Bu gün Naxçıvanda torpaq çərşənbəsidir

Boz ayın ikinci çərşənbəsi Torpaq çərşənbəsidir.

A- A A+

Xalqımız əsrlər boyu yaddaşında hifz etdiyi və bu günümüzəcən keçirdiyi mərasimlərin, adət-ənənələrin təqvim mərasimlərimizdə özünəməxsus yeri vardır. Suyun donunun açılması ilə torpağa bir dirilik gəlir. Su nə qədər aydınlıqdırsa, torpaq da bir o qədər insanın ruzi mənbəyini, bərəkətini təmin edəndir. Bu mənada əcdadlarımız donu açılan su ilə torpağa həyat verməyə çalışıb. Beləliklə də Torpaq çərşənbəsindən sonra Naxçıvan Muxtar Respublikasının demək olar ki, əksər bölgələrində şum və əkin işlərinə başlanılmışdır.

Folklor yaddaşımızda insanın yaradılışının dörd mərəhlədə həyata keçirildiyi düşüncəsinə rast gəlirik. Yaradan əvvəlcə suyu götürdü, onu torpaqla qarışdıraraq bir insan modeli hazırladı, sonra ona ruh (nəfəs-hava-yel) verdi, ən sonda isə onu istiliklə təmin etdi (Günəş sistemində müəyyən bir məkanda məskunlaşdırdı). Beləliklə, İlahi tərəfindən həyata keçirilən yaradılış ardıcıllığı çərşənbələrdə qeyd olunaraq yaradana minnətdarlıq hissi kimi ortaya çıxdı.

Ən qədim türk dastanı olan “Yaradılış” dastanında da bu ardıcıllıqla qarşılaşırıq. Bildiyimiz kimi “Yaradılış” dastanı dünyanın yaranmasından bəhs edən ilk dastan nümunəsi kimi seçilir. Bu dastanda deyilir ki,  başlanğıcda hər yer sularla örtülü idi. Tanrı Ülgən quşa dönərək suların (SU) üstü ilə uçurdu. Qonmağa bir yer tapmır və bu zaman göydən gələn səs ona Suyun içindən çıxan bir daşa – torpağa (TORPAQ) qonmasını söyləyər. Ülgən bu daşa qonandan sonra yerin və göyün yaradılmasını düşünür. Bunu necə edəcəyini bilmir. Bu vaxt suların içindən dişi ruh (Ruh-Nəfəs-Yel) Ağ Ana Ülgənə yaradılışı necə həyata keçirməyi izah edir. O da özünə bənzəyən bir kişini ODU yaradır.

Qədim Şumеr əfsanələrinə görə öncə tanrılar mоvcud idi, bütün dünya isə dərin sularla örtülmüşdü. Tanrıça Namu dərin sulardan palçıq götürüb оna özlərinə оxşar şəkildə fоrma vеrir, sоnra nəfəs püləyir. Burda da su çəkiləndən sonra torpaq götürülməsi faktına rast gəlirik. Demək, sudan sonra torpaq, sonra isə nəfəs püləyir. Yəni külək yel, sonra isə od-istilik. İstilik olmazsa, həyat yaşayış olmaz. Оxşar inama Altay türklərində Ülgеnin insanı yaratması mоtivində rast gəlirik.

Tədqiqatçı Gülxani Pənah “Yaradılış, həyat və idrak fəlsəfəsi – Novruz - Yenigün” kitabında yazır: “Torpaq Sudan sonra dünyanın yaranmasında “ikinci maddi başlanğıc”, qədim düşüncələrdə yaradıcı keyfiyyətləri ilə yaşayır. Torpaq yaranmaqla Yer kürəsi formalaşmış olur, canlı varlıqların yaranmasına zəmin yaranır”.

