İsrail səfiri Naxçıvanda bir sıra müəssisələrdə olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav Naxçıvana səfəri çərçivəsində istehsal müəssisələri və mədəniyyət abidələri ilə tanış olub.
Səfər proqramı zəngin olan Dan Stav Babək rayonundakı heyvandarlıq kompleksini gəzib. Sonra isə Şərur rayonunda yerləşən Arpaçay Su Elektrik Stansiyası ilə tanış olub. Burada məlumat verilib ki, gücü 20,5 meqavat olan Su Elektrik Stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Səfir Arpaçay üzərindəki 1,4 meqavatlıq ikinci stansiyaya da baxıb.
Günün ikinci yarısında diplomat Kəngərli rayonunun Qarabağlar kəndindəki balıq yetişdirmə təsərrüfatında olub və qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb.
İsrailin ölkəmizdəki səfiri son olaraq Qarabağlar Türbə Kompleksini ziyarət edib. Kompleksin xanəgah hissəsindəki təndirlər və Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və sonra çəkilmiş fotoşəkilləri diplomatın marağına səbəb olub.
Gülməmməd Əliyev