Naxçıvan bazarında ucuzlaşma: səbəb nədir

A- A A+

Gündəlik tələbat duyduğumuz ərzaq məhsulları, xüsusilə meyvə-tərəvəz məhsullarının qiyməti ötən illə müqayisədə bu il daha münasibdir. Buna səbəb muxtar respublikada gömrük prosedurlarının daha da şəffaflaşdırılması və sahibkarlıq üçün daha əlverişli mühitin yaradılmasıdır. Naxçıvan televiziyasının əməkdaşları bazarlarda qiymətlərlə bağlı araşdırma aparıb.

Əvvəlki illərdə muxtar respublikada boş-boşuna tətbiq olunan bir sıra gömrük rüsumları, daxili bazarı qorumaq bəhanəsi ilə ticarət monopoliyasının yaradılması dükan və bazarlarda qiymət artımlarına gətirib çıxarırdı. Nəticədə muxtar respublika əhalisi dükan və bazarlarda kifayət qədər baha qiymətlərlə üzləşirdi. Xüsusilə ərzaq malları, meyvə-tərəvəz məhsulları kimi gündəlik istehlak olunan məhsulların el dili ilə desək, “od tutub yanması” insanları çətinliklərlə üzləşdirirdi.

Lakin son bir neçə aydır bu cür qanunsuz müdaxilələrin aradan qaldırılması və sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması bazarda kifayət qədər ucuzlaşmaya səbəb olub. Keçən ilə nisbətən bu il məhsullarda qiymət fərqinin olduğu müşahidə edilir. Həm satıcılar, həm də alıcılar qiymətlərin aşağı olmasından razıdırlar. Məsələn, pomidor ötən il qış aylarında 15-17 manata satılırdısa, bu il 1 manat 50 qəpik 2 manat 50 qəpik civarında təklif edilir. Həmçinin xiyar 7-8 manatdan 2 manat 50 qəpik, 3 manata enib. Digər meyvə və tərəvəzlər də keçən illə müqayisədə 1-2 manat daha aşağı qiymətə alıcılara təklif olunur.

Göründüyü kimi, dünya bazarında baş verən qlobal bahalaşma bəzi ərzaq məhsullarında bahalaşmaya səbəb olsa da, ümumilikdə muxtar respublikada bir çox ərzaq məhsullarının, o cümlədən meyvə və tərəvəzlərin qiymətlərində kifayət qədər ucuzlaşma müşahidə olunur. Bunun səbəbi isə gömrük orqanlarında olan struktur dəyişiklikləri və fərdiləşmədən açıq bazar iqtisadiyyatına keçid kimi göstərilir. Eyni zamanda idxal olunan məhsullardan alınan qeyri-qanuni və artıq vergilər də ləğv edilib ki, bu da öz növbəsində əhalinin tələbatının daha keyfiyyətli və ucuz məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradıb.

Yunis Allahverdiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: