NUHÇIXAN xəbər verir ki, ölkənin tanınmış internet portalı olan sputnik.az Naxçıvanda yerləşən müqəddəs Əshabi-Kəhf ziyarətgahı haqqında rus dilində maraqlı məqalə verib. Məqalədə qeyd edilir ki, Quranda adı çəkilən bu yerə daxil olan hər kəs özünü sanki başqa dünyada hiss edir. Həmçinin müsəlmanların müqəddəs kitabında Məkkə və Mədinə ilə yanaşı, Əshabi-Kəhfin də adı çəkilir. Bu qədim ziyarətgah haqqında ətraflı məlumat verən müəllif ziyarətçilərin burda yerinə yetirdikləri müxtəlif ayinlərə də toxunub. “Yeddi kimsənə” mağarası, “Damcıxana”, “ İstək dairəsi”, qədim məscidlə bağlı məlumatlar oxucuda maraq yaradır. Bundan başqa qeyd edilir ki, buraya hər il dünyanın bir çox ölkəsindən müxtəlif inanclara sahib olan insanlar gəlir. Onların arasında xristian, buddist, krişnaçı, hətta bütpərəstlər də olub. Amma hər kəs burda öz ibadətini edib gedir. Dünyanın bir sıra yerlərində Əshabi-Kəhfin olduğu qeyd edilsə də, məsələn İordaniyadakı mağarada 7 qəbir var. Halbuki , bura sığınan gənclər inanca görə burda qeybə çəkiliblər. Bu fakt Naxçıvandakı Əshabi-Kəhfi müqəddəs Quranda adı keçən yer olduğunu sübut edir. Bundan başqa yazıda maraqlı bir məqam da diqqəti çəkir. Naxçıvan Dövlət Universitetində ingilis dili dərsi tədris edən amerikalı xanımın bir neçə il ailəli olmasına baxmayaq övladı olmur. O, etiraf edib ki, kilsəyə getmir və Allaha inanmır. Amma Əshabi-Kəhf haqqında eşidəndən sonra buranı ziyarət edir. Burda Tanrıdan övlad istəyir və bir ildən sonra uşağı ilə şəklini Naxçıvandakı dostlarına göndərir. İndi isə həmin xanım hər il Əshabi-Kəhfi ziyarət üçün uzaq Amerikadan bura gəlir. Yazıda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1998-ci ildə ziyarətgahın əsaslı şəkildə abadlaşdırılması və 2006-cı ildə burada əsaslı təmir və bərpa işlərindən sonra ziyarətçilər üçün hər cür şərait və rahatlığın yaradılması xüsusi qeyd edilir.