Naxçıvanda isə Torpaq çərşənbəsinin xüsusi bir məqamla əlaqələndirilməsi özünü daha qabarıq büruzə verir. Bəşəriyyətin ikinci atası Nuh Peyğəmbərin quruya çıxması, yenidən canlıların münbit yaşayış şəraiti ilə təmin olunması prosesinin ardıcıllığı da Naxçıvanda çərşənbələrin qeyd olunma ardıcıllığını özündə əks etdirir. Mənbələrdə qeyd olunur ki, Nuh Peyğəmbərin hazırladığı gəmi suyun üzərində idi. Dünyanın hər tərəfini su almışdı. Su çəkildikdə Gəmi qayaya toxunur, torpağa oturur. İnsanlar, canlılar torpağa ayaq basır. Beləliklə də insanın mifik düşüncəsində su-torpaq ardıcıllığı böyük məna daşımağa başlayır. Nuhun gəmisi yüksək bir ərazidə, bir dağın zirvəsində ilk olaraq Torpaqla – Yerlə təmas edir.

Qeyd olunanlar bir daha göstərir ki, ulularımız sudan sonra torpağı müqəddəs bilmiş və su çərşəmbəsindən sonra torpaq çərşəmbəsini qeyd etmişlər. Qeyd edirik ki, Boz ayın ikinci çərşənbəsi “Torpaq çərşənbə”sidir. Buna xalq arasında bəzən “Üsgü çərşənbə”, “İkinci çərşənbə”, “Xəbər çərşənbə” də deyilir. Bundan əlavə bu çərşənbəyə həm də külə çərşənbə deyilmişdir. Yəni  bu çərşənbə tam deyil, yarımçıqdır, yəni külədir.

Bu çərşənbədə torpaq oyanır və artıq əkinə hazır olduğunu göstərir. Torpaqdan otlar baş qaldırır. El arasıda deyərlər ki, “Cəmrə torpağa düşür”. Torpaqdan buxar qalxır, deməli torpaq isinmişdir. Yaz əkininə başlamaq olar. Xüsusən, yazlıq arpa yavaş-yavaş əkilməlidir. Xalq arasında olan inama görə, bolluq, bərəkət rəmzi olaraq “Torpaq çərşənbə”sində torpağa buğdadan toxum qoyulmalıdır. Evlərdə səməni elə bu çərşənbədən qoyulmalıdır ki, axır çərşənbəyə hazır olsun.

Torpaq insanları yaşayış üçün zəruri olan qida ilə təmin edən real həyati varlıqdır. Torpaq deyər öldür məni, dirildim səni. Bu tipli saysız-hesabsız folklor örnəklərimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğu dayanır.

Bütün bunlar torpağın real həyatla, gündəlik məişətimizlə bağlı olduğunu göstərən amillərdir. Qədim dövrdən günümüzədək torpaqla bağlı el arasında müxtəlif deyimlər, atalar sözləri və məsəllər olubdur: Torpağa xor baxsan, o, sənə kor baxar, Torpağın sirrini əli torpaqda olanlar bilər, Torpağa əyilən namərdə əyilməz, Torpaqla çəlləşən, xoşbəxtliklə əlləşər, Qışın qar suyu, torpağın bar suyu, Torpaqda sirr də var, dürr də və s.

Ümumiyyətlə, Torpaq çərşənbəsindən etibarən suyun həyat verdiyi torpaq canlanır və o, bol ruzi-bərəkət mənbəyi kimi insanların öhdəsinə verilir. Ataların dediyi kimi, “Torpaq ovuclayan qızıl ovuclayar”. Bu çərşənbədən etibarən xalq, insanlar “qızıl” ovuclayarlar ki, torpağın dediyi kimi “Sən mənə tər ver, mən sənə zər verim” atalar sözündəki zəri əldə etsinlər. Bir də ki, axı bu da ataların sınanmış kəlamıdır: Torpağın qarası üz ağardar.

Siz də torpağa əyilin ki, üzünüz ağarsın. Torpaq çərşəmbəniz mübarək olsun.

Elxan YURDOĞLU,

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat

İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri,

filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: