Naxçıvandakı qəzaların artmasına səbəb sürücülərdir, yoxsa yol nişanlanmasındakı nöqsanlar?! - NTV-nin araşdırması - VİDEO
Son günlərdə qəzaların artmasına səbəb sürücülərdir, yoxsa yollardakı və yol nişanlanmasındakı nöqsanlar? Vətəndaşların çoxsaylı müraciəti əsasında Naxçıvan televiziyasının əməkdaşlarının məsələ ilə bağlı araşdırması var.
Son zamanlar Naxçıvanda yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Belə qəzalar maddi ziyanla nəticələnir, bəzən isə qəzanın şiddətindən sərnişin və sürücülər ciddi xəsarət alır, təəssüf ki, bəzən ölüm faktı ilə də üzləşirik. Yol qəzalarının baş verməsində səbəb əsasən sürücü və piyada səhlənkarlığı olsa da, bir sıra hallarda da yol şəraiti əsas amillərdən biri kimi göstərilir.
Məsələn, Naxçıvan televiziyasında Çeşməbasar-Ləkətağ yolunda baş vermiş qəza ilə bağlı xəbər təqdim edilmişdi. Avtomobilin dərəyə aşması, sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən qəzanın səbəbi kimi sürücünün sərxoş olduğu göstərilmişdi. Sosial şəbəkələrdə paylaşdığımız həmin xəbərə rəy yazan sakinlər isə həmin yolda qəzaların çox olduğunu və buna səbəb yolda nişanlamanın düzgün aparılmaması, eləcə də asfalt örtüyünün keyfiyyətli olmamasını göstərirlər.
NTV əməkdaşları sakinlərin bununla bağlı çoxsaylı müraciətləri əsasında məsələni araşdırıb və kifayət qədər nöqsan olduğunu aşkarlayıblar. Belə ki, qəzaların əsas səbəblərindən biri yolda hərəkəti tənzimləyən xüsusi yol nişanlarının ya olmaması, ya da düzgün tənzimlənməməsidir. Bir çox yol nişanları yolun kənarında deyil, asfalt örtüyünün üzərindədir. Bu isə həmin nişanın lazım olan məsafədən görünməməsinə səbəb olur. Yağıntılı və qarlı havada isə bu nişanları heç yaxın məsafədən də görmək mümkün olmur.
Digər bir problem isə yol tikintisi zamanı asfalt örtüyünün standartlara uyğun salınmamasıdır. Ötən illərdə yol çəkilişi zamanı “qənaət rejimi”nə keçən tikinti şirkətləri asfalt örtüyünü lazımi qalınlıqda vermədiyindən xüsusilə kənd yolları tez sıradan çıxır, istismar müddəti çox qısa olur. Nəzərə aldıqda ki, Naxçıvanda kəskin kontinental iqlim, yəni yayda çox isti, qışda isə şaxtalı hava şəraiti hökm sürür, bu zaman standarta uyğun olmayan asfalt örtüyü qısa zamanda sıradan çıxır. Nəticədə yollarda əmələ gələn çat və çalalar bitumla təmir olunur. Bu isə isti havada yapışqanlıq, yağmurlu havada isə sürüşkənliyə səbəb olur.
Çeşməbasar-Ləkətağ yolundan Culfa rayonunun ucqar kəndlərində yaşayan sakinlər istifadə edir. Həmçinin bu yol bölgədə yerləşən tarixi turizm obyektlərinə və dağ turizmi marşrutlarının əsas gediş-gəliş yoludur. Hazırda isə yolun bir çox hissəsi bitumlanma nəticəsində sürüşkəndir və burada demək olar ki, heç bir yol nişanı yoxdur. Bu da sürücülər üçün təhlükə yaradır.
Qeyd edək ki, aparılan müşahidələr və televiziyaya daxil olan müraciətlər nəticəsində bəlli oldu ki, analoji problemlər təkcə bu yolda yox, rayonlararası yolların əksəriyyətində mövcuddur.
Məsələ ilə bağlı Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, yaxın vaxtlarda bu problemlərin həlli üçün lazımi işlərin görülməsi nəzərdə tutulub.
Yol nişanlarının standartlara uyğun nizamlanmaması isə təkcə rayon və kənd yollarının deyil, bütövlükdə muxtar respublika əhəmiyyətli bütün yolların problemidir. Hər halda bütün sürücülərə və piyadalara təhlükəsiz yol arzulayırıq. Səbəb hər nə olursa olsun, ehtiyatı əldən vermək olmaz.
Xosrov İbrahimov