Öz sərin havası, sulu çeşmələri, yamyaşıl örtüyü ilə seçilən yaşayış yerlərimiz çoxdur. Hər tərəfdən dağlarla əhatə olunmuş Şahbulaq da belə kəndlərimizdəndir. Kəndin yay vaxtları kimi, payızında da qoynu qonaqlı-qaralı olur, təbiəti qəlbləri riqqətə gətirir.
Şahbulaq kəndi göz yaşları kimi duru və sərin sulu «Şapurbulağı»ndan başlayır. Qayanın dibindən çağlayıb çıxan bu həyat çeşməsinin sirri əsrlər boyu insanları maraqlandırmış, hətta adamlarda özünə qarşı etiqad hissləri də yaratmışdır. «Şapurbulağı»nın üstündəki qaya taxçaları «Əhdigah piri» adlandırılır. «Şapur bulağı» və «Əhdigahpiri»nin taxçaları əsrlərdir ki, inanc yeridir və kənd sakinləri əkin-tikindən, toy-düyündən əvvəl bura gəlib ürəklərində niyyət tutur və taxçalara daşlar atırlar. Daş taxçalardan birində qalarsa, bu ürəkdə tutulan arzunun və diləyin çin olacağına işarədir.
Bu kənd dağlarının, dərələrinin landşaftının özünəməxsusluğu ilə də digər yerlərdən fərqlənir. Təpələrin quzey yamaclarını yemişan, itburnu, ardıc, dağdağan və digər kol bitkiləri bürüyüb. Güney yamaclar isə birillik və çoxillik bitkilərlə zəngindir. Buradakı dərələrin adları da maraqlıdır: «Əncirlik», «İnnablıq», «Armudlu», «Dağdağanlı», «Sulu təpə»…
Kəndin qabaq-qənşərində yerləşən «Quzey bağ» haqqında ayrıca danışmaq olar. Bağın münbit torpağı var. Relyefin meyilli olmasına baxmayaraq, kiçik terraslar və düzənliklər buranın endemik bitkilər üçün əlverişli olmasına şərait yaradıb. «Quzey bağ»da armudun, cəvizin, əriyin, alçanın bir neçə növü yetişir. Ötən əsrin 90-cı illərində buradan kəsilən ağacların yerində bərpa işləri aparılıb. «Quzuey bağ» yenidən xoş büsatını yaşayır.
Yay aylarında suvarma suyuna olan tələbatı tam ödəməyin çətinliyi nəzərə alınaraq «Sulu dərə»dən və «Tunceyidərə»dən axan suların səmti kəndə döndərilib.
Kənddə hər bir ev, bütün ictimai binalar fasiləsiz qazdan və işıqdan istifadə edir, poçt və rabitə xidməti normal səviyyədədir, mədəniyyət müəssisələri, tam orta məktəb adamların xidmətindədir.
Beş il bundan əvvəl Şahbulaqda geniş tikinti-quruculuq işləri aparılıb. 2013-cü il dekabrın 3-də istifadəyə verilmiş 110 şagird yerlik tam orta məktəb binasında 11 sinif otağı, müxtəlif laboratoriyalar, hərbi kabinə, kompüter otağı, 4 minə qədər fondu olan kitabxana, idman zalı, 3 elektron lövhəli sinif var. Bütün siniflər, kabinələr, laboratoriyalar, müəllimlər otağı müasir avadanlıqlarla və əyani vəsaitlərlə təmin edilib.
İkimərtəbəli kənd mərkəzində yerləşən təşkilatların normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.
Qeyd edək ki, Şahbulağa gələn yol dağların arası ilə ilk dəfə Gümüşlü mədəni istismara veriləndə, yəni ötən əsrin ortalarında çəkilib. Çınqıllı-daşlı yol ilə yalnız iri maşınlar gəlib-gedə bilirdi, yaz selləri gələndə isə vəziyyət çətinləşirdi. Uzun müddət kənddə nəinki tibb məntəqəsi, heç orta ixtisaslı tibb işçisi də olmayıb ki, xəstələnənlərə, heç olmazsa, ilkin yardım göstərsin. Altmış-yetmişinci illərə qədər uşaqlarını oxutmaq istəyənlər onları «fin evi» deyilən iki-üç otaqlı ibtidai məktəbə qoyurdular, sonra isə təhsillərini davam etdirməkdən ötrü minbir çətinliklə aşağı kəndlərdəki məktəblərə göndərirdilər. Bu gün müasir, yaraşıqlı məktəb də var, tibb məntəqəsi də, gözəl mağazada… İşıq, qaz fasiləsiz verilir, rabitə xidməti yüksək səviyyədədir- bunları kəndin sakinləri deyir.
İsti yay günlərində bura istirahət eləmək üçün gələnlərin sayı daha çox olur. Çünki həm gözəl təbiət, sərin hava, həm də diş göynədən bumbuz bulaqlar adamları özünə cəlb edir. Aparılan quruculuq işlərindən sonra yol problemi də həllini tapıb.
Belə xoş təəssüratlarla Şərur elinin dağ kəndi olan, mənfur düşmənlərin qarşısında keçilməz və alınmaz qalaya çevrilən Şahbulaq kəndindən ayrılmaq vaxtı çatır. Sonda yenə «Şapurbulağı»nın suyundan içirik. Bu məqamda yada Püsyan kənd sakini, hazırda təqaüddə olan müəllim, 45 yaşlı «Şərur» Ədəbi Birliyinin ilk üzvlərindən olmuş Teymur Əliyevin aşağıdakı misraları düşür:
Dörd yanın təpədir, qayadır, yaldır,
Bumbuz bulaqların şəkərdir, baldır,
Cənnət ki, deyirlər, o bir xəyaldır,
Sən Cənnətin gerçəyisən, Şahbulaq…
İbrahim YUSİFOĞLU
şair-publisist, Prezident mükafatçısı
“Şərurun səsi” qəzeti