Qızıl Qışlaqda körpü problemi var - VİDEO
Şahbuz rayonunun Qızıl Qışlaq kəndində yaşayan 5 ailə körpü problemindən əziyyət çəkir. Bəs, görəsən, onları uzun illərdir narahat edən bu məsələ niyə gözardı edilib? Naxçıvan televiziyasının əməkdaşları mövzunu araşdırıblar.
Qızıl Qışlaq kəndini ikiyə bölən çayın üzərində bir neçə yerdə körpü salınsa da, 5 evdən ibarət kəndin bir hissəsi nədənsə, bu baxımdan diqqətdən kənarda qalıb. Sözügedən 5 ailənin üzvlərinin kəndin əsas yolu ilə əlaqəsini isə yalnız sadə üsulla qurulmuş bu körpü təmin edir ki, onun da üzərindən keçmək olduqca təhlükəlidir. Daha təhlükəsiz körpüdən istifadə etmək üçün isə bir qədər məsafə qət edib qonşuların həyətindən keçməlidirlər.
Sakinlər bildirirlər ki, onlar bu problemlə bağlı dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsələr də, hər dəfəsində cavabsız qalıb və problemin həlli üçün heç bir addım atılmayıb. Körpüdə bir neçə dəfə bədbəxt hadisə də baş verib, yıxılaraq bədən xəsarətləri alanlar olub. Bu səbəbdən onlar ərazidə yeni körpünün tikintisini xahiş edirlər.
Düşünəndə ki, uşaqlar hər gün həmin körpünün üzərindən keçməklə məktəbə yollanırlar, təhlükənin nə dərəcədə ciddi olduğunun daha çox fərqinə varırsan. Amma nədənsə aid qurumlar məsələnin ciddiyyətinə varmırlar. Uzun illərdir kənd sakinlərini narahat edən bu məsələ Naxçıvan televiziyası vasitəsilə 2018-ci ildə də işıqlandırılmışdı. Aid qurumlar çəkiliş etdiyimiz zaman körpü ilə bağlı problemin həll olunacağı vədini vermişdilər. Lakin bir neçə il keçsə belə, problem elə problem olaraq qalır.
Məsələ ilə bağlı Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müraciət edilib. Məlumat verildi ki, bununla bağlı Şahbuz Rayon İcra hakimiyyətinə müraciət ünvanlanıb və artıq müvafiq ölçmə işləri aparılıb. Tezliklə problemin həlli istiqamətində işlər görüləcək.
Bu, aid qurumların NTV əməkdaşlarının şahidliyində kənd sakinlərinə məsələ ilə bağlı verdiyi ikinci vəddir. Ümid edirik ki, yeni körpünün inşasına qədər çaya sel gəlməz. Əks təqdirdə sakinlər, ümumiyyətlə, körpüsüz qalacaqlar.
Mahmud Hüseynov