20 Yanvar şəhidlərini unutmuruq - VİDEO
33 il bundan öncə xalqımız öz azadlığı və müstəqilliyi uğrunda minlərlə şəhid verdi. Bəli, xalqımız haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldıb könüllü şəkildə düşmən qarşısına çıxmaqdan çəkinmədi. Vətənin müdafiəsi uğrunda qəhrəmancasına şəhid olanlar sırasında Şərur rayon sakini Məmmədov Məmməd Əli oğlu da var idi.
Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi olan 90-cı il hadisələri ilk Naxçıvanda başladı. Həmin il yanvarın 19-da səhər saat 11:00 radələrində eşidilən atəş səsləri sədərəkliləri səfərbər etdi. Vətənin müdafiəsinə hər kəs könüllü qoşuldu. Köməyə gələnlərin Vətən boyda ürəkləri olsa da, əlləri boş idi. Elə şəhid Məmməd Məmmədov kimi. Onun yeganə ümidi evində olan ov tüfəngi idi. O, tüfənginə sarılaraq geriyə baxmadan evdən çıxır.
Məmməd Məmmədov düşmənlə döyüşdə qəhrəmancasına şəhid olur. Bu hadisə bütün kənd sakinlərini sarsıdır. Həmin vaxt Azərbaycan xalqının ən acı günü idi. Hər zaman xalqının namusunu, şərəfini, milli mənliyini qorumağı özünə borc bilən və “Mən bu faciəyə həmişə ürəkdən yanaraq, həm də vətəndaşlıq borcunu yerinə yetirməyə çalışmışam”,- deyən ümummilli lider Heydər Əliyev yenə də xalqının yanında oldu. Naxçıvana gələrək yanvar şəhidlərinin ailələrinə öz dəstəyini göstərdi. Məhz şəhid Məmməd Məmmədovun evində olan ulu öndər bu ailədən də öz qayğısını əsirgəmədi. Ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi faciə qubanlarına göstərilən dəyərin bariz nümunəsi idi.
Şəhid Məmməd Məmmədovun doğulduğu kəndin sakinləri hər zaman şəhidlərinin xatirəsini uca tutur, onun adını böyük fəxrlə hallandırırlar. Elə buna görə də kəndin adına da şəhid Məmməd Məmmədovun adı verilərək 1991-ci ildən 2002-ci ilə qədər Şəhid Məmməd kəndi kimi tanınmağa başlayıb. O illərdə dünyaya göz açan hər kəs Şəhid Məmməd sakini olduğundan qürur duyur.
Şəhidin doğulduğu kənddə xatirəsi uca tutularaq onun büstü də ucaldılır. Hər zaman şəhidinə qiymət verməyi bacaran kənd sakinləri şəhidlərini unutdurmamaq, onun qəhrəmanlıqlarını gələcək nəsillərə tanıtmaq üçün yenidən kəndə şəhidin adının verilməsini xahiş edirlər.
Bununla bağlı istəklərini dilə gətirən şəhidin oğlu Zamin Məmmədov aidiyyəti qurumlara müraciət etdiyini də vurğuladı. O, inanır ki, doğulub boya-başa çatdığı kənd yenidən qürur duyduğu atasının adını daşıyacaq.
Ramilə Rinadqızı