NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində həyata keçirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi başa çatıb.
Bu münasibətlə Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev Asiya İnkişaf Bankının nümayəndələrini və qonaqları salamlayıb.
Bildirib ki, çoxtranşlı kredit sazişi 2008-ci ildə bağlanıb və bu gün uğurla başa çatır. Layihənin icrası çərçivəsində ən müasir texnologiyalara əsaslanan su və kanalizasiya sistemi qurulub. Layihənin icra edildiyi 10 il müddətində Asiya İnkişaf Bankı ilə əməkdaşlıq inkişaf edərək yüksək səviyyəyə çatdırılıb.
Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov qeyd edib ki, layihə çərçivəsində Naxçıvan şəhəri və Naxçıvan şəhər inzibati ərazisinə aid olan Qaraçuq, Bulqan, Qaraxanbəyli, Hacıniyyət və Tumbul kəndləri daxil olmaqla su və kanalizasiya şəbəkələri çəkilib, 24 min 195 evə su verilərək sayğac quraşdırılıb. Ümumilikdə, 135 min sakin fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilib.
Tədbirdə Asiya İnkişaf Bankının vitse-prezidenti VençayJanq, “Bioworks” şirkətinin baş icraçı direktoru PiterKröener və “Aquamatch” şirkətinin icraçı direktoru İlkerAkbaş bu layihənin Naxçıvan Muxtar Respublikasında yüksək keyfiyyətlə icra edildiyindən məmnunluğunu bildiriblər.
Sonda “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin icrasının başa çatmasından bəhs edən film nümayiş etdirilib.
Əbülfəz Dünyamalıyev