Aparmayın payızımın xəzəlin

A- A A+

   (mənsur şeir)

Hər kəsin sevdiyi bir fəsli var. Mənsə payıza vurğunam. Qış gələr, uşaqlar sevinər oynarıq deyə, yaz gələr, çoxları sevinər, gəzərik deyə,   arxasınca yay gələr, yenə də uşaqlı-böyüklü çoxları sevinər, yaxşıca yeyib-içərik deyə. Bu fəsillərin vurğunları daha  çox olur. Mənimsə ondan-iyirmidən  bir insanın sevdiyi payızım vardır: romantıkalar, düşüncələr fəsli. Gəlişini gözlərəm hər il anbaan. Mən özümü o fəsildə taparam. Tapdalamaq  istəməsəm də o gözəlim yarpaqları, ayaqlaram, nə edim. Xışıltısı ruha dərman, pıçıltısı mənə həmdəm. Dərdləşərəm mən payızla. Mən ona heyran,  O mənə heyran, mən ona məlhəm, o mənə dərman...

Payızım gələndə təbiət tək mənim olur sanki... onu az sevənlər və heç sevməyənlər mənə meydan verir. Sanki bir payız...bir də mən...sevgilim, sevdiyim, övladım payız... Sevincim...kədərim...mehmanım payız...

Bir gün yenə də mehmanım idi. Yenə də dünyanı vermişlər mənə. Əl-qolum açılmış, dəli-divanələr tək, sevdiyim, gözlədiyim mehmanım gəlmiş deyə.  Təzəcə gəlmişdi. Əynində sarılı-yaşıllı köynəyi vardı.  Saçları qızılı, gözləri yaşıl, necə də yaraşmış ona bu naxış. İşdən evə gedirdim. Uzun bir park boyu. Fikirliydim, xışıltısına ayıldım, pıçıltıyla məni salamladı, az sonra  isə harayını eşitdim. Başımı qaldırdım, bir neçə əli dəyənəkli insan döyürdülər payızımı, tökürdülər gözəlim yarpaqlarını, süpürüb götürürdülər, kisələrə doldurub aparırdılar.  Sanki zorla payızı dəfn etmək istəyirdilər. Donub qaldım, görəsən günahı nəydi payızımın? Hayqırdım: nə edirsiniz, niyə belə edisiniz? Bu yarpaqlar bezdirib bizi, hər gün bir az, hər gün bir az tökülür, zibillədir hər yeri, birdəfəlik döyürük bu ağacları ki, tökülsün yarpaqları, rahat olsun əhvalımız, dedilər. Nitqim qurudu. Sözün bitdiyi ana düşdüm. Susdum. Bir kəlmə sözün söylənməsinin belə artıq olduğu mənə hakim kəsildi.

...Payızıma-gözlərim qarşısında döyülən övladıma kömək edə bilmədim. Gözlərim yaşardı, bağrım çatladı, evədək ağladım. İçimdə üsyan başladı: aparmayın payızımın xəzəlini, axı məhv olur payız düşüncələri. Nə üçün qəsdinə durmusuz onun, qocalıb saçına dən düşüb deyə? Sizin saçlarınız ağarmayacaq? Etməyin, edəcəklər bunları sizə... Aparmayın payızımın xəzəlini, ilham alıb onun xışıltısından, şair olmaq istərəm pıçltısından.  Hayqırdım, ey insanlar, payız lirika, payız pomantıkadır. Məhv etməyin rəssam olmaq istəyənin, şair olmaq istəyənin arzuların.

Bəlkə də payızım məndən küsübdür. Küsməsin, mən də onuntək çarəsiz qaldım. Gücüm sözə çatdı. Payızım məni şair etdi.     Sözlər düzüb misra qurdum, bircə bəndlik şeir yazdım, çarəsizcə...

İzn verin şair olum,

İzn verin rəssam olum.

Köçürüm lövhələrə bu gözəlliyi,

Çevirim sözlərə bu zərifliyi,

Aparmayın payızımın xəzəlini

        Axı məhv olur payız düşüncələri.

Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: