Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 33 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.
Xalqımız tarixin müxtəlif dövrlərində öz müstəqilliyi, azadlığı uğrunda, zülmə-istibdada qarşı qətiyyətlə mübarizə aparıb. Təbii ki, bu da asan olmayıb, azərbaycanlıların azadlıq uğrunda mücadiləsi, haqsızlığa qarşı etiraz səsinin qan içərisində boğulmasına cəhdlər edilib. Məhz XX əsrin əvvəllərində də rus işğalı nəticəsində istiqlaliyyətimiz süqut etdi, xalqımızın azadlıq mübarizəsi boğuldu, bir neçə dəfə soyqırımı törədildi. 20 Yanvar hadisələri isə xalqın milli mənliyinə, milli azadlıq ruhuna təcavüz cəhdi idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, iradəsini möhkəm saxladı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar hadisələrini eyni zamanda milli birlik, mübarizə və məğrurluq örnəyi kimi xatırlayırıq.
Biz 20 yanvar tarixini milli matəm, hüzn günü kimi yox, milli iftixar hissi ilə yad edirik. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin azərbaycanlılara qarşı törətdiyi bu qanlı cinayət xalqı daha sıx birləşdirdi, onun mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına köçdü. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü, vətən sevgisini göstərdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Xalqımız 20 Yanvar hadisələrinin 33-cü ildönümünü igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb. Ümummilli liderin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verildi.
Bu siyasət dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Ölkə başçısı da 20 Yanvar şəhidlərinin ailələri və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün təqaüdlərin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Vətənpərvərliyin ən ali zirvəsi şəhidlikdir. Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi dəyərlərin gücü ilə diktə olunan keyfiyyətdir. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev bu faciəni Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirmişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi”.
O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq ulu öndər Heydər Əliyev cəsarətlə bütün dünyaya bəyan etdi. Siyasi fəaliyyəti baxımından riskli olmasına baxmayaraq, Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən irəli gələn cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən ulu öndər yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandırdı.
20 Yanvar hadisələrinə əsl siyasi qiymətin verilməsi, terrorun günahkarlarının aşkara çıxarılmasıyla bağlı işçi qrupunun yaradılması da məhz ümummilli liderin adıyla bağlıdır. Həmçinin ulu öndər hadisələrin ertəsi günü həyatını təhlükəyə atıb Moskvada Daimi Nümayəndəliyə gedərək bu terrora, hərbi təcavüzə qarşı öz etiraz səsini ucaltdı. Heydər Əliyev Azərbaycan Nümayəndəliyindəki bəyanatında qətiyyətlə söyləmişdi:
“Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar”.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dahi rəhbərin təşəbbüsü ilə 1990-cı il 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri araşdırıldı, 1994-cü ildə 20 Yanvar faciəsinə hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymət verildi.
20 Yanvar şəhidlərinin rəşadəti həm də böyük mənəvi təsir qüvvəsinə malikdir. Bu faciə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ağır təcavüz və cinayət olmaqla yanaşı, həm də Azərbaycanın milli azadlığı uğrunda xalqımızın qan yaddaşına qəhrəmanlıq təcəssümü kimi həkk edilib. Bu qəhrəmanlıq salnaməsi gənclərimizin milli vətənpərvərlik ruhunda formalaşmasında böyük əhəmiyyət kəsb edir. Əgər xalqımızda yüksək vətənpərvərlik hissi olmasa idi, əliyalın yurddaşlarımız 1990-cı ilin 20 yanvar gecəsi sinələrini düşmən tankları önündə polad sipərə döndərməzdilər. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz Vətən övladlarının qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyirik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq illər keçir. Müstəqil Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində öz yerini tutub və bütün dünyaya sübut edib ki, müstəqilliyimiz əbədidir, dönməzdir.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Naxçıvanda da şəhidlərimizin xatirəsi həmişə uca tutulur. Muxtar respublika sakinlərinin ziyarətgahına çevrilən Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı əsaslı təmir olunub. Ətrafında yerləşən Xatirə Muzeyində faciə qurbanlarının məlumat toplusu və şəxsi əşyaları saxlanılır ki, bu da yeniyetmə və gənclərin milli vətənpərvərlik hisslərinin formalaşması, xalqın milli azadlıq mübarizəsinin öyrənilməsi baxımından önəmli rol oynayır.
Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində Vətən şəhidlərinə xatirə kompleksləri ucaldılıb, küçələrə, təhsil ocaqlarına onların adları verilib. Bu gün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı naxçıvanlıların and yerinə, müqəddəs məkanına çevrilib.
Doğma diyarımızda müharibə veteranlarının, şəhid ailələrinin və bu yolda sağlamlığını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifələrdən biridir. Muxtar respublikamızda hər il bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, sağlamlığını itirmiş şəxslərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı da 20 Yanvar hadisələrinin və zaman-zaman xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin gənc nəslə çatdırılması, onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir, milli qəhrəmanlarımız və şəhidlərimiz gənclər arasında geniş təbliğ olunur. Orta ümumtəhsil məktəblərində müharibə iştirakçıları ilə vaxtaşırı görüşlər keçirilir. Gənclərin vətənpərvərlik tərbiyəsinə diqqət göstərilir, bu sahədə layihələr icra olunur.
1990-cı il 20 Yanvar faciəsini, həmin gün şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar. Çünki bir millət kimi sınmadığımızın, əyilmədiyimizin, məğlub olmadığımızın, ümummilli mənafelər uğrunda birləşə bildiyimizin, azadlığımızı və müstəqilliyimizi qanımızla və canımızla əldə etdiyimizin sübutu olan 20 Yanvar qan yaddaşımıza yazılmış faciəli tariximiz, eyni zamanda qəhrəmanlıq salnaməmizdir. Bu tarixi yazanların və bu tarixin hüquqi, siyasi və tarixi qiymətini verənlərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir.
Bu gün müasir tariximizin ən unudulmaz və şərəfli dövrünü yaşayırıq. Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə son 200 ildə ilk dəfə itirilən torpaqlarını geri qaytarıb, sərhədlərini bərpa edib, bayrağını zirvələrə ucaldıb.
Belə ki, 2020-ci il sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan müharibə Azərbaycanın düşmən üzərində həlledici qələbəsi ilə nəticələndi və həmin il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin uzaq görən siyasəti, Vətən oğullarının şüacəti hesabına qələbə ilə başa çatdı.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Vətən müharibəsində də məhz öz canları, qanları bahasına döyüşən əsgər və zabitlərimiz 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş oğul və qızlarımızın qanını yerdə qoymadı. Artıq şəhidlərimizin ruhu şaddır. Çünki Şuşanın dağlarının başında duman yoxdu, artıq bütün Qarabağın üzərində günəş öz şəfəqlərini saçır. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan Qalib Sərkərdə İlham Əliyevin yürütdüyü siyasət nəticəsində regionun lider dövləti kimi tarixinin ən güclü və parlaq dövrünü yaşayır. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.
Mirməcid Seyidov
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri
Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri