Şəhid atasını narahat edən nədir - VİDEO

A- A A+

NTV tərəfindən hazırlanan videomaterialda Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Fərmin Əliyevin atası Fərman Əliyevin şəxsi nümunəsini təqdim edəcəyik. Babək rayonunun Şıxmahmud kəndində yaşayan Fərman Əliyevi şəhidlərimizin müqəddəs adından sui-istifadə edilməsi çox narahat edir. Onun fikrincə, şəhidlərimizə göstərəcəyimiz ən böyük hörmət və ehtiram onların qanı bahasına qoruduğu vətənin hər qarışını sevmək, təmiz və abad saxlamaqdır.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının qonağı olan şəhid atasının fikirlərini təqdim edir.

Sürücülüklə məşğul olan sadə kənd adamı bəzi diplomu olanlardan dünyagörüşlü və ziyalı olması ilə daha çox qəlbimizdə yer tapdı. Təvazökarlıq edərək müsahibədə səsləndirməsə də, səmimi söhbəti zamanı dedi ki, bəzi valideynlərin şəhid adından sui-istifadəsi, dövlətdən yerli-yersiz maddi tələbləri onu bir şəhid ailəsi kimi narahat edir.

Nümunəvi ziyalı kimi çıxış edən Fərman kişi deyir ki, məni narahat edən digər bir məqam isə şəhidlərin fotolarının hara gəldi vurulmasıdır: "Müqəddəs zirvəyə yüksələn bu cür oğulların fotolarını yol kənarlarına, avtomobillərin üzərinə küləyin, toz torpağın qabağına döşəyirlər. Şəhidlərin yeri yol kənarı deyil, ilahi dərgahı, hər birimizin qəlbindədir".

O vurğuladı ki, şəhid adına əsl hörmət və ehtiram onun qanı, canı bahasına qoruduğu vətənin hər qarışını qorumaqdır. Vətəni qorumaq isə təkcə əldə silah səngərdə durmaq deyil. Vətəni sevmək, qorumaq həm də yaşadığımız şəhərləri, kəndləri təmiz və abad saxlamaqdır: "Bir də gileyim kəndləri, küçələri tullantı yerinə çevirənlərdəndi".

Xatırladaq ki, bir neçə gün əvvəl Fərman Əliyevin yaşadığı kənddən bir neçə sakin NTV-yə müraciət edərək Şıxmahmudda məişət tullantılarının vaxtında götürülməməsi ilə bağlı şikayətlərini bildiriblər. Televiziyanın əməkdaşları sakinlərin üzləşdiyi problemləri araşdırıb və işıqlandırmışdı. Fərman kişi bu məsələyə kənd sakinlərinin də kifayət qədər məsuliyyətsiz yanaşdığını bildirdi.

Nümunəvi şəhid atası Naxçıvan televiziyasından belə vacib mövzularda maarifçilik işini gücləndirməyi xahiş etdi. Səmimi, belə gözəl insanlara hamımızın ehtiyacı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: