“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən üçüncü “Arıçılıq məhsulları-bal festivalı” oktyabrın 21-də başa çatıb. NUHÇIXAN xəbər verir ki, həmin gün arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə keçirilən müsabiqənin nəticələri elan edilib. Müsabiqədə I yerə Ordubad rayonunun Ələhli kəndindən olan arıçı Yaşar Həbibov, Şahbuz rayonunun Şahbuz şəhərindən Allahverdi Allahverdiyev, Babək rayonunun Babək qəsəbəsindən Hüseyn Orucov, II yerə Naxçıvan şəhərinin 54-cü məhəlləsindən İmran Məmmədov, Culfa rayonunun Kırna kəndindən Həsən Məmmədov, Şərur rayonunun Günnüt kəndindən Fikrət Məmmədov, III yerə Culfa rayonunun Kırna kəndindən Fəxrəddin Vəliyev, Kəngərli rayonunun Təzəkəndindən Habil Abbasov, Sədərək rayonunun Sədərək kəndindən Mahir Əliyev layiq görülüblər. Qaliblərə diplomlar təqdim olunub. Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəngarəng konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb. Qeyd edək ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 288 arıçı tərəfindən 12 min 985 kiloqram süzmə, 3342 kiloqram şan bal, arı südü, çiçək tozu, o cümlədən arı məhsullarından hazırlanmış tibbi ekstraktlar, mum kremləri, bal istehsalında xüsusi əhəmiyyətə malik olan dərman bitkiləri və digər məhsullar çıxarılıb. Həmin məhsullar xüsusi taralarda qablaşdırılıb. Həmçinin baldan hazırlanan müxtəlif şirniyyatlar, şərablar, doşab və şərbətlər də festival iştirakçılarına təklif edilib.