Ekofəallar haqlı mövqeyimizi, milli maraqlarımızı müdafiə edir - FOTOLAR

A- A A+

Ötən il dekabrın 12-dən etibarən ölkəmizin ictimai-siyasi həyatında olduqca əlamətdar bir hadisə baş verdi. Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqlarımızın erməni separatçıları və xarici şirkətlər tərəfindən qanunsuz istismarına etiraz əlaməti olaraq Xankəndi-Laçın yolunda aktivistlər, ekofəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən etiraz aksiyası təşkil edilməyə başlandı. Artıq 40 gündən çoxdur ki, Şuşa ərazisində Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan yolun bir hissəsində davam edən aksiyada əsas tələblər erməni separatçıları tərəfindən Qarabağda ekoterrora son qoyulması, sərvətlərimizin talanmasının qarşısının alınmasıdır. Xatırladaq ki, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətsizliyi ucbatından azərbaycanlı mütəxəssislər həmin ərazilərə daxil ola, monitorinqlər apara bilmirlər. Buna görə də aksiyaçıların tələbləri arasında sülhməramlı qüvvələrin komandanı general Volkovla görüş də var. Təəssüf ki, bu tələblərin heç biri hələ də yerinə yetirilməyib.

Bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsi zamanı mövzu ilə bağlı verilən sualı ölkə başçısı cənab İlham Əliyev belə cavablandırmışdı: “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”.

Cərəyan edən hadisələri təhlil edən zaman görürük ki, azərbaycanlı aktivistlərin, gənclərin təşkil etdiyi aksiya dinc xarakter daşıyır və bu, tamamilə bizim haqqımızdır. Laçın-Xankəndi yolunda dekabr, yanvar aylarının iliyə kimi işləyən soyuq-sazağına məhəl qoymadan milli maraqlarımızı müdafiə edən ekofəallar bilməlidirlər ki, Azərbaycan xalqının qəlbi orada döyünür və onların haqlı tələblərini sonunadək dəstəkləyirik. Bəs tələblər özündə nəyi ifadə edir, bu hadisələr fonunda ermənilər cəfəng haray-həşir, səs-küy salmaq, dünyanın diqqətini mənasız yerə bu dinc aksiyaya cəlb etməklə nə əldə etmək istəyirlər?

Reallıq budur ki, Azərbaycanın Qarabağ iqtisadi bölgəsində faydalı yataqlarımız erməni mənfurları və onların xaricdən dəvət etdiyi şirkətlər tərəfindən, yumşaq desək, həyasızcasına, qanunsuz şəkildə talanır və sərvətlərimiz məhz bizim ölkəmizdən daşınaraq xaricdə satışa çıxarılır. Üstəgəl, qazıntılar zamanı ərazilərimizdə genişmiqyaslı ekoloji terror da törədilir. Bu, ənənəvi erməni xislətinə məxsus bir qaydadır. Necə ki, işğal dövründə Zəngilanın, Kəlbəcərin faydalı qazıntılarını, təbiətini talayıb dağıdan bu barbarlar indi də eyni əməlləri Qarabağ iqtisadi rayonunda törədirlər. Amma heç fərqində deyillər ki, zaman onların əleyhinə işləyir. Ən azından unutmaq olmaz ki, 44 günlük Vətən müharibəsində məğlub tərəf ermənilərdir və biabırçı məğlubiyyətin yiyəsi heç vaxt nəyisə diktə edə bilməz, başqa sözlə, qarşı tərəf ritorikasına, davranışlarına ən azından fikir verməlidir. Azərbaycanın masa üzərindəki sülh gündəliyinə müsbət cavab verib regiona davamlı sülh və sabitlik gətirmək əvəzinə, Qarabağda bizə məxsus olan faydalı qazıntı yataqlarını talamaqla, satmaqla məşğuldurlar. Yox, “cənablar”. İşinizlə əməliniz düz gəlmir. Dara düşən kimi “bacı”larınızın da iştirakı ilə Praqada, Brüsseldə keçirilən görüşlərdə sülh tərəfdarı olduğunuzu, ərazi bütövlüyümüzü tanıdığınızı bəyan etsəniz də, hərəkətlərinizdə heç də səmimi deyilsiniz. Sülh istəyən imzalanmış üçtərəfli Bəyanata sadiq qalıb ən azından qanunsuz erməni silahlı birləşmələrini Qarabağ ərazisindən çıxarar, daha xaricdən özləri kimi talançı barbarı dəvət edib özgəsinin torpağında faydalı qazıntıları yağmalamaz.

Azərbaycan hələ ki, ermənilərin bu addımlarına dinc aksiyalar təşkil etməklə cavab verir. Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində haqlı şüarlar səsləndirən gənclər soyuq qış günlərində möhkəm iradə, torpaq təəssübkeşliyi, milli birlik nümayiş etdirirlər. Gənclərimiz Qarabağdakı ermənilərə, rus sülhməramlılarına, ümumilikdə, dünya erməniliyinə açıq mesaj verərək bildirirlər ki, bura Azərbaycan ərazisidir və bizim razılığımız, icazəmiz, rəyimiz olmadan heç kim bir kvadratmetr torpağımızda belə daşı daş üstünə qoya bilməz. Törətdikləri əməli etiraf edib buna son qoymaq əvəzinə, düşmən yenə də həyasızcasına aksiyaçıları yolu bağlayıb onları blokadaya salmaqda günahlandırır, başqa sözlə, anti-Azərbaycan şousu yaradırlar. Əvvəla, bu, bizim torpağımızdır və haradasa toplaşmaq, nümayiş keçirmək, aksiya təşkil etmək üçün kimdənsə icazə almağa ehtiyacımız yoxdur. Məsələnin başqa bir tərəfi də budur ki, aksiya təşkil edən ekofəallar dayandıqları yerdən indiyə kimi 400-dən çox humanitar məqsədlə daşınan yüklərin maneəsiz hərəkətinə imkan yaradıblar. Belə olan halda hansı blokadadan, hansı təhdidkarlıqdan söhbət gedə bilər. Atalar yaxşı deyib: “Utanmasan, oynamağa nə var ki”... Süni blokada yaradan və bundan çirkin niyyət güdən biri varsa, o da sizsiniz, ey mənfur düşmən. Siz yox, 30 ildir işğalçılıq siyasətiniz ucbatından ölkəmizin əsas hissəsindən ayrı düşən, quru yolla anamız Azərbaycanla heç bir kommunikasiya və nəqliyyat əlaqəsi olmayan Naxçıvandır blokadanı yaşayan. Bu mənfur planlarınıza görə muxtar diyarın yaşamadığı çətinlik, görmədiyi çilə qalmadı. Niyyətiniz gün kimi aydındır. Yazıq, məzlum simasına düşüb yenə də xaricdən, dünya ermənilərindən dəstək almaq istəyirsiniz. Humanizm prinsiplərinə daim sadiq qalan Azərbaycan Qarabağda yaşayan erməniləri blokadaya salmaq və onları diz çökdürmək istəsəydi, indiyə kimi Laçın-Xankəndi yolundan sülhməramlıların və  Qırmızı Xaçın 400-dən çox humanitar maşın karvanı onların hüzuruna getməzdi. Yox, əgər mövcud vəziyyətlə barışmaq istəmirsinizsə, yaşayışınızdan narazısınızsa, necə deyərlər, yol açıqdır. Müzəffər Liderin də bəyan etdiyi kimi: “...əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var, hansı şəraitdə yaşayırlar. Ona görə kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır”.

Burada bir yarımbaşlıq da ərazidə müvəqqəti yerləşdirilən rus sülhməramlıları üçün ayrılmalıdır. Təəssüf ki, sözdə məramı sülh olsa da, əməlləri bunu demir, onlar açıq şəkildə tərəf saxlayır, azərbaycanlı mütəxəssislərin Qarabağ iqtisadi rayonuna maneəsiz daxil olmasına, ekoterrorun törədildiyi ərazilərdə monitorinqlər aparılmasına şərait yaratmırlar. Ermənilərin ən sadə məişət tələbatlarını belə canla-başla qarşılayan, ehtiyac olanda canıyananlıq göstərib az qala hər evə içməli su daşıyanlar nəyə görə eyni həssaslığı azərbaycanlılara, Azərbaycan sərvətinə qarşı göstərmək istəmirlər? Bu, ritorik sualdır, çünki cavab bəllidir.

Sonda yenə də haqlı mövqeyimizi, milli maraqlarımızı soyuq qışın gecə və gündüzündə müdafiə edənlərə səslənirik: əziz gənclər, sizin arxanızda güclü, qüdrətli Azərbaycan dövləti, sözü və imzası bir olan Müzəffər Ali Baş Komandan, “Dəmir yumruğ”un komponentlərindən olan xalq və təhlükəsizliyinizin qarantına çevrilib sizinlə günü qarşılayıb sizinlə yola salan mətin əsgərlərimiz var. Tezliklə Qarabağ iqtisadi rayonundakı talançılığa son qoyulacaq və bu, sizin möhtəşəm Zəfəriniz kimi tarixə yazılacaq.

                                                                               

Muxtar Rzazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: