Neft strategiyasından yaşıl enerji strategiyasına

Əbu – Dabi Dayanıqlılıq Həftəsi

A- A A+

Yanvar ayının 16-da BƏƏ-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsində iştirak etdi. Ölkə başçısının fəxri qonaq qismində iştirak etdiyi tədbirdə diqqət çəkən məqamlar Azərbaycanın gələcək yönümlü iqtisadi, siyasi strategiyasının nə qədər etibarlı dayaqlar üzərində formalaşmasını nümayiş etdirdi. Dünyanın müasir siyasi platformasındakı kəskin dalğalanmalar, Rusiya-Ukrayna müharibəsi və bu siyasi proseslərin fonunda inkişaf edən yeni bir trend – enerji tranformasiyasının təməl daşına çevrilən yaşıl enerji, bərpa olunan enerji resurslarına yönəlmə Azərbaycanın xarici siyasət vektorunun çoxçeşidli imkanlarını ortaya qoydu.

Dünya bu günə qədər ənənəvi enerji resursları ilə diqqəti çəkən Azərbaycanı əslində böyük bir yaşıl enerji potensialı ilə də tanıdı. Heç təsadüfi deyil ki, ötən ilin dekabrın 17-də Buxarestdə keçirilən sammitdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Sazişin imzalanması, Azərbaycanın ilkin məqamda 4 qiqavatlıq yaşıl enerji resursları ilə bu layihədə iştirakı bir daha onu sübut edir ki, Rusiyanın ənənəvi enerji qısğacı ilə sınanan köhnə qitə üçün Azərbaycan bir çıxış yolu statusu qazanır. Buna qədər Azərbaycan Cənub Qaz dəhlizi ilə Avropanın bu qısğacdan müəyyən qədər xilasında mühüm rol oynayırdı. Hətta bu il Azərbaycan təbii qaz ixracını 24 milyard kubmetrə qədər artıracaq.

Lakin Paris İqlim Sazişinə böyük bir şüarla qoşulan Avropa üçün yaşıl enerji reallığı artıq təxirəsalınmaz məqamdadır. Bunu da xatırlatmaq yerinə düşər ki, mövcud Rusiya qısğacı illərdir unudulan Avropanın kömür yanacağına qayıdış situasiyalarını da bu sazişin kölgəsində masa üzərinə gətirə bilmişdi.

Bəs Azərbaycan üçün bu meqalayihələrin siyasi, iqtisadi anlamı nədir? Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edən ölkə başçısı bu layihələrin Azərbaycanın enerji təhlükəsizliyinə xidmət etmədiyini dönə-dönə vurğuladı. Çünki Azərbaycan enerji təhlükəsizliyini onsuz da bir neçə il əvvəl təmin edib. Bərpa olunan enerji ilə bağlı proqramın gündəliyi nəhəng potensial, ixracın şaxələndirilməsi və iqtisadiyyatın yeni ekoloji təmiz sektorunu yaradacaq.

Birincisi, bu meqalayihələrdə iştirakın incə məqamı Azərbaycanın geosiyasi reallıqda çoxvektorlu tərəfdaşlıq imkanlarının artması məsələsini ön plana çıxarır. Əbu-Dabi Dayanıqlılıq Həftəsində iştirak edən ölkələr içərisində böyük maliyyə resurslarına malik ərəb dövlətləri var. Bu ölkələrin sərmayə potensialını Azərbaycana yönəltməklə həm də böyük iqtisadi tərəfdaşlıq imkanları yaranacaq. Bu isə beynəlxalq aləmdə ciddi siyasi həmfikirliliyi təmin edəcək. Biz qəbul etməliyik ki, iqtisadi maraqları toqquşmayan dövlətlər siyasi arenada opponentə çevrilə bilirlər. Bu mənada dünyanın müasir siyasi mənzərəsində ərəb dövlətlərinin (xüsusilə də Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı kimi böyük maliyyə imkanlarına malik ölkələrin) iqtisadi əməkdaşlığa cəlbi Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Siyasi bünövrənin təməl daşlarının hələ illər əvvəldən planlaşdırıldığı Azərbaycanda bu prosesin bünövrəsi 2005-ci ildə Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə əlaqələrinin genişləndirilməsi ilə qoyuldu. Hazırda Azərbaycandakı investisiya mühiti neft və qaz sektorundakı böyük sərmayə axını ilə yanaşı Azərbaycanın bərpa olunan enerji resurslarına sərmayələrin cəlb olunmasını da şərtləndirir. Artıq belə təcrübələr mövcuddur. Vurğulayaq ki, ötən ilin yanvarında 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının, martda isə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyuldu. Sonuncu stansiyanın tikintisini BƏƏ-nin “Masdar” şirkəti həyata keçirir. Bu saydıqlarımız Yaşıl Enerji meqa layihələrində ərəb investoriyasının imkanlarının Azərbaycana cəlbinin mühüm nəticələri kimi qiymətləndirilə bilər. “Masdar” şirkəti ilə  Azərbaycan Dövlət Neft Şirkətinin 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalaması da bu əlaqələrin növbəti mərhələsidir.  Bir statistik rəqəmə də diqqət etsək, ötən ilin yanvar-oktyabr ayları üzrə BƏƏ ilə Azərbaycanın ticarət dövriyyəsinin 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə artaraq 90 milyon dollardan artıq olması da bu iqtisadi əməkdaşlığın perspektivlərindən xəbər verir.

