Qahab kəndinin tullantı problemi - VİDEO
Naxçıvan televiziyasına Babək rayonunun Qahab kəndində məişət tullantılarının vaxtında götürülməməsi ilə bağlı şikayətlər daxil olub. Əməkdaşlar məsələni araşdırıblar.
Bir ildən artıqdır ki, Babək rayonunun Qahab kəndinin küçələrində yığılıb qalan tullantılar vaxtlı-vaxtında təmizlənmir. Təmizlik qutuları azlıq təşkil edir, digər təyin olunan ərazilərdə isə tullantı qutuları olmadığından məişət tullantıları hara gəldi atılır. Bu xoşagəlməz mənzərə ürək bulandırmaqla yanaşı, həm də antisanitariyaya çevrilə bilər.
Kənd sakinləri bildirir ki, məsələ ilə bağlı kənd bələdiyyəsinə məlumat versələr də, problem aradan qaldırılmır. Çünki son illərdə bələdiyyə büdcələrinə yığılan vəsaitə Maliyyə Nazirliyi nəzarət edib və lazımi işlərə xərclənməsinə imkan verməyib.
Tullantılar vaxtında götürülmədiyindən çöl heyvanları tərəfindən ətrafa yayılır. Kəndin su kranlarının, eləcə də məktəb yollarının ətrafında da tullantıların olması isə xüsusilə narahatlıq doğurur.
Sakinləri narahat edən digər bir məsələ isə kənd ərazisində tullantı poliqonunun yaradılmasıdır. Onlar iddia edirlər ki, bu ərazi kəndin otlaq sahələrinə aiddir. Qahabla yanaşı daha 3 kəndin tullantıları da buraya atılır. Poliqon çəpərlənmədiyindən mal-qara zibilxanalardan qidalanır. Bu isə şübhəsiz ki, heyvanların tələf olması ilə yanaşı, həm də ət və süd məhsulları vasitəsilə bir sıra xəstəliklərin insan orqanizminə keçməsinə səbəb ola bilər.
Məsələ ilə bağlı Qahab Bələdiyyəsinin sədri Məmmədhəsən Əsgərova müraciət edilib. Bələdiyyə sədri sakinlərin bütün şikayətlərinin əsassız olduğunu deyib. Üstəlik çəkilişləri düzgün vaxtda aparmadığımızı deyərək televiziyanın əməkdaşlarını da günahlandırıb. Poliqon məsələsinə isə münasibət bildirən bələdiyyə sədri deyib ki, həmin ərazi kəndin otlaq sahələrinə aid deyil.
Məhəmmədhəsən müəllimin qarşısında günahımızı yumaq məqsədilə daha bir çəkilişimizi erkən saatlarda apardıq. Yenə də məlum oldu ki, bəzi ərazilər təmizlənsə də, bir sıra yerlər hələ də olduğu kimi qalır.
Qeyd edək ki, Babək rayonunun mərkəzi də kəndlərindən geri qalmır. Mərkəzdə yaşayış yerinə yaxın əraziyə sahibsiz heyvanlar tərəfindən tullantılar dağıdılaraq ətrafa səpələnir.
Ümid edirik ki, aidiyyəti orqanlar tərəfindən bu problemlər həll ediləcək və natəmiz vəziyyət aradan qaldırılacaq.
Mədinə Rəhimli