NTV Naxçıvan şəhər sakinlərinin müraciətini araşdırıb - VİDEO
Son illərdə ölkəmizdə aparılan infrastruktur quruculuğu muxtar respublikada da geniş vüsət alıb. Naxçıvan şəhərinin küçə və prospektləri abad görkəmə qovuşub, müasir yollar, abad məhəllələr salınıb. Bu işlər şəhərimizin mərkəzi prospektləri ilə yanaşı, şəhərətrafı küçə və məhəllələri də əhatə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, lakin sakinlərdən bəziləri NTV-yə müraciət edərək yaşadıqları ünvanlarda küçə və məhəllələrin abadlıq işlərindən kənarda qaldığını bildirirlər.
Əliabad qəsəbəsində, Qaraxanbəyli kəndində, Səməd Vurğun küçəsində, 54-cü məhəllədə, Firdovsi küçəsində və digər bir sıra ünvanlarda yaşayan sakinlər də öz məhəllələrinin abadlaşdırılmasını xahiş edirlər.
NTV əməkdaşları Naxçıvan Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilməyib. Ancaq Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi suallara aydınlıq gətirib.
Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, ötən illərdə olduğu kimi, bu il də Naxçıvan şəhərində abadlıq və quruculuq işləri planlı şəkildə davam etdiriləcək. Naxçıvan şəhərinin Xətai, Azərbaycan məhəllələri kimi, digər məhəllələr də növbə ilə abadlaşdırılacaq, bütün kommunikasiyalar yenilənəcək.
Xosrov İbrahimov