbbəti, torpağa bağlılıq düşüncəsi ilə ömür sürən azərbaycanlılar çalışıblar ki, eldən-obadan, dədə-baba yurdundan aralanmasınlar. Ancaq tarix də zaman-zaman öz işini görüb, azərbaycanlıların bir qismi taleyin və zamanın hökmü ilə doğma torpağından ayrı düşüb, yad ölkələrdə yaşamağa məcbur olublar. Bu insanlar həmin ölkələrdə vətən həsrəti ilə yaşayıblar. İqtisadi vəziyyətlərindən, mövqelərindən asılı olmayaraq, bu həsrət heç vaxt onları tərk etməyib, yuxularında vətəni, qohumlarını, dost-tanışlarını görüblər. Onlar ruhən, qəlbən öz vətənləri ilə, Azərbaycanla bağlı olub, özlərində azərbaycanlılıq varlığını doğma Azərbaycan dilində, Azərbaycan musiqisində, Azərbaycan mətbəxində, azərbaycanlılara məxsus ailə münasibətlərində, adət-ənənələrində yaşadıblar.

Beləliklə,      dünya    dəyişdi,    zaman    dəyişdi, Sovet ittifaqı süqut etdi, müstəqil Azərbaycan Respublikası quruldu,          əlaqələrə    az-çox    yol    açıldı,    qohum-əqraba axtarışları, şəxsi təmaslar yarandı. Dünyada bir-birindən aralı, bir-birindən xəbərsiz yaşayan, azad Azərbaycan həqiqətlərindən xəbərdar olmayan, dövlətçilik dayaqlarına söykənə bilməyən, bəzən də dilini, adət-ənənəsini itirmək təhlükəsi qarşısında qalan azərbaycanlıları oyatmaq, ayağa qaldırmaq “Sən varsan, sən sahibsiz deyilsən, sənin doğma vətənin, dövlətin var, sən böyük bir xalqın parçasısan”, - deyə kim olduqlarını bir daha onların yadına salmaq, dünya azərbaycanlılarının birliyini yaratmaq lazım idi. Beləliklə, 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə dünya azərbaycanlılarının həmrəylik günü haqqında qərar qəbul etdi. Ulu öndərin milli dövlətçilik və azərbaycanşünaslıq  idrakının məhsulu olan bu qərarlar çox böyük tarixi tədbir və sənədlər kimi, mənəvi və siyasi əhəmiyyətə malik idi və xalqımızın bütün böyük gələcək tarixi üçün əhəmiyyətini saxlayacaqdır. Ancaq bu işıqda iş görmək lazım idi, bu həmrəyliyi yaratmaq lazım idi. Tarix özü bu böyük işi Heydər Əliyevin öhdəsinə buraxdı. O, ölkənin daxilindən başladı, belə hesab etdi ki, ölkə daxilində xalqın həmrəyliyi ilkin şərtdir. Bu həmrəylik olmasa, dünya azərbaycanlılarının həmrəyliyinin təşkili mümkün olmaz.

Qoy Azərbaycanın müstəqilliyinə qəsd etmək niyyətində olan bütün xarici və daxili qüvvələr bilsinlər ki, öz suverenliyi və ərazi bütövlüyü uğrunda minlərlə qurban vermiş Azərbaycan xalqı hər bir təcavüzkara, hər bir qara qüvvəyə, hər bir təxribatçıya və onların əlində alətə çevrilən şəxslərə layiqincə cavab verəcəkdir.

Biz bir tamın hissələriyik, bir dəryanın damlalarıyıq. Tale hərəmizi bir tərəfə, başqa-başqa diyarlara səpələyib. Gah müxtəlif dövrlərin repressiyaları, gah da bir parça çörək dərdi bəzilərini ömürlük Vətən həsrətinə mübtəla etmişdi. Sosializmin “dəmir pərdə”ləri sərhədləri kəsdikdən sonra uzun illər boyu doğmalar bir-birlərindən gen düşdülər. Məktublaşmaq, telefon əlaqəsi saxlamaq belə yasaq olunmuşdu. “Xaricdə yaşayanım yoxdur” kəlməsi tərcümeyi-halımızın ayrılmaz hissəsinə çevrilmişdi. Xaricdə doğması və qohumları olana isə ehtiyatla, qəribə nəzərlərlə baxırdılar. “Xaricdəkilər” partiya xətti ilə qabağa getməyə mane olduğundan çoxları qəriblikdəki qohum-qardaşını danırdı. Uzun illər beləcə, bir-birimizdən qorxa-qorxa, gizli ayrılıq dərdi çəkə-çəkə yaşadıq.

Yaman günlər gəlib ötüb keçəndi, Bir yaxşılıq muradına yetəndi.

O tay, bu tay nə fərqi var, vətəndi, Bir gün olar bu dağları yararlar, İstəklilər bir-birini taparlar

Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Onun əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri, həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanıb.

Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət təşkil edir. Xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq, inkişaf etdirmək və bütün dünyada təbliğ etmək bizim hər birimizin üzərinə düşən ən məsuliyyətli bir tarixi  yükdür.   

Hələ XX yüzilliyin əvvəllərində xalqımızın milli azadlıq mübarizəsi qalibiyyətlə nəticələndi. 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cumhuriyyəti dünya azərbaycanlılarının azadlıq uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazıldı. Qısa müddətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti bütün dövlətçilik atributları-öz parlamenti, hökuməti, ordusu, pul vahidi, bayrağı, gerbi, himni olan suveren bir dövlətə çevrildi. Onun demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımlar xalqımızın tarixində silinməz izlər buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində mühüm rol oynadı.

Lakin xalqımızın dirçəliş və özünəqayıdış prosesi uzun davam etmədi. 1920-ci il aprel ayının 27-də bolşevik Rusiyasının birbaşa hərbi müdaxiləsi demokratik respublikanın süqutu ilə nəticələndi. Minlərlə qabaqcıl fikirli adam ziyalı təqiblərə məruz qaldı. Repressiyadan yayına bilənlər isə siyasi mühacirət etməyə məcbur oldular. Siyasi fikir və hərəkat tarixinə uyğun olaraq siyasi mühacirət hərəkatı da artıb-azaldı, tarixin amansız gərdişi milyonlarla soydaşımızı Vətənin hüdudlarından kənarda qoydu.

O illərdə dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar Azərbaycan xalqının milli özünüdərki güclənməyə başladı. SSRİ adlanan “qırmızı imperiyanın” çökməsi Azərbaycanda milli-azadlıq hərəkatının yüksəlişi ilə müşayiət edilirdi. Xalq daha “siyasi və coğrafi çərçivə” daxilində yaşamaq istəmirdi. “Beton sədlər” doğmaları və qohumları yaxınlaşmağa, birləşməyə qoymurdu. 1989-cu il dekabrın sonunda ilk dəfə Naxçıvanda, sonrakı günlərdə isə digər bölgələrdə İran və Türkiyə aradasınkı sərhəddə çəpərlər, mühəndis istehkamları və tikanlı məftillər dağıdıldı. Araz çayının hər iki tayında olan qohumlara, həmvətənlərə ünsiyyət imkanları yaradıldı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.

Bu gün harada yaşamasından asılı olmayaraq, ənənələrinə sadiq, milli-mənəvi köklərinə bağlı olan vətənpərvər soydaşlarımız  vətənə olan müqəddəs borcunu ləyaqətlə yerinə yetirir. Azərbaycan həqiqətinin, xalqımızın haqq səsinin dünyaya obyektiv çatdırılmasında ardıcıl fəaliyyət göstərir, dərdimizə, sevincimizə şərik olurlar. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolla yeni uğurlar qazanılmasına xidmət edir. Bu məqamda  ümumilli liderimizin bu müdrik fikirlərini xatırlamağa ehtiyac var: “Azərbaycan dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların vətəni, istinad yeri, ata evi, doğma ocağıdır. Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın bu dövlətə arxalanmağa, onun himayəsinə bel bağlamağa, ondan güc, qüdrət almağa haqqı vardır”.

Vətən! Hər bir azərbaycanlı üçün müqəddəs kəlmə! Şeirimizin, sənətimizin baş qəhrəmanı! Uğrunda əsrlərlə ölüm-dirim     mübarizəsi gedən ulu torpaq. Dahilər, qəhrəmanlar  yetirən, dastanlar, cahanşümul abidələr yaradan böyük bir xalqın qədim məskəni! Gözəlliklər diyarı! Dağı, dərəsi, geniş çölləri, meşələri, meyvəli bağları, coşqun çayları, sərin bulaqları, hər şeydən öncə, qurub-yaradan mehriban insanları ilə yüksələn Azərbaycan! Torpağının altı da, üstü də zəngin olan ölkəm! 

Bu gün  QALİB bir ölkəsən. Sən tarixi zəfərini dünyaya bəyan etmisən. Dünya ölkələri arasında nüfuzlu, qüdrətlisən! Və nə xoş ki yer üzündə yaşayan azərbaycanlıların mənəvi birlik gününü-Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bütöv, azad, suveren Azərbaycanda sevinc və şadlıqla keçiririk.

 

                      Abdulla Əsgərov,

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil şöbəsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: