Marşrutlarda qanunsuz qiymət artıranlar var - NTV-nin ARAŞDIRMASI - VİDEO

422

Sosial şəbəkələrdə ən çox müzakirəyə səbəb olan məsələlərdən biri də rayon və kənd marşrutlarında fəaliyyət göstərən avtobusların sərnişindaşıma qiymətidir. Sərnişinlər iddia edir ki, bəzi avtobus sürücüləri onlardan təyin olunmuş qiymətlərdən yüksək məbləğ tələb edirlər. Bəs buna səbəb nədir? Bu barədə NTV xəbər araşdırıb.

Xəbər verdiyimiz ki, Naxçıvan şəhərində fəaliyyət göstərən marşrut avtobuslarının qiyməti tənzimlənərək 40 qəpikdən 30 qəpiyə endirilib. Bununla bağlı yayımlanan xəbərlərə münasibət bildirən sosial şəbəkə istifadəçiləri rayon mərkəzləri və kəndlərə nəqliyyat daşımalarında da süni qiymət artımının olduğunu iddia edirlər.

Qeyd edək ki, sözgedən marşrut xətləri üzrə qiymətlər Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 14 mart 2022-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri”nin təsdiq edilməsi haqqında qərarı ilə təsdiqlənib. Tarifə əsasən 1 km məsafə üçün hesablanan məbləğ 3 qəpikdir. Naxçıvan Muxtar Respublikası Nəqliyyat Xidmətindən də bildirilib ki, qiymətlər Nazirlər Kabinetinin təsdiq etdiyi qaydada müəyyən edilib.

Naxçıvan Şəhər Avtovağzalında aparılan çəkilişlər zamanı məlum olub ki, bəzi kəndlər üzrə fəaliyyət göstərən marşrutların sürücüləri bir ilə yaxındır ki, süni şəkildə qiyməti artırıb. Məsələn, Ordubad rayonunun Dırnıs kəndinə sərnişin daşıyan avtobuslarda adambaşına qiymətlər qrafik üzrə 2 manat 85 qəpik olduğu halda, avtobusda 3 manat olaraq qeyd olunub.

Sakinlərin bəziləri qiymətlərin münasib olduğunu bildirsələr də, bir çoxu baha olduğunu deyir. Sosial şəbəkələrdə də sərnişinlərin əksəriyyəti süni qiymət artımının olduğunu iddia edirlər.

Sürücülər qiymətlərə təsir edən əsas amil kimi, sərnişin azlığını göstərirlər.

Avtobus xidmətləri ilə bağlı sərnişinləri narahat edən digər bir məsələ iş çıxışı və universitetlərdə dərslərin bitdiyi zamanlarda tələbat daha çox olduğu halda, bir çox istiqamətlərdə avtobus qıtlığının yaşanmasıdır. Nəticədə sərnişinlər hər gün daha baha qiymətlərlə taksi xidmətindən istifadə etməyə məcbur olurlar.

 

Yunis Allahverdiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: