Nicat Babayev Babək rayonunda sakinlərlə görüşüb, müraciətlər dinlənilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yanvarın 11-dən etibarən ardıcıl olaraq üç gün ərzində Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev Babək şəhərində və Nehrəm qəsəbəsində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
Görüşdə ümumilikdə 113 rayon sakininin müraciətinə baxılıb. Yerində həll edilməsi mümkün olan müraciətlər həllini tapıb. Belə ki, 5 nəfərin işlə təmin edilməsi, 9 nəfərin isə özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı müvafiq işlərə başlanılıb.
Bununla yanaşı, 3 sağlamlıq imkanları məhdud şəxsə birdəfəlik maddi yardım verilməsi, 5 nəfərə isə ünvanlı dövlət sosial yardımı təyin edilməsi məqsədilə müvafiq sənədlərin Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmələri izah olunub.
Ümumilikdə 24 nəfərin müraciəti yerində təmin edilib. Digər müraciətlərin isə qanunamüvafiq araşdırılmasına dair aidiyyəti üzrə tapşırıqlar verilib.