Viran qoyulmuş “Qəhrəmanlı-S” - NTV-nin araşdırması - VİDEO

A- A A+

İndi sizi böyük istehsal gücünə malik olan bir müəssisə ilə tanış edəcəyik. Daha doğrusu, müəssisənin xarabalığı xatırladan qalıqları ilə. 13 il öncə fəaliyyətini dayandırmağa məcbur edilən sahibkar Sədrəddin Qəhrəmanlı hüquqlarının tapdalandığını iddia edir.  

İlk baxışdan cəngəlliyi xatırladan bu geniş ərazi 13 il öncəyə qədər böyük bir istehsal müəssisəsi idi.

Babək rayonunun Şəkərabad kəndi ərazisində yerləşən “Qəhrəmanlı S” müəssisəsi 2010-cu ildə məhkəmə qərarı ilə möhürlənərək fəaliyyəti dayandırılıb. Müəssisənin sahibkarı Sədrəddin Qəhrəmanlı 13 il sonra möhürü qopararaq yenidən öz mülkiyyətində olan əraziyə daxil olur. Lakin ərazidə müəssisədən əsər-əlamət qalmayıb.

Sahibkar iddia edir ki, onun mülkiyyətində olan 1700 kvadratmetrə yaxın bu obyekt əvvəlki iqtisadiyyat naziri Famil Seyidovun (F.Seyidovun məsələ ilə bağlı mövqeyini təqdim etməyə hazırıq) göstərişi ilə əlindən alınaraq fəaliyyətinə icazə verilməyib. Buna səbəb gəlirin 20 faizinin ondan tələb etmələri ilə razılaşmamasıdır.

Müəssisədə yüz minlərlə qiyməti olan Türkiyə istehsalı avadanlıqlar quraşdırılıb. Lakin 13 il müddət ərzində baxımsız və nəzarətsiz qalan müəssisədə avadanlıqların bir çox hissəsi oğurlanaraq yararsız hala düşüb.

Gündəlik 7 tona yaxın tomat pastası istehsal edən müəssisədə bir neçə adda müxtəlif meyvə şirələri istehsal edilirdi.

20-yə yaxın işçinin çalışdığı müəssisədə onlardan geriyə qalan geyim formaları və əmək müqavilələrini izlədikcə Sədrəddin müəllim duyğularına hakim ola bilmədi. O qeyd etdi ki, 2010-cu ildə yenidən kredit götürərək müəssisənin imkanlarını genişləndirməyi planlaşdırsa da, süni şəkildə fəaliyyətinə imkan verilməməsi səbəbindən əlavə tikililər də yarımçıq qalıb.

Onun kimi yüzlərlə sahibkarın bu cür təzyiqlərə məruz qaldığını iddia edən Sədrəddin Qəhrəmanlı onu da bildirir ki, Culfa rayonunun Gülüstan kəndində fəaliyyət göstərən digər müəssisə də ona məxsus olub. “Gülüstan” əmtəə nişanı ilə meyvə şirələri istehsal edən həmin müəssisə də heç bir əsas olmadan onun əlindən alınıb. Nədi ki, bu cür məhsulların istehsalını öz əlində cəmləyən “Badamlı” bazarda tək olsun, heç kəs onu sıxışdıra bilməsin.

Ötən illərdə hüququnun tapdanması ucbatından çətin vəziyyətə düşən və sağlamlığını itirən Sədrəddin Qəhrəmanlının tək gözləntisi isə odur ki, onun kimi təzyiqlərə məruz qalan sahibkarların hüququ bərpa olunsun. O, Naxçıvanda Prezidentimizin yaratdığı səlahiyyətli nümayəndəlik institutunun Naxçıvanda azad sahibkarlıq mühitinin yaradılması istiqamətində ilkin fəaliyyətini də təqdir etdi. Gömrük və təhlükəsizlik orqanlarındakı dəyişikliklər və işlərin yeni tələblər səviyyəsində qurulması da sahibkarların incidilməsinin qarşısını xeyli alıb. Bildirdi ki, sahibkar və vətəndaşlarla görüşlər, onların illərdir yığılıb qalmış problemlərinin həlli istiqamətindəki işlər bütün sahibkarlarda gələcəyə inam yaradır.

Röyal Məmiyev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: