İnsan olmaq

Duyğuları, düşüncələri, hissləri, kədəri, sevinci, ağrıları, yaşantıları və hər birinin özünəməxsus hekayəsi ilə İNSAN olmaq...

A- A A+

Neçə gündür, xəyallarım bulanıqdır. Nələrsə gəlir ağlıma, xəyallarımı uzaqlara aparır. Hey yazmaq istəyirəm, amma bunu yazacaq gücü toparlaya bilmirəm. Daha doğrusu, qorxuram. Necə başlayıb - hardan başlayıb, harda bitirəcəyimi bilmirəm. Çünki hekayənin qaranlıq tərəfləri, bilinməyənləri çoxdur. Saysız insan taleləri, yaşanmışlar, yaşanmamışlar, yarımçıq qalmışlar... Bunları yazıya tökmək, ilmə-ilmə toxumaq, açığı, mənə çətin görünür. Amma başlamalı idim bir yerdən, bir məqamdan və ardı gəlməli idi. Bunu yazmağı özümə borc bilirəm anlamadığım bir səbəbdən. Bu borcu qaytarmalıyam.

Jurnalist həmkarım Türkan Hüseynlinin fikirləri isə məni buna daha çox sövq etdi: "İnsanın iç dünyasının qızıl hərfli səsidir yazmaq. Tükənməyən nəfəsi, bitməyən arzusudur. Ürəkdən keçənlərin ağ vərəqdə qoşularaq növbələşməsi, sətirlənməsidir. Yazmaq bir az da incə ruhun ehtiyacıdır. Boğulan hisslərin hərəkətə keçməsi, görünməyən hisslərin görünməsidir. Doğuşdan gələn istedaddır, vaxtsız, zamansız həvəsdir yazmaq. Özünlə danışmağın ən ideal üsuludur. Hər kəsdən küsəndə özünlə barışmaqdır yazmaq. Həyəcanlı cümlələr, emosional fikirlərdir. Çılğınlıqdır, bəlkə də. Səssizlərin danışan səsidir. Fikirlərin cəsarətli rəqsidir. Deyilə bilməyənlərin bəyanatıdır yazmaq. Bir az da yazılmayanların yazılmağıdır".

Yaşadığımız dünya yaxşılığın və pisliyin bağçasıdır. Burda hər şey ola bilər. Bura çox qəribə yerdir. Yaşadığımız bu dünyada isə Tanrı tərəfindən "yaradılmışların əşrəfi" olaraq xəlq edilən, Onun yaratdığı ən mükəmməl əsər olaraq təyinlənən, şüurlu varlıqların ən alisi olaraq dəyərləndirilən İNSAN olmaqdır ən çətini. Mövlana Cəlaləddin Rumi insan olmağın mürəkkəbliyini, möhtəşəmliyini, çətinliyini və bəlkə də, acizliyini özünəməxsus şəkildə belə ifadə edirdi: "Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə kədərlənir, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər". Başqa sözlə desək, bir canlı nə qədər ağıllı, güclü və azad yaradılarsa, yaxşılığı seçəndə o qədər gözəl olacaqdır. Amma pisliyi seçəndə də o qədər bərbad...

Yunan fəlsəfəsinə görə insan hər şeyin ölçüsüdür. Özünü dərk edən insan hər şeyi dərk edə bilir. Belə insanlarda bəşəri hiss güclü olur. 2500 ildir ki, bəşər övladı yunan filosofu Sokratın “Delfiyanın Daş məbədinə həkk etdirdiyi “Ey insan! Özünü dərk et, özünü dərk etsən, varlığı dərk edərsən” kəlamını yerinə yetirməyə, özünü, dünyasını dərk etməyə can atır.  

Müasir cəmiyyətlər özləri ilə özünəməxsus bir fenomen gətiriblər. İnsan əvvəlkindən daha çox insanla daha qısa, daha səthi münasibətlərə meyillidir. Bu, bir qrup kirpinin soyuq bir gündə görüşməsi hekayəsinə bənzəyir. Kirpilər isinmək üçün bir-birlərinə sığınırlar. Amma tikanları bir-birinə batır. Bir-birindən ayrıldıqda isə üşüyürlər. İrəli-geri hərəkət edərək, nəhayət, tikanlarını batırmadan bir-birlərini isidə biləcəkləri ən uyğun məsafəni tapırlar. İnsan da belədir. Yaxınlaşdıqca yandığın, uzaqlaşdıqca donduğun münasibətlər olur. İnsan olmağın ən çətin tərəflərindən biri də budur, yəqin ki; düzgün münasibətlər qura bilmək, münasibətləri tarazlıqda saxlaya bilmək.

Hər insan bir hekayə, hər insan bitməyən bir mübarizədir. O hekayənin, o mübarizənin sonunda isə final həmişə eynidir. Məmməd Arazın "Bəlkə, bu yerlərə bir də gəlmədim" misrası isə həmin finaldakı insan olmağın nisgilini, kədərini və bəzən ümidsizliyini ən yaxşı şəkildə ifadə edib. Hər nə qədər yaradılmışların əşrəfi olsa da, insanın təxəyyülündəki sonsuzluq, gələcəyə olan ümidlər bəzən ona ümidsizliyi, bədbinliyi də gətirə bilir. Ən xoş günün içində, ən xoşbəxt anın hüdudunda kədərini də xatırlaya bilmək. İnsan olmaq da elə bu deyilmi?

Əgər insana yalnız bədəndən ibarət bir varlıq kimi baxsaq, onu tam əhatə edə bilməyəcəyimiz kimi, yalnız psixoloji varlıq kimi də baxsaq, tam anlaya bilməyəcəyik. Deyirlər, ölülərin səssizliyi dirilərin səs-küyündən daha çox şey danışır bizə. Hər şeyin nəhayətində o torpaqda son tapacağı, gəldiyimiz yerə qayıdacağımız, bir ovuc vətən torpağı olacağımızı bildiyimiz halda qəbiristanlıqda qəbir qazan adamın belə öləcəyinə inanmadığını gördüm. Bu isə bir çarəsizlik içində belə gələcəyə olan inam və ümidin ehtişamıdır. Çünki Əbu Turxanın təbiri ilə desək, insan yarımçıqdır; onun digər yarısı bütün yerdə qalan dünyadır.

"Həyat çoxun da şirin, həyat azın da şirin. Səni mənalandıran o keşməkeşlərindir" deyərək Bəxtiyar Vahabzadə insan olmağın çətinliyinin həyatımıza qatdığı rənglərdən bəhs edirdi. Çətindir insan olmaq. Doğruluq, dürüstlük istər. Yaxşılıq, gözəllik istər. Səmimiyyət, vicdan istər, təvazökarlıq istər... Bəzən insan olaraq özümüzdən soruşmalıyıq: niyə dünyadayıq? Tanrının bizim üçün planladıqlarını, alın yazısı dediyimiz məfhumu gerçəkləşdirmək üçünmü? Çünki dünyada hər kəsin bir vəzifəsi var. Bizim də. Bəlkə də, çoxumuz hələ bilmirik, vəzifəmiz nədir və ya nədən ibarətdir... Əsas o deyil ki, insan necə ölür, əsas odur ki, insan necə yaşayır.

"Gedən başqasını tapar, qalan özünü" deyə bir fikir oxumuşdum. İnsan olmaq, həqiqətənmi, sənə dəyər verənləri, əzizlərini yarı yolda qoyub getməkdir? Yoxsa insan olmaq yarı yolda qoyulsan belə sənə arxa çevirib gedənə arxa çevirməməkdir? Bəlkə də, sənin ona arxa çevirib getməyəcəyinə əminlik yaratdığın insanların sənə qarşı duyduğu güvən, sevgi və dostluğu ruhunun dərinliklərinə qədər hiss etməkdir insan olmaq. Ya da insan olmaq hər dəfə yarı yolda qoyulsan da, yenə də güvənə bilmək, inana bilmək və sevə bilməkdir...

İnsanlar zahirən nə qədər vecsiz, laqeyd, güclü görünsələr də, onların daxili dünyasına enəndə başqa bir mənzərənin şahidi olursan. Əslində içəridə - ürəyin qaranlıq dərinliklərində kəşf edilməyi gözləyən, üzə çıxarılmağı, ortaya tökülməyi gözləyən həssas duyğuların, kiçik bir uşağın, nələrdənsə məhrum olmuş, nələrəsə məcbur qalmış insanların obrazları çıxır ortaya. O dərin qaranlıqda boğulmuş arzuların, məhv edilmiş gələcək planların və bəlkə də, gizlədilməyə məcbur edilmiş xəyalların xarabalıqları ilə üzləşirsən. İnsan olmağın ən çətin tərəflərindən biri də, yəqin ki, budur.

