Böyük bir qismi təbii yollarla əldə edilən məhsullardan hazırlanan milli mətbəx nümunələrimiz öz rəngarəngliyi ilə diqqəti cəlb edir. Ana təbiətin qoynunda bitən min bir dərdin dərmanı bitkilərdən, ağartı və göyərti məhsullarından, eləcə də digər məhsullardan hazırlanan qidalar, həm də müalicəvi əhəmiyyəti ilə seçilir. Bu yazımızda isə zəngin mətbəximizin daha bir möcüzəsi olan bəkməzdən və yadoşabdan söz açacağıq.
Qeyd edək ki, doşab Azərbaycanla yanaşı, Yaxın Şərq ölkələrində də geniş yayılıb və ən qədim zamanlardan etibarən müalicə məqsədilə istifadə edilib. Bu günə nəzər salanda isə ölkəmizdə, o cümlədən muxtar respublikamızda çeşidli meyvələrdən doşablar hazırlandığını görmək mümkündür. Xurma, armud, üzüm və tutdan doşab hazırlamaq mümkündür. Amma muxtar respublikamızda daha çox tut və üzüm doşabı hazırlanır.
Üzüm doşabı muxtar respublikamızda geniş yayılmış doşab növlərindən biridir. Xalq arasında üzüm doşabına bəhməz deyilir. Bu doşab növü bir çox müalicəvi xüsusiyyətlərə malikdir. Mütəxəssislər qeyd edirlər ki, üzüm doşabından istifadə insan bədəni, orqanizmi üçün faydalıdır və bu faydaları saymaqla bitməz. Belə ki, üzüm doşabından istifadə etdikdə orqanizmdə bir rahatlıq, yumşaqlıq yaranır, sinə və qaraciyər xəstəliklərinə müsbət təsir göstərir. Orqanizm üçün enerji mənbəyi sayılan üzüm doşabı bədəndəki qanın miqdarını artırır. Həmçinin bu doşab növündən istifadə zəif insanlara, hamilə qadınlara və uşaqlara da müsbət təsiri ilə seçilir. Zəif insanlar üzüm doşabından istifadə etməklə iştahanı artıra və bədənin immunitetini gücləndirə bilərlər. Sinə, qaraciyər, mədə-bağırsaq və böyrək xəstəlikləri zamanı da üzüm doşabından istifadə etmək məqsədə uyğundur.
Qeyd edək ki, doşab növləri içərisində ən xeyirlisi və faydalısı tut doşabı hesab edilir. Tut doşabının tərkibi olduqca zəngindir. Mütəxəssislər bu doşab növünü bəzi hallarda hətta balla müqayisə edirlər və iddia edilir ki, tut doşabının tərkibində dəmir balla müqayisədə 8 dəfə çoxdur. Bu da insan orqanizminə daha böyük fayda verir. Elə bu səbəbdən də tut doşabını qanazlığı zamanı geniş istifadə edirlər. Bu doşab növü güclü iltihab əleyhinə təsirə də malikdir və soyuqdəymə xəstəlikləri zamanı istifadə edilir. Bu zaman xəstənin ümumi vəziyyəti yaxşılaşır, onda tərləməni artırır, hərarəti salır. Öskürək zamanı da tut doşabından istifadə etmək faydalıdır. Belə ki 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) qəbul etmək bəlğəmi duruldur və onun çıxmasını asanlaşdırır.
Tut doşabının yuxarıda adı çəkilən faydalarından başqa, daha bir neçə müalicəvi əhəmiyyəti də var. Bu doşab növü immuniteti möhkəmləndirir və orqanizmə ümumi möhkəmləndirici təsir edir, xəstəlik və ya cərrahi əməliyyat keçirmiş insanlar üçün isə tut doşab xüsusilə xeyirli qida hesab edilir. Kalium və maqneziumla zəngin olan tut doşabı həm də ürək-damar sistemi üçün çox faydalıdır. Çünki tut doşabından istifadə ürək əzələlərinə müsbət təsir edir, ödəmləri azaldır. Mütəxəssislər qeyd edirlər ki, tut doşabından istifadə etməklə qaraciyər xəstəliklərinə qarşı mübarizə də aparmaq olar. Belə demək mümkündürsə, tut doşabı qaraciyərin dostudur, onu xəstəliklərdən qoruyur. B vitamini ilə zəngin olan tut doşabı insanın sinir sisteminə də müsbət təsir edir, onu sakitləşdirir, yuxusuzluqla mübarizə etməyə kömək edir. Güclü əqli və fiziki yorğunluq zamanı da tut doşabının qəbulu çox xeyirlidir.
Əgər hər kəs müntəzəm olaraq tut və yaxud üzüm bəhməzi qəbul etsə, bir çox xəstəliklərin qarşısını yaranmadan almış olar, dərman preparatlarına ehtiyac duymaz, həkimə müraciət etməz. Xüsusilə də qarşıdan gələn soyuq qış aylarında doşab qəbulu sağlamlığımıza müsbət təsir edəcəkdir.
Anar Qasımov
“Yeni həyat” qəzeti