Kolanının “Çin səddi” söküldü, həyətlərə giriş qapıları açıldı - VİDEO

A- A A+

Şahbuz rayonunun səfalı turizm obyektlərinə yəqin ki, hər birinizin yolu düşüb. Həmin yolu qət edərkən rayonun Kolanı kəndi xüsusi diqqətinizi cəlb etməmiş olmazdı. Hansı ki, bu kənd yol boyunca başdan-başa Böyük Çin Səddini xatırladan 2 kilometrlik hasarla əhatələnmişdi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, illər uzunu sakinlərin rahatlığını əlindən alan həmin hasar artıq sökülərək həyətlərə giriş qapıları açılır.

Naxçıvan-Batabat avtomobil yolunun kənarında yerləşən Kolanıya daxil olar-olmaz “Böyük Çin Səddi”ni və ya “Berlin hasarı”nı görürdük. Çünki kəndi yol boyunca 2 kilometr uzunluğunda hündür bir hasar əhatə edirdi. Sakinlər magistral yola çıxmaq və ya qonum-qonşuya getmək üçün kilometrlərlə məsafə qət edir, əlavə vaxt və enerji itirirdilər.  

1600-dən artıq əhalinin yaşadığı Kolanı kəndinin sakinləri bildirirlər ki, 10 ilə yaxın müddətdir, evlərinin qarşısına hasar çəkilib. Nəticədə yüzə yaxın evin kəndin əsas yolu ilə əlaqəsi tamam kəsilmişdi. Sakinlər naəlac qalıb ya uzun yol qət edib hasarın o başına qədər getməli, ya da kimin fərasəti varsa, hasardan hansısa yolla aşmalı idi.  Xüsusilə yaşlı kənd sakinləri üçün bu hal daha böyük çətinlik törədirdi. İllər uzunu bununla bağlı aidiyyəti qurumlara şikayət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.

Artıq hasarın sökülərək giriş qapıları açılır.

Qeyd edək ki, ölkəmizdə tikinti-quruculuq işləri prioritet istiqamət kimi diqqətdə saxlanılır və bu işlərə xeyli vəsait ayrılır. Məqsəd isə əhalinin rahatlığını təmin etmək, məskunlaşmanı artırmaqdır. Kolanı kəndini iki hissəyə bölən bu hasarın tikilməsinə on minlərlə manat vəsait ayrılması isə əksinə, izafi xərclərə yol verilməsinə, sakinlərin rahatlığının pozulmasına yol açmaqdan başqa heç bir işə yaramayıb. Bir də görünür ki, kimlərinsə tikinti işbazlığından yaxşı qazanc əldə etməsi üçün vasitəyə çevrilib.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: