NTV araşdırıb tənqid etdi, məsələ öz həllini tapdı - VİDEO
Muxtar respublika ərazisində fəaliyyət göstərən ödəniş terminallarında elektrik və təbii qaz ödənişlərinin mümkün olmaması istehlakçıları çətinlik qarşısında qoyurdu. İzləyicilərin müraciəti əsasında əməkdaşlarımız məsələni araşdırıb mövcud vəziyyətlə bağlı videomaterial təqdim etmişdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan televiziyasının tənqidi çıxışından sonra aid qurumlar sakinlərin narazılığına səbəb olan həmin problemləri aradan qaldırır.
Qeyd edək ki, ödəniş terminallarından digər ödənişlər etmək mümkün olsa da, öncədən ödənişli elektrik və təbii qaz smart kartlarını yükləmək mümkün olmurdu. Bu isə abunəçilər üçün artıq vaxt itkisi, müəyyən çətinliklər yaradırdı. Əməkdaşlarımız məsələni araşdırdıqdan sonra sözügedən problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.
NTV-nin apardığı çəkilişlər zamanı məlum oldu ki, şəhərimizdəki ödəniş terminalları vasitəsilə öncədən ödənişli elektrik kartlarını yükləmək mümkündür. Lakin mavi yanacağa görə ödənişlər hələ də mümkün deyil. Məsələ ilə bağlı yenidən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə müraciət edilib və energetika xidmətinə aid ödənişlərin terminallara yenidən inteqrasiya olunduğunu, təbii qazdan istifadəyə görə ödənişlərlə bağlı isə işlərin davam etdirildiyini və qısa zamanda öz həllini tapacağını bildiriblər.
Görünən odur ki, ictimaiyyəti narahat edən bu cür problemlərin həlli əslində mümkündür və o qədər də çətin deyilmiş. Naxçıvan televiziyası məsələyə yenidən qayıdacaq, təbii qaz ödənişləri ilə bağlı problemin də aradan qaldırılması məsələsini gündəmdə saxlayacaqdır.
Yunis Allahverdiyev