Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji inkişaf xəttinin muxtar respublikamızda uğurla davam etdirilməsi nəticəsində qədim diyarımızın sosial-iqtisadi mənzərəsi əsaslı şəkildə dəyişilib.
Bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, reallaşdırılan məqsədyönlü islahatlar, bir sıra dövlət proqramları, mühüm infrastruktur layihələri davamlı yüksəlişi təmin edib. Muxtar respublikada inkişafın yeni konturlarını müəyyən edən perspektivli dövlət siyasətinin həyata keçirilməsi sahibkarlığın inkişafına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına səbəb olub. 2018-ci ilə əhəmiyyətli uğurlarla qədəm qoyan naxçıvanlılar əldə edilən bu nailiyyətlərin sevincini, eyni zamanda bu il Naxçıvan şəhərinin həm İslam Mədəniyyətinin Paytaxtı, həm də ölkəmizin Gənclər Paytaxtı olmasının qürurunu yaşayırlar.
Yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzlərində yeni ilin gəlişi münasibətilə bayram şənlikləri keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində iştirak edib, ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.
Göstərilən yüksək diqqət və qayğı nəticəsində son illər muxtar respublikamızda səhiyyə xidməti sahəsində köklü dəyişikliklər baş verib, səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilib, tibbi kadrların səviyyəsi yüksəldilib. Bu gün muxtar respublikamızın səhiyyə müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri, mürəkkəb cərrahiyyə əməliyyatları aparılır ki, 20 il bundan əvvəl biz bunları ancaq arzu edə bilərdik. Hər il mövcud imkanlar və resurs perspektivləri nəzərə alınmaqla bu sahə sistemli şəkildə inkişaf etdirilir. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında əsaslı yenidənqurma işlərinin aparılması da bu çərçivədə həyata keçirilib. Ötən ayın 11-də istifadəyə verilən xəstəxanada yaradılan şərait, quraşdırılan avadanlıqlar müasir tibbin tələblərinə tam cavab verir. Ali Məclisin Sədri Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında yaradılan şəraitlə tanış olub.
Bu gün muxtar respublikamızda aparılan geniş quruculuq işləri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə edib, zastavalarda geniş quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb. Sərhəd xidməti təkmilləşdirilməklə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazisindəki sərhədçi ailələri üçün nəzərdə tutulan xidməti yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu tədbirlərin davamıdır. Yanvarın 14-də həmin yaşayış binası istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Həmin gün diviziyanın hərbi şəhərciyindəki digər yaşayış binasında 2 zabit ailəsi mənzillə təmin olunub. Bu gün muxtar respublikamızın bütün yaşayış məntəqələri müasir görkəmə qovuşub. Naxçıvan şəhərində də geniş quruculuq işləri aparılır, yeni yaşayış binaları inşa olunur. Əhalinin rifahının yaxşılaşması insanların rahat və müasir mənzillərə olan tələbatını daha da artırır. Bu səbəbdən də Naxçıvan şəhərində müasir memarlıq quruluşuna malik ictimai yaşayış binalarının tikintisinə xüsusi diqqət yetirilir. Yanvarın 14-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində milli və müasir memarlıq üslubunda inşa olunacaq 44 mənzilli 6 mərtəbəli yeni yaşayış binasının təməlatması olub. Ali Məclisin Sədri yaşayış binasının layihəsinə və əraziyə baxıb, beton qarışığını bünövrəyə tökərək binanın təməlini qoyub, tikinti işlərinin müasir mühəndis-texniki tələblərə uyğun aparılması və keyfiyyət amilinə ciddi diqqət yetirilməsi barədə müvafiq tapşırıqlar verib. Muxtar respublikamızın ən ucqar dağ kəndlərinin də müasirləşdirilməsi insanların yurda bağlılıqlarını artırıb. Təsadüfi deyil ki, indi Naxçıvanda daimi yaşamaq üçün şəhərlərə deyil, kəndlərə üz tutanların sayı hər keçən gün daha da artmaqdadır. Çünki həmin yaşayış məntəqələrində qaz, işıq, su, rabitə problemləri öz həllini tapıb. Bu gün muxtar respublikanın ən ucqar kəndində belə, mövcud olan internet bir sıra qabaqcıl şəhərlərdən də sürətlidir. Həmin yaşayış məntəqələrinə aparan əsas və kənddaxili yolların da rahat olması kənddə şəhər rahatlığını tam təmin edib. Yanvarın 15-də Culfa rayonunun Dizə kəndi də muxtar respublikanın müasir yaşayış məntəqələri sırasına qoşulub. Həmin gün Dizə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib, tam orta məktəbin yeni binasının, kənd və xidmət mərkəzlərinin açılışı olub. Ali Məclisin Sədri açılış tədbirlərində iştirak edib, yaradılan şəraitlə maraqlanıb. Dəyişməz reallıq budur ki, hansı ölkədə təhsilə qayğı göstərilirsə, həmin ölkədə hərtərəfli inkişaf təmin olunur. