Naxçıvan Şəhər İcra Hakimiyyətində şəhid ailələri və qazilərin iştirakı ilə tədbir keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində şəhid ailələri və qazilərin iştirakı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev tarix yaradan şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru qiymət verən dövlət xadimi, dahi liderdir. Bu baxımdan onun 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti mükəmməl bir tarixi nümunədir.

Qeyd edilib ki, bütün maneələri aşaraq faciənin ertəsi günü öz kəskin siyasi etirazını bildirən Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı.

Vurğulanıb ki, bu gün Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial rifahının yaxşılaşdırılmasına xüsusi diqqət göstərir. Dövlət başçısı müvafiq fərmanına əsasən şəhid ailələrinə təqaüd verilir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərlinin “Naxçıvanda 1990-cı ilin 20 Yanvar hadisələri”, əməkdar jurnalistlər Qahirə Hüseynovanın “1990-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında baş verən ictimai-siyasi proseslərin yerli və dünya kütləvi informasiya vasitələrində işıqlandırılması”, Hüseyn Əsgərovun “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin fəaliyyəti” mövzularında çıxışları dinlənilib.

Çıxışlarda qeyd olunub ki, 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, xalqımızın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bütün dünya Azərbaycan xalqının mübarizə əzminin təntənəsini 44 günlük Vətən müharibəsi zamanı ən yaxşı şəkildə bir daha gördü. Azərbaycan tarixi zəfəri ilə ədaləti bərpa etdiyi üçün bu gün bütün şəhidlərimizin ruhu da şaddır.

 

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: