Kəngərli rayonunda həm qiymətli ərzaq, həm heyvandarlıq və quşçuluq üçün dəyərli yem, həm də dəyərli texniki bitki olan qarğıdalı dəni istehsalına maraq ildən-ilə artır. Bir neçə ildir ki, az xərclə xeyli gəlir gətirən bu məhsulun istehsalı rayonun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Nəticə olaraq qarğıdalı əkinlərinin sahəsi getdikcə genişlənir. Cari ildə bu bitkinin əkin sahələri 116 hektara çatdırılıb. Qarğıdalının əkini, becərilməsi və yığımı zamanı əksər işlərin müasir texnikalar vasitəsilə aparılması əl əməyini xeyli yüngülləşdirir.
Bu il Qıvraq qəsəbəsi, Böyükdüz və Xok kəndlərində qarğıdalı əkininə daha çox sahə ayrılıb. Əkin və becərmə tədbirləri aparılarkən aqrotexniki qaydalara düzgün əməl olunduğundan sahələrdə bol məhsul yetişib.
Artıq qarğıdalı yığımı başa çatıb. Biçilmiş 116 hektar qarğıdalı sahələrinin 56 hektarı yem üçün, 60 hektarı isə dən üçün nəzərdə tutulmuşdu. Dən üçün ayrılmış qarğıdalı sahələrindən 192 ton
məhsul istehsal edilib və hektarın orta məhsuldarlığı 32 sentnerə çatdırılıb. Ayrı-ayrı fermer və torpaq mülkiyyətçiləri hektardan 35-40 sentner məhsul yığmağa nail olublar.
“Yeni həyat ” qəzeti