Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan çox haqlı olaraq bəşər mədəniyyətinin və mənəviyyatının beşiyi hesab olunur. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı da öz zəngin keçmişi, mədəniyyəti və tarixi abidələri ilə seçilir. Bu tarixi abidələrin bir qismini müqəddəs ziyarətgahlar, o cümlədən pirlər təşkil edir. Muxtar respublikamızda mövcud olan dini ziyarətgahların, o cümlədən haqqında danışacağımız rayonumuzun Qarabağlar kəndində yerləşən müqəddəs inam yerlərinin tarixi İslam və ondan əvvəlki dövrlərlə bağlıdır. Lap qədim zamanlardan başlayaraq, orta əsrləri arxada qoyan, bu günümüzə gəlib çatmış müqəddəs inam yerləri Qarabağlarda çoxdur və onlar vaxtilə cəmiyyətin dini-ideoloji, sosial-siyasi və ziyarətgah mərkəzi rolunu oynayıb. Qarabağlar həmişə orta əsrlərin bir çox məşhur səyyahlarının əsərlərində öz gözəl iqlimi, əhalisi, tarixi abidələri ilə tərənnüm olunub. Qarabağlardakı müqəddəs inam yerlərinin bir qismi insanların qədim inamları, türkçülüklə, bir qismi isə islam dini ilə bağlıdır.
Qarabağlar kəndinin Qərbində yerləşən “Yulğunlu” adlanan ərazi çox qədim zamanlarda insanların sitayiş yeri olmuşdur. Həmin ərazidə yulğun kolları bitdiyi üçün bura yerli əhali tərəfindən "Yulğunlu" adlandırılıb. Ümumiyyətlə, yulğun qədim türklərdə inam mənbəyi olub, onun yarpaqları müqəddəs sayılırdı. Qədim zamanlarda bu bitkidən dərman kimi də istifadə olunub. Əfsanəyə görə bir zamanlar həmin ərazidəki yulğun kolları arasında işıq-nur görülüb. Bu hadisədən sonra Yulğunlu xalq arasında inam yerinə çevrilib.
Kənddəki inam yerlərindən biri olan Qarabağlar imamzadəsi “Ocaq dibi” adlı qəbiristanlıqda yerləşir. Yaşlı adamların dediyinə görə əvvəllər burada yalnız üç qəbir və onların üstündə tikilən binalar varmış. Yalnız çox sonralar bu tikililərin yanında ölüləri dəfn ediblər. Qarabağlardakı imam övladlarına məxsus məqbərələr 3 ənənəvi milli memarlıq nümunəsi olan tikilidə cəmlənib. Birinci qəbir XIII əsrdə yaşamış İslam övliyası Seyid Əhdi Qarabağlariyə aiddir. Bu şəxs İmam Museyi Kazımın övladlarından biridir. Tarixi mənbələrdən də məlum olduğu kimi, İmam Museyi Kazım zəhərlənib öldürüldükdən sonra onun övladları, yaxınları təqib və təzyiqlərdən qaçaraq Azərbaycana, xüsusilə Naxçıvana pənah gətirmişlər. Onun qulamları ilə qaçan həddi-büluğa çatmamış xələfləri Qarabağlarda dəfn olunublar. Əlbəttə, bu deyilənlər yerli əhalinin nəsildən-nəslə keçərək bu günə gəlib çatan fikirləridir. Qəbirin üzərində özüldən işlənmiş sənduqə var idi. 1950-ci illərdə keçmiş SSRİ Şərqşünaslıq İnstitutunun Leninqrad (indiki Sankt-Peterburq) Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları həmin sənduqəni tədqiqat məqsədi ilə götürüb aparıb.
Əhdi Qarabağlari XIII əsrin ən məşhur övliyalarından biri kimi tanınıb. Ortada Seyid Əhdi Qarabağlarinin 3 kiçik övladının məzarları yerləşir. Abidədə Seyid Xeyrulla Əhdi, onun qardaşı və həyat yoldaşının məzarları var. Xeyrulla Əhdinin məzarı üzərində olan kitabşəkilli incə naxışlı sənduqəsi də Ermitaja tədqiqat üçün aparılan 7 məşhur qəbirüstü nümunələrindən biridir. Sənduqənin üzərində kiçik məlumat, Quran ayələrindən işlənmiş kitabə olub. 6 guşəli, Naxçıvan memarlıq məktəbinə məxsus bu məqbərə XX əsrin əvvəllərində dağıdılıb, lakin sonradan həmin təməl üzərində indiki şəkildə yenidən bərpa edilib. Yaşlı insanların dediyinə görə, üzərindəki qübbəli tikili ötən əsrin 30-cu illərində dağıdılıb. Abidənin ətrafında olan qoç heykəllərinin bəziləri 1970-ci illərə qədər qəbirüstü abidə kimi qalıb.
Qarabağlardakı müqəddəs yerlərdən biri də kəndin şimal hissəsində olan Asnı çayı və bu çayın mənbəyində yerləşən Asnı piridir. Pirin yaranma tarixi eramızdan əvvəl I minilliyə aiddir. Xalq arasında yayılmış əfsanə və rəvayətlərdə bu ərazinin və pirin müqəddəsliyi ilə bağlı bir-birindən fərqli müxtəlif məqamlar və deyimlər qeydə alınıb. Həmin rəvayətlərdən birinə görə pir Həzrəti Nuh əleyhissəlamın nəslindən olan Həzrəti Asnıəleyhissəlamın adı ilə bağlıdır. Deyilənlərə görə bura böyük bir zaviyə olub. Pirin içərisində orta əsrlərə aid iki qəbir var. Burada dövrün görkəmli ruhani alimlərindən, şeyxlərindən ikisi dəfn olunub. Onlardan biri dini təhsil almaq üçün qərbi Azərbaycandan gəlmiş Şeyx Əli İbn Fəttah, digəri isə İmam Cəfər Sadiq əleyhissəlamın nəslindən olan Şeyx ƏbuKəbir İbn Müsənnah Əl Asınnıdır. Yerli əhali bu böyük şəxsiyyətlərə sağlıqlarında böyük ehtiramla yanaşıb, onların ölümlərindən sonra daha irəli gedərək, qəbirlərini ziyarətgaha çeviriblər. Qəbirlərdəki sinə daşlarının üzərində ərəb əlifbası ilə kitabələr vardır. Əlifbaların oxunmasına əsasən qəbir abidələrini XIV əsrə aid etmək olar.
Asnı piri müqəddəs su və möcüzəvi şəfa mənbəyidir. Abidə son vaxtlar yenidəntəmir-bərpa olunub. Bura əvvəllər olduğu kimi yenə də əhali tərəfindən müqəddəs məkan kimi ziyarət olunur.
Qarabağlar kəndində olan Qənimət ocağı da XIV əsrin məşhur övliyası olan Cəfər ibn Əli Sidqiyə məxsusdur. Bura əhalinin ziyarətgah yerlərindəndir. Ocağın qapısı hər zaman açıq olar. Şahidlərin dediyinə görə çox qəribədir ki, qapı açıq olsa da, buraya hər hansı bir həşarat belə girməz. İndi də insanlar bura gələrək niyyət edərlər.
Teymur Əsgərov
tarix müəllimi