Fransız alimlərinin apardıqları son tədqiqatların nəticəsində məlum olub ki, orqanik qida məhsullarından pəhriz rejimində istifadə edənlərdə xərçəng xəstəliyinə tutulma riski əhəmiyyətli dərəcədə azalır.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, alimlər pəhriz rejimində ekoloji təmiz qidalardan istifadə edənlərdə xərçəng xəstəliyi ehtimalının 25 faiz azalması qənaətinə gəliblər. Fransanın Səhiyyə və Tibb Araşdırmaları Mərkəzinin (INSERM) tədqiqatçısı Culiya Bodri bildirib ki, bu amansız xəstəlikdən qorunmaq üçün üç amil – pəhriz rejimi, orqanik qida məhsulları və fiziki aktivlik mühüm rol oynayırlar. Onun sözlərinə görə, heç kim deyə bilməz ki, ekoloji təmiz qidalanma xərçəng xəstəliyini azaldır, yalnız pəhriz rejimində bu məhsullardan istifadə edilməsi müəyyən qədər faydalı ola bilər.
Tədqiqat nəticəsində o da müəyyən edilib ki, tərkibində gübrələr, pestisidlər, antibiotik kimi baytarlıq preparatları və genetik modifikasiya olunmuş orqanizmlər olan məhsullar orqanik qida standartlarına aid edilmir.
Bütün bunlarla yanaşı, alimlər təəssüflə qeyd ediblər ki, orqanik qida məhsulları miqdarca az və bahalı olduğundan, insanların əksəriyyəti onlardan istifadə edə bilmirlər.