Ötən il Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı gömrük-keçid məntəqələrində 1 tona yaxın narkotik vasitə tutulub ki, bu da ötən illərlə müqayisədə çoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi Narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili Asiman Mehdiyev verib.
O bildirib ki, uzun müddət erməni işğalı altında qalan torpaqlarımızdan tranzit kimi istifadə olunub və narkotik vasitələrin qaçaqmalçılığı həyata keçirilib. Qarabağ işğaldan azad edildikdən sonra İrandan narkotik qaçaqmalçılığına sədd yaranıb. Buna görə də qaçaqmalçılar Naxçıvan marşrutundan istifadə etmək məcburiyyətində qalıblar və bu səbəbdən də Naxçıvandakı gömrük-keçid məntəqələrində narkotik vasitələrin tutulması faktı artıb.
İran avtomobilləri Naxçıvandan tranzit olaraq Türkiyəyə gedirlər və yük avtomobillərində tez-tez narkotik vasitələr aşkar edilərək müsadirə olunur.