Ümumdünya Meteorologiya Təşkilatı: Son 8 il Yer kürəsində müşahidələrin tarixi ərzində ən isti illər olub
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, son 8 il Yer kürəsində müşahidələrin tarixi ərzində ən isti illər olub. Bunu temperatur göstəricilərinin altı aparıcı beynəlxalq bazada aparılan ölçmələrin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən ümumiləşdirilən nəticələri sübut edir.
2022-ci ildə orta qlobal temperatur sənayeləşmədən əvvəlki dövrdəki (1850-1900) səviyyədən təqribən 1,15 Selsi dərəcə yüksək olub. 2022-ci il ardıcıl 8-ci il olub ki, illik qlobal temperatur bu göstəricini Selsi şkalası üzrə azı 1 dərəcə üstələyib. Paris Sazişinə əsasən müəyyən edilən 1,5 Selsi dərəcə həddinin keçilməsi ehtimalı daha da artıb.
La-Ninya soyuq hava axınının iqlimə təsiri sayəsində 2022-ci il tarixdə ən isti ilə çevrilmədi, siyahıda 5-ci və ya 6-cı yerdə olub. Lakin ekspertlər qeyd edirlər ki, soyuducu təsir qısamüddətli olacaq və atmosferin tərkibində istixana qazlarının rekord səviyyədə olması nəticəsində yaranan istiləşməyə uzunmüddətli tendensiyanın qarşısını ala bilməyəcək.
ÜMT-nin Baş katibi, professor Petteri Taalas deyib: “Biz 2022-ci ildə çoxsaylı insan həyatına son qoyan, milyonlarla insanı yaşayış yerindən məhrum edən, ərzaq və enerji təhlükəsizliyini sarsıdan, eləcə də infrastrukturu dağıdan bir sıra faciəli hava kataklizmləri ilə qarşılaşmışıq. Pakistanda böyük ərazilərin su altında qalması insan tələfatı və iri iqtisadi itkilərlə nəticələnib. Çində, Avropada, Şimali və Cənubi Amerikada rekord dərəcədə güclü istilik dalğaları müşahidə olunub. Şərqi Afrika ölkələrində davam edən quraqlıq humanitar fəlakət təhlükəsi daşıyır”.
Gözlənildiyinə görə, atmosferin tərkibində istixana qazlarının rekord səviyyədə olması səbəbindən qlobal istiləşmə və iqlim dəyişikliklərinin digər uzunmüddətli tendensiyaları davam edəcək.