Bir dəfə gecənin qaranlığında qonşu ölkəyə olan səfərimizi xatırlayıram qeyri-iradi olaraq. Gecə yarısında bədirlənmiş ayın yolu işıqlandırması, musiqilərin və dostların müşayiəti ilə gerçəkləşən uzaq səfərdə Ayın parlaq işıqlarının qara asfaltı parlaq gümüşə çevirməsi... Başqa bir aləmə, sonsuzluğa səfər edirsənmiş kimi. Sanki yolun sonunda pərilər padşahının imarəti var və o sirli-sehirli aləmdə səni başqa bir macəra, başqa bir yenilik, başqa bir kəşf gözləyir. Yad ölkədə oturduğun balaca bir kafedə sənə doğma olan bir musiqi - Azərbaycan musiqisi səslənir - "Yadıma düşdü". O anda artıq özünü yad hiss etmirsən və sanki hər şey sənə doğmalaşır. Çünki hər şey yenidən yadına düşür, bütün varlığınla o musiqiyə köklənib insan olmağın möhtəşəmliyini və xoşbəxtliyini o duyğularla yenidən yaşayırsan. Bəlkə də, budur insan olmaq; gördüyün hər məfhuma bir məna yükü qatmaq, hər mənada öz xəyallar aləmini canlandırmaq. Ya da sənə möhtəşəm görünən hər şeyi, arzularının gerçəkliyə çevrilmə istəyini, ən sadə sevinci, ən ümdə xoşbəxtliyi sətirlərə çevirib özündən sonrakılara ötürməyi bacarmaqdır insan olmağın ehtişamı.

Bəlkə, insanın bir böyüklüyü də ondadır ki, o elə-belə doğulmadığını, başqalarına - istər doğma olsun, istər yad - gərək olduğunu dərk edə bilir. Bu bəşəri duyğudur. Lakin insan həm də heç kəsə bənzəməyən, özünəbənzər bir varlıqdır, fərddir. Onun öz istəyi, öz düşüncəsi, ürəyi vardır. Biz bu ürəyi yalnız gözəl hisslərlə doldurmağa qadir deyilik. Ruhun da istədikləri var; düşünmək, sevinmək, şənlənmək, hətta kədərlənmək, lovğalanmaq və s.

Şekspirin sözləri ilə desək: "İnsan necə də xariqüladə bir varlıqdır! Onda necə də böyük qabiliyyətlər gizlənmişdir! O, yaradılışın zinəti və bütün Yer üzünün tacıdır!" Göründüyü qədər, yaxud da kəlmələrə sığışdırdığımız qədər asan deyil insan olmaq. Çünki bu, hər şeyin subyektiv olduğu bir dünyadır. İnsanı insan edən xüsusiyyətlər insandan insana davamlı olaraq dəyişir və insan olmağa çalışan fərd eyni anda səkkiz fərqli istiqamətə çəkildiyini hiss edir. Çətin olur, çünki insan həm də cəmiyyətin gözləntilərini qarşılayır; biri ağ deyir, digəri qara.

Hər kəs özünü itirib səni günahlandıranda soyuqqanlılığını saxlaya bilsən, hamı səndən şübhələnəndə, sən özünə güvənib bütün şübhələri tolerantlıqla qarşılaya bilsən, əgər səbirlə gözləyib və gözləməkdən yorulmasan, ya da sən böhtana uğradığında yalana yalanla qarşılıq verməsən və kin tutana kin duymasan, onda insansan. Çünki sevgi və dürüst inanc insanları bir-birinə yaxınlaşdırır. İnsanları uzaqlaşdıran isə ayrı-seçkilik, mühakimə və qərəzdir.

İnsan olmaq hər insanın dünyaya baxış bucağının fərqli olmasından qaynaqlanan bir vəziyyətdir. Dünyada ən yaxşı kimi tanıyırıq? Özümüzü, təbii ki, ya da belə zənn edirik. Bizdən bir başqası daha varmı? Qətiyyən, yox. Düşüncələri, davranışı bənzər olanlar ola bilər, təbii ki, amma tamamilə eyni olanı yoxdur. Məsələn, bizim qırmızıya yanaşma tərzimiz hər kəslə eynidirmi? Deyil. Ağaca, suya, daşa, torpağa, havaya? Yox. Birini - bir insanı itirəndə əslində bir dünyanı itiririk. Gedənlər geri gəlmir və yerləri dolmur. Çünki insanlar gedərkən özləri ilə böyük bir dünya aparırlar. Hər insanın əslində bir dünya olmasını Məhəmmədhüseyn Şəhriyar çox gözəl ifadə edib:

                     Bir insan köçürsə dünyadan əgər,

                     Sən elə bilmə ki tək bir can gedir.

                     Hər sönən baxışda saysız ulduzlar,

                     Hər kiçik tabutda bir cahan gedir.

                     .... Hər gün yer üstündən yerin altına,

                     Köçür bir parçası bəşəriyyətin....

Hər insan bir dünyadır. Hər dünyanın öz qanunları, öz insanları var. Bir insanın içində olan başqaları onun təxəyyülünün məhsuludur. Real həyatda sevdiklərimizin bir obrazı vardır öz dünyamızda. Bir yaşlının içində bəzən bir uşaq, bir uşağın içində yaşlı bir varlıq yaşar. Qəlblər bunu yaxşı bilər. Bu cür yaşamda hökm ürəyin, tabeçilik isə ağılın olar.

İnsan olmaq uşaqlığından yaşlılığına daşıdığın bir mesajdır. Yolda bu mesajı itirməməyə diqqət et. O uşaqlığımızdan gətirdiyimiz mesaj hardadır indi? Bəlkə də, həyatın mənası o mesajın itməməsini təmin etməkdir. Həyatda hər kəsin bir məqsədi var. Ən böyük qorxu heç kim, heç nə olmamaqdır, bəlkə də. Bir mənası varsa, niyə burda olduğumuzu bilməmək, insanlar içində nə işə yaradığı bəlli olmayan bir insan olmaq... İnsanlıq tarixinin bir parçası olmaq lazımdır, ya da ən azından buna çalışmaq. Bəlkə də, budur insan olmaq.

Hər bir fərd təkrarolunmazdır, məna axtaran və məna yaradandır və özünü tapmaq üçün saysız-hesabsız güclü tərəfləri vardır. İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır. Maksim Qorki bunu belə ifadə edirdi: "İnsan kəsrə bənzəyir - məxrəcdə özü haqqında düşündüyü, surətdə əslində olduğudur. Məxrəc böyük olduqca, surət bir o qədər kiçikdir".

Uzun bir ayrılıqdır insanoğlu. Qəlbi öz yalnızlığına gömülmüş. Dünəni, bu günü, gələcəyi və bunun içində dünən yaşadıqları, bu gün etməyə çalışdıqları və gələcək üçün arzularıdır insanı insan olaraq var edən. Bu varlığın içində insanın ən çətin mübarizəsi özü ilə olan mübarizəsidir, özü ola bilmək mübarizəsi, insan olmaq mübarizəsi.

Bədii ədəbiyyatın, söz sənətinin bütün zamanlar boyu dəyişməz mövzusu, əsas predmeti insan olub. Bir mənbədə oxuduğum, "yerlə göyün koordinasiyasında olan Nizami insanı Nəsimidə yerlə əlaqəsini itirməyə başlayır. Füzulidə ayaqları yerdə olsa da, gözlərini göydən çəkə bilmir. Vaqiflə göyləri seyr etməkdən yorulur, göyün mələklərini, cənnətini yerə gətirir. Mirzə Fətəli Axundovda isə göylərdən və mələklərdən əl çəkib ədəbiyyatımızın uzun müddət unutduğu problemli dünyaya dönür" fikrinə Bəxtiyar Vahabzadə ideal bir şəkildə yekun vurur sanki:

                               İnsan! Təpədən dırnağa sən arzu, diləksən,

                               Nəfsində doyumsuz, fəqət eşqində mələksən...

Eşqinin ilahiliyində mələklərlə müqayisə edilən bir varlıq olmaq! Bununla belə doyumsuz nəfs insanı yanlışlara sürükləyə bilir. Yəqin ki, elə insan olmaq da budur: yaxşı ilə pisin arasındakı incə bir cizginin üstündə tarazla addımlamağa çalışmaq. O tarazlığı qorumaq, yaxşıya doğru əyilmək və pisdən uzaqlaşmağa çalışmaq.

İnsan olmaq nədir? Ruhumuzun yarım olmamağı. Əbu Turxan bu barədə deyirdi: "İnsan bədəni dünyanın, kainatın bir zərrəsi olduğu halda, insan ruhu dünyanı, kainatı ehtiva etmək qüdrətindədir! Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur". Buna görə də ruhumuz yarım olmasın, əlimiz-ayağımız onsuz da torpaq olacaq. Sizinlə sevinən, sizinlə ağlayan, dərdinizi yük edən, sirrinizi sirri bilənləriniz çox olsun. Yeridiyiniz yollar yaxşı insanlara çıxsın.

 

 

Məmməd Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: