Düylündə su problemi: həll yolu nədir - NTV-nin reportajı - VİDEO
Ordubad rayonunun Düylün kədində sakinlər uzun illərdir su problemi ilə üz-üzədir. Ötən illərdə yaşanan quraqlıq bu problemi daha da kəskinləşdirib. Naxçıvan televiziyasına müraciət edən kənd sakinləri içməli su təminatı ilə bağlı problemin həll olunacağına ümid edirlər.
Ordubadın Düylün kəndi rayon mərkəzindən 17 km aralıda yerləşir. Hazırda kənddə 827 sakin qeydiyyatdadır. Sakinlər uzun illərdir içməli və suvarma su problemi ilə üz-üzə qalıb.
Sakinlər iddia edirlər ki, ilin bütün fəsillərində kənddə içməli su problemi var. Bu problem uzun illərdir həll edilmədiyi üçün bu kəndi tərk edib digər yaşayış məntəqələrində məskunlaşanlar da az deyil. Aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, indiyədək problemin həlli üçün heç bir addım atılmayıb.
Sakinlər bildirirlər ki, əvvəllər kənd ərazisindəki anbarlara toplanan sudan istifadə olunurdu. Buradakı paylayıcılar vasitəsilə bütün evlər su ilə təmin olunurdu. Həmin ərazilərdə çəkiliş aparılarkən indiki mənzərə heç də ürəkaçan olmayıb. Belə ki, kənddəki heç bir paylayıcıda su yoxdur. İçməli su kimi istifadə olunan mənbə isə kənddən 3 km aralıdadır və antisanitar vəziyyətdədir.
Kəndlinin əsas dolanışıq yeri olan torpaqlar da su üzünə həsrətdir.
Kəndin ətrafında üç süni su anbarı olsa da, onlardan yanlız birində su var. Təsərrüfatçılar heç bu su anbarından da istifadə edə bilmirlər. Səbəb isə anbardan təsərrüfat sahələrini və digər su anbarlarını qidalandıran nasosların işləməməsidir.
Sakinləri narahat edən su məsələsi ilə bağlı Düylün kənd ərazi dairəsi üzrə nümayəndə Araz Fərəcova müraciət edilib. Nümayəndə problemin su qıtlığından qaynaqlandığını və məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət ünvanlandığını deyir. Sakinlər isə deyilənlərlə razılaşmır. Bildirirlər ki, ətrafda su mənbələri çoxdur, mütəxəssislər tərəfindən düzgün araşdırma aparılsa, kifayət qədər mənbə tapmaq, artezianlar qazmaq mümkündür. Ümid edirik ki, sakinlərin müraciətləri əsasında yenidən araşdırma aparılacaq və Ordubadın bu səfalı kəndi yaxın gələcəkdə su ilə tam təmin olunacaq.
Xosrov İbrahimov