Cəhri qəsəbə sakinindən nümunəvi addım - VİDEO
Dağətəyi və quraq ərazidə yerləşən Babək rayonunun Cəhri qəsəbəsi tarixən içməli su təminatından əziyyət çəkib. Havaların quraq və isti keçməsi isə bu çətinliyi daha da artırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2022-2023-cü tədris ili başlayandan etibarən su sarıdan əziyyət çəkən Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbin kollektivinin bu problemi artıq həll edilib. Qəsəbə sakini, xaricdə yaşayan iş adamı Bəhruz Məmmədov şəxsi vəsaiti hesabına təhsil ocağının içməli su ilə təminatının yaxşılaşdırılması üçün artezian quyusu qazdırıb.
50 metr dərinliyində qazılan artezian quyusuna 4 min manat vəsait sərf olunub.
Bundan əvvəl də Bəhruz Məmmədov tərəfindən qəsəbə ərazisində bir neçə yerdə bu cür quyular qazılıb və sakinlər də hazırda həmin quyuların suyundan istifadə edirlər. Qəsəbənin digər iş adamları da bu cür xeyirxah təşəbbüslərə qoşularaq içməli su çatışmazlığı olan bir neçə məhəllədə də artezian quyuları qazdırmaq niyyətindədirlər.
Məlumat üçün bildirək ki, sakinlər, eləcə də iş adamları bundan əvvəl öz vəsaitləri hesabına qəsəbədə 2 müasir mərasim evi də tikdiriblər.
Orxan Əzimov