NDU-da ATGT-nin I regional konfransı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatlarının I regional konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Tələbə Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, İttifaqın baş katibi Orduxan Qəhrəmanzadə, Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev və Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun iştirakı ilə qarşılıqlı görüş keçirilib. Tədbirdə tələbə təşkilatlarının fəaliyyəti, qarşıya qoyulan məqsədlər, həyata keçirilən layihələrdə tələbələrin rolu və könüllülük proqramları müzakirə edilib.
Ali təhsil ocağının Magistratura mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının fəaliyyəti və uğurlarını əks etdirən kubok, medal, diplom və sertifikatlardan ibarət sərgiyə baxış keçirilib.
Sonra davam etdirilən konfransda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatının il ərzində həyata keçirdiyi tədbirlər, icra olunan layihələr, intellektual yarışlar, olimpiadalar, müsabiqələr və təlimlərdən danışıb. Rektor bu kimi tədbirlərin tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, onlarda idarəçilik qabiliyyətinin formalaşdırılmasına, gələcəyin ixtisaslı kadrları kimi peşə bacarıqlarına yiyələnmələrinə xidmət etdiyini diqqətə çatdırıb. Elbrus İsayev konfransın işinə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev vurğulayıb ki, Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, ictimai fəallığın artırılması, gənclər və gənclər təşkilatlarının 5 minə yaxın layihəsinin maliyyələşdirilməsi istiqamətində paytaxtda və regionlarda silsilə proqramlar həyata keçirilir.
Gənclərin hərtərəfli inkişafı və cəmiyyətdəki rolundan söz açan Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı qeyd edib ki, gənc istedadlara dövlət qayğısının artırılması ilə yanaşı elm, təhsil, iqtisadiyyat, idman, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətləri qiymətləndirilir.
Azərbaycan Tələbə Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, NDU Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov Tələbə Gənclər Təşkilatları arasında əlaqələrin daha da genişlənəcəyinə, fəaliyyət dairələrinin artacağına əminliyini bildiriblər.
Sonra konfrans Naxçıvan Musiqi Kolleci tələbələrinin hazırladığı musiqi nömrələrindən ibarət bədii hissə ilə davam edib.
Konfrans bölmə iclasları ilə davam etdirilib.
Məmmədbağır Dünyamalıyev