20 Yanvar - Bir əsrə sığmayan faciə

A- A A+

Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz edib, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülübdür. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.

XX əsr tarixində insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri də 20 Yanvar faciəsidir. Xalqımızı qəlbən sarsıtmış bu faciənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif rəylərə rast gəlinsə də, bütün əks mövqelər məhz bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda, hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

20 Yanvar günü - Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin Qanlı Yanvarı.

Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşüb. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet rejimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görülməmiş bir vəhşilik aktı da əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış  sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. Torpaqlarının bir qarışını da düşmənə qıymayan xalq ayağa qalxmış, “Torpaqdan  pay olmaz!” deyərək etiraz səsini ucaltmışdı. Öz konstitusiya hüquqlarının bərqərar edilməsi tələbi ilə küçə və meydanlara çıxan dinc əhali qəflətən gülləbaran edildi, insanlar hətta faşistlərin də törətmədikləri qəddarlığa məruz qaldılar. Küçə və meydanlar insan qanına boyandı. Yüzlərlə dinc əhali qətlə yetirildi, ağır yaralandı, ömürlük şikəst oldu. Bu qanlı terror  aktı barədə bütün dünyaya məlumat yayıldı.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının maddələrini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyət elan olunması haqqında fərman imzaladı. Lakin buna baxmayaraq, Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirildi. İlk növbədə, Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu əməliyyat yanvarın 19-da həyata keçdi. Respublika üzrə televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan olunmasından xəbərsiz əhaliyə amansız divan tutdu. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yanvarın 20-də səhər saat 7.00-da respublika radiosu ilə bildirildi. Buna qədər yüzlərlə insan qətlə yetirilmiş, çoxlu sayda insan isə ağır vəziyyətdə xəstəxanalara yerləşdirilmişdi. Nəticədə ölənlərin sayı 147-yə çatdı. 700-dək adam ağır bədən xəsarəti aldı, 800 nəfərdən çox Azərbaycan vətəndaşı qanunsuz həbs edildi. Həlak olan dinc sakinlər arasında uşaqlar, qocalar, gənclər və qadınlar da var idi.

Ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayət hadisəsinə obyektiv qiymət verildi. Məhz ulu öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Böyük tarixi şəxsiyyətin fərmanı ilə 147 nəfərə 20 Yanvar şəhidi adı verildi, onların ailələrinə birdəfəlik yardım göstərildi.

Ümummilli lider 20 Yanvar günü imperiya qoşunları qarşısında mərdi-mərdanə dayanan Azərbaycanın mərd oğul və qızlarının bu dəyanətini çox yüksək qiymətləndirərək demişdir: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir. Xalqımız 1990-cı ilin 20 Yanvar faciəsini heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu, bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.

Bakının ən yüksək, ən gözəl nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var: Şəhidlər xiyabanı. Ölkəmizə rəsmi səfərə gələn xarici qonaqlar Şəhidlər xiyabanına aparılır, Vətən uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın məzarları üstünə gül dəstələri qoyulur, onların unudulmaz xatirələri yad edilir. Ümummilli lider Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev şəhid ailələrinə böyük diqqət və qayğı göstərir, onları yeni mənzillərlə təmin edir, digər ehtiyaclarını ödəyir. Dövlət başçımızın göstərişi ilə Şəhidlər xiyabanında hər il abadlıq və yenidənqurma işləri aparılır. Vətənimizin müstəqilliyi, azadlığı uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın əziz xatirələri qəlbimizdə həmişə yaşayacaq. 20 Yanvar faciəsi istiqlaliyyətə can atan xalqımızın mübarizliyini, qəhrəmanlığını, qorxmazlığını, cəsarətini nümayiş etdirdi. Xalqın qanı bahasına qazanılmış müstəqillik əbədi və daimidir.

Azərbaycan xalqının tarixində iki milli intibah dövrünü xüsusilə qeyd etmək lazımdır. Bunlardan birincisi XIX əsrin sonları XX əsrin əvvəlləri idisə, digəri 1988-ci ildən başlanan və ancaq oyanış mərhələsini keçə bilən o izdihamlı illər idi. İkinci hadisə, təəssüf ki, hələ də öz elmi-fəlsəfi təhlilini tapmayıb. Bu elə bir dövr idi ki, bir tərəfdən qarşıda imperiya buxovlarından azad olmaq şansı, müstəqillik perspektivi görünürdü, digər tərəfdən milli varlığın rəmzlərindən biri olan Vətən torpağına qəsd edilmişdi. Həmin dövr hamımız üçün ağrılı, həyəcanlı və eyni zamanda ümidli bir dövr kimi yadda qalmışdır. Hamı hər gün, hər saat həm də nə isə qorxulu, sevincli bir şey gözləyirdi. Kimin ki yeniyetməlik çağı bu dövrə düşmüşdü, onlar gözlərini açıb bu təzadlar içərisində yol seçmək məcburiyyətində idilər. Kim ki Ülvi kimi hələ gənclik dövründə ikən yetkinlik məqamına çatmışdı, o, hisslərini şeirlərində, düşüncələrini məqalələrində, iradi əzmini əməllərində ifadə edirdi.

 

Ən dərin dərələr, müdhiş yarğanlar, 

Əlçatmaz dağların özülü olur.

Gülüşlər, haraylar, ahlar, amanlar,

Həmişə yan-yana düzülü olur.

Bəli, bu dövr faciələr dövrü idi. Bu dövr həm də qəhrəmanlıq, cəngavərlik dövrü idi. Yeniyetmə gənclərin elə küçələrdəcə avtobuslara minib birbaşa cəbhəyə, döyüşə tələsdiyi, qanların qaynadığı, hisslərin coşduğu, bəzən on illərlə dərk edilə bilməyən milli mənliyin bir anda dərk edildiyi hümmət zamanı idi, qeyrət zamanı idi! Amma kimlərsə hələ qabaqcadan özünü bu qeyrət məqamına hazırlamışdı. Damla-damla dolmuş, misra-misra yazılmış bir tale!

Heç bir xəyanət və fəlakət unudulmur. 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilmiş qanlı qırğın həm xəyanət idi, həm də fəlakət. Hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələnlər bir tərəfdən xəyanət və fəlakətin səbəbkarlarını lənətləyir, digər tərəfdən qürur hisslərini gizlətmirlər. Axı şəhidlər təpədən dırnağacan silahlanmış qoşunun qabağından qaçmadı, bizə Vətəni necə sevməyi, azadlıq, müstəqillik uğrunda qurban getməyi öyrətdi, ölümləri ilə ölümsüzlük qazandı.

Hər il Şəhidlər xiyabanını ziyarət etməyə ölkəmizin müxtəlif bölgələrindən minlərlə insan gəlir. Siyasi əqidəsindən, dinindən və dilindən, təhsilindən və tutduğu vəzifəsindən asılı olmayaraq, bu adamlar qanlı cinayətin səbəbkarlarını lənətləyir, şəhidlərin ruhu qarşısında baş əyirlər.

Şəhidlər xiyabanı Müqəddəs and yerimiz.

Mərmər daşlara hopub, Bayatımız, şerimiz.

Bizə güllə dəyəndə, Bu torpaq yaralanıb.

Onun sinəsi üstə Məzarlar sıralanıb.

Bəli, 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Hər şeydən əvvəl həmin gün Azərbaycan tarixinə “Azadlığa aparan yol” kimi düşdü. Digər tərəfdən, mənfur qonşumuza – təcavüzkar Ermənistana aydın oldu ki, Azərbaycan xalqı ərazisinin bir qarışını belə digər xalqlara güzəştə getməyəcək. Bu yolda canlarını qurban verəcək, sinələrini sipər edəcək, lakin geriyə dönməyəcək 20 Yanvar şəhidləri kimi...

Şəhidlik, həqiqətən də, qeyrət, hünər zirvəsidir. Hər kəsin də taleyinə bu müqəddəsliyə qovuşmaq yazılmır. Bəlkə də ona görə Şəhidlər xiyabanı nəsillərin əbədi ziyarətgahına çevrilir. Həmişə onlarla fəxr edirik. Hər kəs bir ömrün sahibidir. Az-çox yaşamağından asılı olmayaraq bir gün son gəlir.

Şəhidlər isə adilikdən çox uzaqdırlar. Onlar ölməzliyə qovuşublar.

 

Abdulla  Əsgərov  

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil şöbəsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: