Ana təbiətə qayğı, yaşıllıqların qorunub saxlanılması hər bir vətəndaşın borcudur. Muxtar respublikamızda bu sahədə təşkil olunan tədbirlər və görülən işlər, yaşıllıq sahələrinə qayğı hər kəs tərəfindən rəğbətlə qarşılanır. Kəngərli rayonunda da salınan yaşıllıqlar, gözoxşayan gülkarlıqlar məhz bu zəhmətin və qayğının nəticəsidir. Hər şənbə günü ümumxalq iməciliyi tədbirlərinə qoşulan rayon sakinləri təbiətin qayğısını çəkir, rayon ərazisində salınan meyvə bağlarına, yaşıllıq sahələrinə və gülkarlıqlara aqrotexniki qaydada qulluq göstərirlər.
Ötən həftənin şənbə günü iməciliklər, əsasən, Naxçıvan-Sədərək avtomagistralının Qabıllı kəndi ərazisindən keçən hissəsinin hər iki tərəfində olan yaşıllıq zolaqlarında və Qıvraq qəsəbəsindəki park və xiyabanlarda keçirilib.
Rayonun idarə, təşkilat və müəssisələrinin kollektivlərinin iştirakı ilə yüksək əhval-ruhiyyə, vətəndaş fəallığı şəraitində keçən iməciliklərdə meyvə bağlarındakı ağac və tinglərə, yol kənarındakı yaşıllıqlara, parklardakı gülkarlıqlara aqrotexniki qulluq göstərilmiş, ağacların quru budaqları kəsilib, gövdələri əhənglə ağardılıb, sahələr alaq otlarından təmizlənib, suvarma tədbirləri həyata keçirilib.
Həmin gün, iməciliklər qəsəbə və kənd mərkəzlərində, məktəblərin həyətində də aparılmış, meyvə bağlarına və gülkarlıqlara aqrotexniki qulluq göstərilmişdir.
İməciliklərdə həvəslə iştirak edən hər bir rayon sakini gördüyü işin mahiyyətini dərk edir və buna görə də bundan xüsusi zövq alır. Çünki təbiətin yaşıl örtüyünün qorunması və zənginləşdirilməsi təkcə özümüz üçün deyil, həm də gələcək nəsillər üçün faydalıdır, əhəmiyyətlidir.
“Yeni həyat”