Deyirlər ki, fotoşəkillər zamanın durduğu anın təcəssümüdür. Nə zaman ki, özümüzü zamanı durdurmaq istəyəcək qədər xoşbəxt hiss edirik, əlimizə telefonu, yaxud da fotoaparatı alıb “gəlin bu anı ölümsüzləşdirək” deyərək sıxırıq düyməni. Ətrafa yayılan səs və budur, artıq həmin an donub qarşında dayanıb və sənə bircə baxış qədər uzaqdır. Məsələ sadəcə bununla da bitmir. Mən deyərdim ki, onlar eyni zamanda canlı xatirələrin bəzən rəngli, bəzən də ağ- qara şəkildə öz əksini tapdığı cansız simvollarıdır. O balaca çərçivəyə kimisi gəncliyini sığdırır, kimisi dostluqlarını, kimisi bir qəlbə sığmayan sevgisini, kimisi də bütöv bir ömrünü. Eynilə bizim bir dəqiqəlik sükuta sığdırdığımız kimi…
Təqvimin bu günü daşı-qayanı, quru torpağı Vətən statusunda qərarlaşdıranların anım günüdür. Bu gün eyni zamanda Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda apardığı mübarizə tarixi olaraq təqvimə yazılmış qəhrəmanlıq səhifəsidir. Buna görə də biz şəhidləri azadlıq mübarizəmizin yalnız qurbanları kimi yox, həm də qəhrəmanları kimi yad edirik.
Həmin gecədən bizi 33 illik zaman fasiləsi ayırır. O gecədən bizi, o gecənin qurbanlarını isə doğmalarından ayıran 33 il…
İllər keçir, fəsillər ötür, hətta ənənəvi hal olaraq zaman-zaman həyatımızdakı insanlar belə öz missiyasını dəyişir. Həyatımızda tək dəyişməyən insanlar itirdiklərimizdir. Onilliklər keçsə belə, ömrümüzün sonuna qədər biz onları ən son gördüyümüz halları ilə xatırlayırıq. Qısacası, biz də onları baş daşlarındakı rəsmlərində gördüyümüz simalarla tanıyır və xatırlayırıq. Əksəriyyətini gənc, şux qamətli, ağarmayan saçları, bəzilərini isə heç böyüməyən uşaq halları ilə. Sonsuza qədər də elə xatırlayacağıq. Hətta, illər keçəcək, bizdən sonrakı nəsillər də yenə həmin izlə xatırlayacaq onları. Hansı ki, yuxarıda da qeyd etdiyim kimi bir ömrün sığdığı, sığdırıldığı rəsmlərdən.
Bu gün Şəhidlər xiyabanları insan yağışına tutulur. Şəhidlik məqamında qərarlaşanlara qarşı unudulmazlıq ən yüksək vəfa nümunəsi, sədaqət və minnətdarlıq göstəricisidir. Şəhidlərə qarşı vəfa borcunu yerinə yetirənlər özünü məhz bu məkanda tapır, bir-bir ziyarət edir Vətəninin, xalqının bu gününü borclu olduğu qəhrəmanları. Geriyə qalır əldə qanın, kədərin, qurban olan canların simvoluna çevrilən qərənfil, bir də bir dəqiqəlik sükut…
20 Yanvar şəhidlərinin ruhuna hörmət və ehtiramla
Fatma Babayeva