İkincisi, Azərbaycan Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda böyük enerji layihələrinə start verdi. Yeni alternativ elektrik stansiyalarının təməli qoyuldu. Bu prosesdə ərəb şirkətlərinin iştirakı da sözügedən sammitin əhəmiyyətini ortaya qoyur. Yaxın aylarda Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan bu böyük potensialı işğal olunmuş torpaqlara cəlb etməklə həm yeni iqtisadi əməkdaşlıq platformaları qurur, həm də enerji resurslarının ixracı imkanlarını dəyərləndirərək Avropanın yaşıl enerji təminatında açar rol oynayır.

Üçüncüsü, bu şirkətlərin yaşıl enerji layihələrinə investisiya maraqları mövcud potensialın yüksək olması ilə əlaqədardır. Sammitdə çıxışında ölkə başçısı quruda 27 qiqavatlıq külək və günəş enerjisi, işğaldan azad olunan ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, Xəzərin Azərbaycan sektorunda 150 qiqavatlıq külək enerjisi imkanlarının mövcudluğunu qeyd etdi. Beynəlxalq enerji şirkətləri ilə imzalanan anlaşma memorandumları və sazişlər vasitəsilə bu imkanların 22 qiqavatlıq hissəsini istehsal etmək imkanı verəcək. O da vurğulandı ki, bu imkanların hazırda 10 qiqavatlıq hissəsinin istehsal və ixracı üçün yol xəritəsi mövcuddur.

Dördüncüsü, ölkə başçısının qeyd etdiyi kimi Azərbaycan ənənəvi enerji resurslarının ixracı üçün mühüm marşrutlara sahibdir. Cənub Qaz Dəhlizi bu prosesdə həyati əhəmiyyət daşıyır. Amma alternativ-bərpa olunan enerji resurslarının ixracı üçün marşrutların təməli yeni qoyulur ki, yuxarıda da qeyd etdiyimiz kimi Gürcüstandan keçməklə Qara dənizin dibi ilə çəkiləcək enerji ötürücü xətlərinin quraşdırılması Azərbaycanın Şərq-Qərb dəhlizinin çeşid və funksionallığını daha da artıracaq. Bu məqamda Zəngəzur dəhlizinin proqnoz imkanları da mühüm əhəmiyyətə malikdir. Çünki ölkə başçısının yerli telekanallara müsahibəsində vurğuladığı kimi bu dəhliz nəinki nəqliyyat, həm də enerji dəhlizi olacaq. Bu isə Azərbaycanın ən böyük siyasi və iqtisadi tərəfdaşı – Türkiyəni də Yaşıl dəhlizin parametrlərinə daxil edəcək, söz sahibi ünvanı qazandıracaqdır.

Ölkə başçısının ötən gün Çinin CGTN televiziya kanalına müsahibəsində “Bir kəmər, bir yol” sammitinin önəmini vurğulaması da, əslində bu dəhlizin Çindən Avropaya uzanan böyük bir proyekt olması, bunun enerji faktorunun isə xüsusi əhəmiyyətini ön plana çıxarır.

Beşincisi, bu enerji layihələrində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın Zəngəzur dəhlizi sayəsində böyük bir iqtisadi bağlanc-stansiya rolu danılmazdır. Böyük günəş enerjisi potensialı belə bir şəbəkəyə Naxçıvanın da qoşulmasına şərait yaradacaq, mühüm iqtisadi səmərə qazandıracaqdır.

Altıncısı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Azərbaycan 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azalmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları da artıq müasir reallığın tərkib hissəsidir.

Bütün bu detalları bir başlıqda birləşdirsək, neft strategiyası ilə başlayan bu proseslərin yeni enerji trendi olan yaşıl enerji layihələrində enerji tranformasiyasına Azərbaycanın inteqrasiyasını şərtləndirəcək, böyük investisiya imkanları yaradacaq, ixracı ənənədən alternativə yönəldəcək və geosiyasi mənzərədə mühüm önəmə sahib olacaq. Vurğulayaq ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Bu platforma üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə layihələr həyata keçirir.

2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak etmişdir.

 

İlkin Rzayev

"Naxçıvan MR Televiziya və Radio Verilişləri" QSC-nin

Proqram, efir buraxılış və əlaqələndirmə direksiyasının direktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: