Şahbuz Dövlət Təbiət Qoruğunun zəngin meşə və fauna ehtiyatları var

A- A A+

Ulu tanrının təbii sərvətlərini əsirgəmədiyi dilbər guşələrimizdən biri də “Canlı təbiət muzeyi” adlandırılan Naxçıvan torpağıdır. Hər bir naxçıvanlı, hətta ölkəmizin hər yerində bilirlər ki, Naxçıvan təbiətinin zənginliyi baxımından  Şahbuz rayonunun da təbiəti xüsusilə seçilir. Elə buna görə də ümummilli liderimiz Heydər Əliyev hələ 2000-ci illərdə bu zənginliyi qeyd etmiş və onun qorunması və gələcək nəsillərə çatdırılması haqqında tapşırıqlar, tövsiyələr vermişdir. Bu tövsiyələr əsas götürülərək 2003-cü ildə Şahbuz rayonu ərazisindəki “Batabat yaylağı” ərazisinin də daxil olduğu 3139 hektar sahədə Şahbuz Dövlət Təbiət Qoruğu yaradıldı. Qoruğun ümumi ərazisinin əsasını təbii meşə (2500 ha) əhatə edir. Qoruq  xüsusi  mühafizə statuslu təbiət obyektlərinə aiddir. Bu statustla yaradılan təbiət ərazilərində bütün təbii proseslərin insan təsiri olmadan izlənməsinə şərait yaradır. Qoruq ərazisi dəniz səviyyəsindən 2200-2400 metr yüksəkliyə malik olan dağlıq sahələrdə Biçənək aşırımı, Batabat göllərinin olduğu əraziləri əhatə edir. Qeyd etdiyimiz kimi, bu ərazilər zəngin, relikt və endemik növlərin məskunlaşdığı kompleks təbiət abidəsini xatırladır. Biçənək meşəsi  qədimiliyinə, növ müxtəlifliyinə, nadir növlərin mövcudluğuna görə hələ 1970-ci illərdə təbiət abidəsi kimi qeydə alınıb. Muxtar respublika ərazisində yayılmış  2835 ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitki növünün böyük əksəriyyəti, 1575 növü bu ərazilərdə yayılıb. Bu da Qafqaz florasının 21, Azərbaycan florasının 35, Naxçıvan florasının 56 faizini təşkil edir.  Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş 202 bitki növünün 114 növünə qoruq ərazisində rast gəlinir.

Qoruq su ehtiyatları cəhətdən də zəngindir. Öz başlanğıcını Veysəlli, Dərələyəz və Zəngəzur silsilələrinin cənub yamaclarındakı bulaqlardan, qar və yağış sularından götürən Naxçıvan çayı ərazidən keçən ən böyük çaydır. Buraya adı dillər əzbəri olan mineral, saf  və isti yay aylarında inanılmaz sərinliyi ilə seçilən   “Zor bulaq” da daxil olmaqla  Batabat yaylağındakı 3 göl də daxildir. Naxçıvanın öz ərazisində formalaşan ən bolsuluçaylarından sayılan Naxçıvançayın da mənbəyi elə qoruq ərazisində olan  dağ yamaclarından başlayır. Muxtar respublika ərazisində yağıntının çox olduğu ərazilər də buradadır və illik yağıntının miqdarı  bəzən  700-800 (900) mm-ə çatır.

Qoruq ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazisinin 85 faizini palıd, 5 faizini ardıc, Araz palıdı, 7 faizini yemişan, qalan 3 faizi ni isə alma, alça, daş armud və müxtəlif kollar təşkil edir. Bu ərazilərdə çoxlu bəzək bitkiləri, o cümlədən ətirli endemik süsən növləri, səhlab, dağ lalələrinə rast gəlmək olar. Flora ilə yanaşı,  fauna ehtiyatları da zəngindir. Xüsusilə qeyd edək ki, qoruq ərazisi dünya təbiətinin nadir inciləri hesab edilən  Zaqafqaziya qonur ayısı, Bəbir, muflonlar kimi növlərin məskən tapdığı təbiət əraziləridir. Şahbuz  Dövlət Təbiət Qoruğunun yaradılması  nəinki bu ərazilərin qorunmasına, eləcə də yeni növlərin bu ərazilərə inteqrasiya etməsinə, məskunlaşmasına əlverişli şərait yaradıb. Həmin ərazilərdə quraşdırılmış fototələlərinqeyd etdiyi şəkillərdə Cüyür növünün olduğu aşkar edilib  və bu ərazilərdə məskunlaşdığı öyrənilib.

Qoruğun yaradıldığı tarixdən keçən 15 il ərzində meşə, fauna ehtiyatları daha da artırılıb. Regionun təbii zənginliyi, təbiət və tarixi memarlıq abidələri, yay aylarında sərin və təmiz havası, mineral, “buz kimi” bulaqları, “Üzən ada” kimi təbiət kompleksləri bu diyarın turizm potensialını nümayiş etdirərək insanları buraya cəlb edir. Hər kəsin yaradılmış bu əlverişli şəraitdən istifadə etməsi onun vətəndaşlıq hüququdur. Bu ərazilər eyni zamanda təsərrüfat sahibkarlarının, xüsusilə arıçı təsərrüfatçıların, fermerlərin yay aylarında məskunlaşdığı əsas təbiət ərazilərindəndir. Yeri gəlmişkən onu da qeyd edək ki, burada istirahət etmək üçün turist mərkəzləri ilə bərabər, iaşə məntəqələri də yaradılıb. İstirahət ərazilərində  tullantıların ətrafa atılmaması, meşə ilə örtülü ərazilərdə tonqal yandırılmaması, qoruq ərazisindən maşınla hərəkət edən zaman yanıcı maddələrin ətrafa atılmaması kimi qaydalara əməl etməklə biz də vətəndaşlıq borcumuzu yerinə yetirmiş olarıq. Qoruqların, yasaqlıqlarınyaradılmasında məqsəd təbiəti qorumaq  və gələcək nəsillərin də bu gözəlliklərdən istifadə etməsi üçün şərait yaratmaqdan ibarətdir. Naxçıvanın təbii gözəllik baxımından zəngin potensiala malik olan qoruğunun, eləcə də buraya yaxın sahələrin və digər təbiət ərazilərinin qorunması üçün hamımız  çalışmalı və qayğı göstərməliyik.

İntizam  Əhmədov

Şahbuz Dövlət Təbiət Qoruğunun kiçik elmi işçisi

“Oğuz səsi”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: