Naxçıvanda sakinlər internetin qiyməti və sürətindən niyə narazıdır - NTV-nin ARAŞDIRMASI - VİDEO

A- A A+

Günümüzdə internet cəmiyyət həyatının ən mühüm ehtiyaclarından biridir. Naxçıvanda isə insanları narahat edən məsələlərdən biri də internetdən istifadə ilə bağlıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan televiziyasının əməkdaşları aktuallığını nəzərə alaraq mövzunu araşdırıb.

İllərdir ki, Naxçıvan televiziyasına istər birbaşa müraciət edən, istərsə də televiziyanın sosial şəbəkə hesablarında fikir bildirən çoxsaylı tamaşaçılarımız muxtar respublikada mövcud provayderin təqdim etdiyi genişzolaqlı internetin sürəti və qiymətləri barədə narazılıqlarını bildirirlər. Bu barədə bir neçə dəfə efirə süjetlər təqdim edilsə də, problemin tam həllini tapmadığının şahidi oluruq. Elə əhali arasında aparılan sorğuda da bu sahədəki problem yekdilliklə dilə gətirildi.

Məsələn, dünən efirdə və sosial şəbəkə hesablarımızda “Yollarda qəzalara səbəb olan amillər” başlıqlı videoya şərh yazanlar arasında internetdən gileylənənlər az deyildi. 

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin texniki mütəxəssisləri ilə birlikdə bir neçə ofis və mənzillərdə xüsusi cihazlarla internet verilişi test edildi. Məlum oldu ki, həqiqətən də, mənzillərdə istifadə olunan internet tariflərində, xüsusilə ən çox istifadə olunan genişzolaqlı ADSL, yəni Asimmetrik Rəqəmsal Abunəçi Xətlərində keyfiyyət çox aşağıdır. Məsələn, əgər istifadəçi müqavilədə nəzərdə tutulan 20 manatlıq 4 Mbit/s həcmində internetin ən yaxşı halda sadəcə 2 Mbit/s-ni əldə edir. Bəzi ünvanlarda isə bu sürət hətta 1 Mbit/s-yə belə çatmır. Bir sıra hallarda isə internet verilişində qırılmalar müşahidə edilir.

Reallıq budur ki, muxtar respublikanın bütün yaşayış məntəqələri, hətta ən ucqar kəndlər belə müasir ATS və digər informasiya-kommunikasiya avadanlıqları ilə təchiz edilib, genişzolaqlı və fiberoptik internet xətləri çəkilib. Naxçıvana həm əsas, həm də ehtiyat kanallardan kifayət qədər internet daxil olur. Bəs internetin bu qədər keyfiyyətsiz olmasının səbəbi nələrdir?

İnternet qiymətlərinə gəlincə... Naxçıvanda istifadəçilərə xidmət göstərən “Nakhinternet” provayderinin 20 manata təklif etdiyi 4  Mbit/s internet tarifini ölkənin digər provayderləri 12-13 manata təklif edirlər. Naxçıvanda isə bu qiymətə sadəcə 1 meqabit internet verilir. Təbii ki, bunun bir səbəbi də ölkəmizdə fəaliyyət göstərən digər alternativ provayderlərin Naxçıvanda fəaliyyətinin təmin olunmamasıdır. Nəticədə istifadəçilər ödədikləri vəsaitin müqabilində ehtiyaclarına uyğun internet tarifi əldə edə bilmədiklərinə görə mobil internetdən istifadəyə məcbur olurlar. Təbii ki, bu da əlavə xərc deməkdir. 

Sakinlərin dediyinə görə, internetlə bağlı problemlər bununla da bitmir. Digər bir məsələ isə internetə qoşulmaq istəyən yeni abunəçilərin aylarla növbəyə durmasıdır.

Məsələ ilə bağlı Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları dəvət olunaraq problem yerində araşdırılıb və NTV-nin internet problemi həll edilib. Artıq ötən gündən etibarən ödənilən xidməthaqqına uyğun olaraq televiziyanın tələb olunan sürətli internetə çıxışı təmin olunub.

İnanırıq ki, Naxçıvan televiziyasının internetin qiyməti və keyfiyyəti ilə bağlı ictimailəşdirdiyi bu videomaterialdan sonra sakinlərin də internetlə bağlı problemləri öz həllini tapacaq. Hər halda məsələyə yenidən qayıdılacaq.

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: