Respublikamızda aqrar sahənin inkişaf etdirilməsi üçün torpaq mülkiyyətçilərini lazımi texnika ilə, yüksək keyfiyyətli toxumlarla, mineral gübrələrlə təmin etmək daim diqqət mərkəzində saxlanılır. Ümumiyyətlə, taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına həll edilməsi üçün torpaq mülkiyyətçilərinə hər cür köməklik göstərilir.
Yaradılan şəraitdən, göstərilən dövlət qayğısından ruhlanan Kəngərli rayonunun taxılçıları cari ili uğurla başa vurublar və bu ilin payızında taxıl əkini sahələrinin daha da artırılmasını nəzərdə tutulub.
Əkinin optimal müddətdə keçirilməsi üçün bütün hazırlıq işləri əvvəlcədən görülüb. Hazırda bu sahədə işlər sürətlə və keyfiyyətlə davam etdirilir. Bu günədək şumlanmış 2 min 880 hektar sahənin demək olar ki, xeyli hissəsi əkin üçün hazırlanıb, bunun 970 hektarına buğda toxumu səpilib.
Payızlıq taxıl əkininin vaxtında və keyfiyyətlə keçirilməsi üçün rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılıb, əvvəlcədən məhsuldar və rayonun təbii-iqlim şəraitinə uyğunlaşmış toxum sortları tədarük olunub.
Qeyd edək ki, əkinçilərin bir çoxu isə özlərinin istehsal etdikləri toxumdan istifadəyə üstünlük verirlər. Toxum səpindən qabaq laboratoriya müayinəsindən keçirilir və dərmanlanır. Bol məhsul yetişdirilməsi üçün əsas amillərdən olan üzvi və mineral gübrələrdən istifadə edilməsi də diqqət mərkəzində saxlanılır. Əkinin mütəşəkkil keçirilməsi üçün maşın-mexanizmlərdən istifadə sahəsində də bütün problemlər aradan qaldırılıb, fiziki və hüquqi şəxslərdə olan bütün texnika şum və əkin işinə cəlb edilib.
“Yeni həyat”