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir”. Həqiqətən də, bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslin təhsil səviyyəsi daim yüksəldilməlidir. Bu baxımdan Naxçıvanda təhsilin inkişafı sahəsində görülən işlər Naxçıvan Dövlət Universitetinin timsalında daha aydın görünür. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində universitetdə böyük quruculuq işləri aparılıb, tədris müasir tələblərə uyğun qurulub, yeni fakültə və ixtisaslar açılıb. Ali təhsil ocağı bu gün elmin, tədrisin və mədəniyyətin inteqrasiyasını özündə birləşdirən dünya səviyyəli bir universitetə çevrilib. Onun beynəlxalq təhsil sisteminə inteqrasiyası istiqamətində işlər uğurla davam etdirilir. Bu çərçivədə yanvarın 17-də Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, universitetin Distant Təhsil Mərkəzi ilə tanış olub, mərkəzin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara uğurlar arzulayıb. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi ixtisaslı həkimlərin hazırlanması istiqamətində səmərəli fəaliyyət göstərir. Bu il fakültənin yerləşdiyi bina əsaslı şəkildə yenidən qurulacaq. Yanvarın 17-də Ali Məclisin Sədri binanın yenidənqurma layihəsinə baxıb, tikinti işlərinə başlanması ilə bağlı tapşırıqlar verib. 20 Yanvar tariximizə həm faciə, həm də qürur günü kimi həkk olunub. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da hər il 20 Yanvar şəhidlərinin xatirəsi əziz tutulur, şəhər və rayonlardakı şəhidlər xiyabanlarını minlərlə insan ziyarət edir. Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlib, “Ana abidəsi”nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün ölkənin iqtisadi regionlarını əhatə edən 18 parametr üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxıb. Muxtar respublikamız bu uğura ölkə başçısının göstərdiyi böyük diqqət və qayğı, ulu öndərimizin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində nail olub. Bu, muxtar respublikamızda aparılan davamlı sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir. Yanvarın 23-də Heydər Əliyev Muzeyində muxtar respublikanın 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlar Azərbaycanın hər bir bölgəsini əhatə edib. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu və icra olunması ölkəmizdə tikinti-quruculuq işlərinin həcmini xeyli artırmış, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, əhalinin rifah halı yaxşılaşmışdır. Ötən dövrdə istifadəyə verilən məktəb binaları, olimpiya-idman kompleksləri, xəstəxanalar, salınan yollar, yaradılan yeni istehsal müəssisələri, açılan yüz minlərlə iş yerləri bir daha göstərir ki, Azərbaycanda inkişafın mərkəzində insan amili dayanır. Naxçıvan Muxtar Respublikasının inkişafı da ölkə başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanır”. Ali Məclisin Sədri qazanılan nailiyyətlərdə əməyi olan bütün muxtar respublika sakinlərinə, sahibkarlara və dövlət qulluqçularına, əmin-amanlığın təmin olunmasındakı xidmətlərinə görə hüquq-mühafizə orqanlarına, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinə təşəkkür edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində bir sıra işlər görülüb. Yanvarın 25-də Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Həmin gün Ali Məclisin Sədri icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb. Ali Məclisin Sədri muxtar respublikada müasir səhiyyə infrastrukturu yaradılmasının, yeni texnologiyalardan istifadənin və fiber-optik xətlərin çəkilməsinin icbari tibbi sığortanın tətbiqinə geniş imkanlar açdığını bildirib, tibbi sığorta üzrə maarifləndirmə işlərinə və seminarların keçirilməsinə diqqət yetirilməsi, həkimlərin təkmilləşdirmə kurslarında iştirakı, tibbi sığortaolunanların həkim göstərişi əsasında müayinələrinin təşkili, həkimlərin əməkhaqqlarının artırılması, eləcə də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılması barədə tapşırıqlar verib. Sonra Sədərək rayon sakinləri ilə görüş olub. Ali Məclisin Sədri tibbi sığortanın tətbiqi münasibətilə sakinləri təbrik edib.
Bu gün muxtar respublikamızda həyata keçirilən bütün işlərin əsasında insan amilinə verilən yüksək qiymət dayanır. Naxçıvanın ötən dövr ərzində yazılan və yaradılan tarixi də məhz belə işıqlı ideyaya söykənib. 2018-ci ilin ilk ayı da bu tarixdə özünün layiqli yerini alıb. Muxtar respublikamızdakı sabitlik, əmin-amanlıq, birlik, həmrəylik və davamlı inkişaf nümunəyə çevrilib. Ötən illər ərzində aparılan genişmiqyaslı quruculuq işlərinin yanvar ayında da uğurla davam etdirilməsi isə bu il də muxtar respublikada quruculuq və tərəqqi mərhələsinin yeni müstəviyə qədəm qoyacağından xəbər verir.
Rauf Kəngərli