NTV əməkdaşlarından vacib araşdırma - VİDEO
Yollarda qəzalara səbəb olan əsas amillər
Son dövrlərdə müşahidə olunan və piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzalarının əksəriyyəti gecə saatlarında baş verir. İstər sürücülər, istərsə də piyadalar bunun əsas səbəbini şəhərimizdə yolların düzgün işıqlandırılmamasında görürlər. Naxçıvan televiziyasının əməkdaşları məsələni araşdırıb.
Son dövrlər muxtar respublikada yollarda avtomobillərin və piyadaların təhlükəsiz hərəkəti üçün müəyyən işlər görülür. Lakin günün qaranlıq saatlarında heç də piyadaların təhlükəsiz hərəkətindən danışmaq mümkün deyil. Sakinlər, xüsusilə də sürücülər şəhərin küçə və prospektlərinin işıqlandırma vəziyyətindən şikayət edirlər. Gecə saatlarında işıqların, necə deyərlər, közərməsi yollarda, xüsusilə piyada keçidlərində piyadalar üçün təhlükə mənbəyi olaraq qalır. Sürücülər bildirir ki, bir çox hallarda yolda piyada zolağının olduğunu təhlükəsiz məsafədən seçmək mümkün olmur.
Sosial şəbəkə hesablarında yol-nəqliyyat hadisələri ilə bağlı yayılan paylaşımlara da nəzər saldıqda sakinlərin işıqlandırma ilə bağlı şikayətlərinə rast gəlməmək mümkün deyil. Naxçıvan televiziyasının çəkiliş apardığı zaman müəyyən edilib ki, şəhərimizin bir çox yerində yol kənarlarında işıqlandırma dirəklərində nasazlıqlar mövcuddur və hələ də aradan qaldırılmayıb. Əksər işıq lampalarının vaxtlı-vaxtında təmizlənməməsi də lazımi səviyyədə işıqlandırılmanın qarşısını alan problemlərdəndir. Üstəlik, şəhərimizin bəzi yerlərində çəkilən piyada keçidlərindən, demək olar ki, əsər-əlamət qalmayıb. Bəzi yollarda piyada keçidləri silinərək görünməyəcək vəziyyətə düşüb.
Nəticədə qəza və piyada ölümləri qaçılmaz olur. Buna görə də şəhərimizin küçə və prospektlərinin işıqlandırılma vəziyyətini mütləq qaydada bir daha nəzərdən keçirməyə və əvvəlki illərdə buraxılmış səhvləri aradan qaldırmağa ehtiyac var. Bu məsələ “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Tələb budur ki, görünmə məhdudiyyəti olan şəraitdə müvafiq qaydada işıqlandırılma olmalıdır.
Qeyd edək ki, piyada keçidi yolu təhlükəsiz şəkildə keçmək üçün nəzərdə tutulan hissədir. Birinci növbədə, həmin ərazi kifayət qədər işıqlandırılmalıdır ki, insanlar orada piyada keçidi olduğunu görsünlər. Piyada təhlükəsizliyinin qızıl prinsipi isə piyadanı sürücü üçün görünən etməkdir. Bunun da ən yaxşı yolu qaranlıq vaxtı yolları standartlara uyğun işıqlandırmaq və müvafiq yol nişanlarının və xətlərinin, eləcə də hərəkətdə olan piyadaların tələb olunan məsafədən görünməsini təmin etməkdir.
NTV əməkdaşları məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət etsə də, nədənsə məlumat verməkdən imtina ediblər. Bəlkə də onlar bu qədər baş verən qəzaların hələ də fərqində deyillər. Hər halda sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Naxçıvan televiziyasının məsələni işıqlandırması onları bir daha düşünməyə vadar edər. Əgər düşünsələr, araşdırılan bir neçə məsələ onların diqqətinə çatdırılar. Şəhərimizdə yol kənarlarında quraşdırılan közərmə lampaları volframlı olduğundan çox böyük enerji istehlak edir. Nəticədə, həm böyük enerji sərf olunur, həm də işıqlandırma çox zəif olur. Halbuki, dünyanın bir çox ölkəsi şəhərlərin işıqlandırılmasında artıq qənaətcil led lampalardan istifadə edir. Bu isə az enerji hesabına yüksək nəticə deməkdir. Bununla yanaşı, bir sıra şəhərlərdə elektrik dirəkləri xüsusi günəş panelləri ilə təchiz olunduğundan enerji israflığı məsələsi də minimum həddə çatdırılıb. Hər halda durmadan inkişaf edən dünya təcrübəsindən yararlanmaqda da fayda var.
Mahmud Hüseynov