NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın coğrafi baxımdan yüksək dağlıq ərazisində yerləşən Ordubad rayonunda nəqliyyat infrastrukturu diqqət mərkəzində saxlanılır. Son illər yenilənən və müasir şərait yaradılan yolların rahatlığı yük və sərnişin daşımada problemləri tam həll edib. Ən ucqar kəndlərə qədər uzanan rahat və təhlükəsiz avtomobil yolları buradakı həyatı da canlandırıb. Artıq Nəsirvaz, Nürgüt, Ələhi, Xurs, Tivi, Parağa, Biləv, Pəzməri, Unus, Kələki, Məzrə, Üstüpü, Çənnəb və sairə dağ kəndlərinə hər gün tərtib edilmiş qrafikə uyğun olaraq marşrut xətləri işləyir.
Ordubad Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2018-ci ilin ötən ayları ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 977 min 300 ton yük, 5 milyon 930 min 200 nəfər sərnişin daşınıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,2 faiz, sərnişin daşınması 1,8 faiz artıb.
“El həyatı”