Salam, Şuşa! - FOTOLAR

A- A A+

Salam, müqəddəs torpağım Şuşa! 2023-cü il. Nəhayət səninlə baş-başayam.  

Bilirsən, torpağına ayaq basmağa qıymıram. Bəlkə durduğum yerdə hansısa şəhidimin qanı var? O bir az aralıda görən hansı şəhidim son nəfəsində “Təki Vətən sağ olsun!” deyərək şəhadətə qovuşub. Bu dağ-daşın nələrə şahid olub? Şəhidimin hansı vəsiyyətinə qulaq asmısan? Şuşa, sənə Naxçıvandan salam gətirmişəm. Naxçıvandakı şəhid ailələrindən salam gətirmişəm. Hər qarış torpağında canla-başla döyüşən, o döyüşlərdən qürurla söhbət açan Xok kəndinin igidi Əvəz Pənahovdan salam gətirmişəm. O Xok kəndi ki, Qarabağ uğrunda 7 şəhid verdi. Onlar Naxçıvandan Qarabağa döyüşə gedərkən bir istəklə yollandı: “Nə gözəldir ölmək bizə sevgili Vətən üçün”. Ölmək nədir? Onlar Vətən uğrunda ölümsüzlüyə qovuşublar. Onlar daim vardırlar. Onlar gedər-gəlməzin çarxın döndərən, öz qanları ilə yandırdıqları çırağa hələ də işıq olmağa davam edənlərdir. Culfalı Yaqub Nəcəfovun atası Məhəmməd kişidən salam gətirmişəm. Nəcəfovlar ailəsinin üç oğlu Qarabağ uğrunda döyüşüb. Biri şəhid, biri isə qazi olub. Gör nə qədər müqəddəssən ki, sənə yol açmaq üçün bir ailənin 3 oğlu uğrunda döyüşüb. Biri yolunda şəhid olub. 

Şuşa, bilirsən, şəhid anaları, ataları səninlə təsəlli tapır. Sən onların yaralarına məlhəmsən! Sən şəhid analarının məğrurluğusan, qürurusan.  

Sən Azərbaycanın mənəvi ucalığısan!   

Vallah, Şuşa, sənin səman da başqadır, havan da, suyun da. Göylərində günəş olub haqq saçan, bəyaz buludlara bürünən günahsızlaşan, saflaşan şəhidlərimin nəfəsi var. 

Şuşa! Heç görmədiyim, amma həsrətini daim çəkdiyim, aşiq olduğum, hər gün səni görmək arzusuyla tutuşub yananımsan.   

Torpağına canım qurban, Şuşa! Sənə ayaq basanlar yazır ki, Şuşa – şəhid övladlarının gözündən axan yaş kimi saf, təmiz qalmalıdır. Şuşa anadır, əllərindən öpəsən... Şuşa atadır, bərk-bərk qucaqlayıb əlinlə kürəyinə vurasan. Şuşa şəhid qanıdır, Şuşa şəhidin cibində tapılan körpənin fotosudur. Şuşa bu həyatda müqəddəs hər nə varsa, bax odur!

Əziz Şuşam! Övladların gör səni necə vəsf edir? Bəxtəvərsən, Şuşam! Səni bu qədər yaxından görməyin xoşbəxtliyini yaşayıram. Çünki Qarabağın vüqarı səndə cəmləşib. Şuşa, səninlə görüşümüz qısa oldu. Mən səni görməyə tez-tez gələcəyəm. Xankəndi yolundakı mübarizəmizi də qürurla izlədiyinə əminəm. Arxayın ol, karvan bizik, yol isə uzundur. Bu yolumuz Naxçıvandan sənə yol açacaq. Vətəndən Vətənə yol açacaq. “Dəmir yumruq” yerindədir və siyasi arenada haqq mübarizəmiz davam edir. Bu, əsl milli mücadilədir. Biz haqq yolunda mücadilə aparırıq. Bu mücadilə həm də Bakıya yol açacaq. Zəngəzur dəhlizini açacaq. Biz Naxçıvandan avtomobilimizə oturub səni görməyə gələcəyik, əziz Şuşa!!! Biz blokadanı yaracağıq. İllərlə bu blokadanın yarılmaması üçün canla-başla əllərindən gələni etməyə çalışan ermənilərə rəğmən.  

Hələlik, Şuşa!

Sara Əzimova

Naxçıvan-Bakı-Şuşa-Bakı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: