Regionların inkişaf strategiyası sosial-iqtisadi siyasətdən daim birbaşa asılı olan faktordur. Ölkəmizdə regionların sosial-iqtisadi vəziyyəti həm obyektiv, yəni makroiqtisadi şərait, rayonun sosial əmək bölgüsündə tutduğu mövqe, sahə strukturu, coğrafi mövqeyi, təbii ehtiyatları, həm də subyektiv amillərlə və ilk növbədə regional idarəetmə metodları ilə müəyyən edilir. Son illərdə aparılan islahatlar, yeni dövrün tələblərinə çağırış və təkmilləşdirmə siyasətləri göstərdi ki, regionlara mütərəqqi üsulların tətbiq edilməsi yaxşı nəticələrə səbəb olur. Bu cür iqtisadi siyasətlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası da bəzi sahələrdə öz təminatını ödəyə bilir.
Artıq Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün büdcəsinin xərcləri 614 milyon 652 min 500 manat müəyyən olunub. Bunun 132 milyon 222 min manatı Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri hesabına, 482 milyon 430 min 500 manatı isə Naxçıvana ayrılan dotasiya hesabına tənzimlənəcək. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ona hədəflənib ki, muxtar respublika dotasiyadan asılı olmasın və mümkün qədər özü özünü maliyyələşdirsin. Bunun üçün Naxçıvana investisiya yatırımları vacib şərtdir.
Hazırkı dövrdə ölkəmizin ən böyük hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Gələcəkdə Zəngəzur dəhlizinin açılması həm də Naxçıvan Muxtar Respublikasına iri şirkətlərin investisiya yatırımlarını artıracaq. Çünki Zəngəzur dəhlizi həm də türk dünyasını birləşdirən əsas düyün olacaq. Zəngəzur dəhlizinin açılması muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcminin artmasına da böyük təsir göstərəcək. Çünki daşınma xərclərinin aşağı düşməsi muxtar respublikanın ixrac qabiliyyətini genişləndirəcək. Əslində bir mənalı şəkildə demək olar ki, Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi göstəricilərini daha da artıracaq. Nəzərə alaq ki, Naxçıvan iki ölkə ilə gömrük əlaqələrinə malikdir. Gömrük daxilolmaları və gələcəkdə burada geniş investisiya mühitinin formalaşması bütün bu dediklərimizi obyektiv şəkildə təsdiq edir.
Bəs gələcəkdə dəhliz açıldıqdan sonra Naxçıvanda hansı sahələr üzrə iqtisadiyyatı artırmaq olar, hansı sahələrə daha çox sərmayə yatırmaq olar? Suallarımızı iqtisadçı-ekspert Xalid Kərimli cavablandırdı: “2020-ci ildə ikinci Qarabağ savaşından sonra görünən mənzərə və savaşdan sonra imzalanmış üçtərəfli bəyanatda Naxçıvanın sonrakı imkişafı ilə bağlı ortaya çıxan mühüm reallıqlar Naxçıvanı Azərbaycanın yaxın gələcəkdə ən inkişaf etmiş regionlarından birinə çevirəcək. Son günlər Naxçıvanda aparılan islahatlar onu deməyə əsas verir ki, Azərbaycanın əsas ərazisində fəaliyyət göstərən şirkətlər Naxçıvana maraqlı olacaqlar. Bura investisiya yatırmaqda, öz şöbə və filiallarını açmaqda müəyyən işlər görəcəklər. Naxçıvan son dönəmlərə qədər müəyyən səbəblərdən bu proseslərdən bir qədər kənarda qalmışdır. Zəngəzur dəhlizinin açılması həm də Naxçıvanda xidmət sektorunun da inkişaf etməsinə səbəb olacaq. Əslində burada bir neçə istiqamət var. Birincisi, Azərbaycanda formalaşmış iri şirkətlərin Naxçıvanda nümayəndəliklərinin açılmasıdır Naxçıvanın ölkə iqtisadiyyatına açılması bu investisiyaları tələb edir. İkincisi isə, Zəngəzur dəhlizinin işə düşməsi ilə türk dünyası birləşəcək. Mərkəzi Asiyadan Türkiyəyə olan yük axınları bu dəhliz vasitəsilə Naxçıvandan reallaşacaq. Bu da öz növbəsində burada saxlanma, yerləşmə, anbar və digər yan xidmətlərin yaranmasını zəruri edəcək”.
Zəngəzur dəhlizinin açılması Naxçıvanı həm də əsas nəqliyyat mərkəzlərindən biri edəcək. Bu baxımdan burada logistik və nəqliyyat xidməti göstərən şirkətlərin də fəaliyyəti arta bilər. Azərbaycanın həm Zəngilanda, həm də Naxçıvanda beynəlxalq logistika şəbəkəsi mərkəzlərinin yaradılması planları mövcuddur. Zəngəzur dəhlizinin işə düşməsi ilə Naxçıvan böyük yük axınlarının mərkəzinə çevriləcək. Təbii ki, bu yük axınları ortaya çıxanda məşğulluq, yeni iş yerlərinin açılması da reallaşacaq. Çünki yük daşımaları zamanı anbar təsərrüfatlarına, soyuducu anbarlara, saxlama yerlərinə, hətta hotel biznesinə və iaşə sektoruna ehtiyac və müsbət təsir daha çox olacaq.
Bu gün Naxçıvanda yerli iri şirkətlər də fəaliyyət göstərir. Gələcəkdə bunun çoxalacağı da aydın məsələdir. Bu baxımdan ölkə başçısının bir başa dəstəyi ilə burada geniş sahibkarlıq mühiti formalaşır. Son dönəmlərdə Naxçıvanda aparılan islahatlar, Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinin yaradılması faktı da buna bir nümunədir. Əlbəttə, həyata keçirilən islahatların tək hədəfi Zəngəzur dəhlizinin açılması və bu sahədə iqtisadi perspektivlərin əldə edilməsidir.
Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramovla telefon əlaqəsi yaratdıq. Vüqar Bayramovun fikrincə, bu dəhlizin işə düşməsi Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında gözlənilməz bir artım yaradacaq: “Zəngəzur dəhlizi həm də Naxçıvanda istehsal edilən məhsulların daha geniş bazara çıxarılması üçün vacibdir. Bu gün Naxçıvanda istehsal edilən məhsulların ixrac imkanları genişdir. Azərbaycanın digər bölgələrinə məhsul çıxaranda nəqliyyat baxımından xərclər baha olur, bu da sahibkarların gəlirlərinə mənfi təsir edir. Bu baxımdan Zəngəzur dəhlizi bir tərəfdən imkan verəcək ki, naxçıvanlı sahibkarlar öz məhsullarını ölkənin rayonlarına və xaricə rahat çıxara bilsinlər. Bu dəhliz həm də Naxçıvana sərmayənin cəlb edilməsi baxımından vacibdir. Gözlənilir ki, Naxçıvan Muxtar Respublikasına birinci mərhələdə daha çox yerli investisiyanın, ikinci mərhələdə isə xarici sərmayənin cəlb edilməsinə imkan yaransın. Sərmayənin cəlb edilməsi yeni iş yerlərinin yaranmasına da zəmin yaradacaq. Bu isə həm də Naxçıvanda xidmət sektorunun inkişafına səbəb olacaq.
Naxçıvanda yeni idarəetmə strukturunun formalaşdırılması da Zəngəzur dəhlizinin istifadəyə verilməsi kontekstində daha da aktuallaşır. Zəngəzur dəhlizinin reallaşması logistik baxımından, eləcə də məhsul istehsalı, həmçinin yerli məhsulların xaricə çıxış imkanı baxımından vacibdir”.
Göründüyü kimi ölkəmizin gələcək hədəfləri içərisində həm də Naxçıvanın iqtisadiyyatını daha da gücləndirmək var. Bunun üçün burada sahibkarlıq mühitinin inkişaf etdirilməsi, iri şirkət və layihələrin Naxçıvanda icrası kifayət edər. Bu proseslər isə Zəngəzur dəhlizinin tezliklə açılacağına bir işarə verir.
Mətin Kamal