Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdə olub - FOTOLAR
Maliyyə idarəetməsinin təkmilləşdirilməsi istiqamətində Avstriya Respublikasının Federal Maliyyə Nazirliyinin dəvəti ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin nümayəndə heyəti 15-18 oktyabr tarixlərində Avstriyanın paytaxtı Vyanada və Ştiriya Əyalətinin Qrats şəhərində işgüzar səfərdə olub, bir sıra görüşlər keçiriblər.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, səfərdə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi Rəsul Rəsulov, Büdcə şöbəsinin müdiri Aləm Bağırov, Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova və nazirliyin aparıcı məsləhətçisi Qənbər Xudiyev iştirak ediblər.
Oktyabrın 15 və 16-da Vyana şəhərində Avstriya Federal Maliyyə Nazirliyində geniştərkibli görüş keçirilib. Görüşdə Avstriya Respublikasının Federal maliyyə nazirinin müavini – Büdcə və Maliyyə Planlaşdırması Baş İdarəsinin rəisi Frederike Şvarzendorferin rəhbərlik etdiyi heyətlə Avstriya Respublikasının Mərkəzi büdcəsi ilə əyalət büdcələri arasında münasibətlərin qurulması mexanizmi ətrafında müzakirələr aparılmışdır. İclasın gedişində muxtar respublikanın da müvafiq sahə üzrə iş prinsipləri barədə danışılıb və təcrübə mübadiləsinin gələcək iş prosesinə müsbət təsirlərindən bəhs edilib.
Nümayəndə heyəti Avstriya Respublikasının Ştiriya Əyalətinin paytaxtı Qrats şəhərində olmuş, burada maliyyə naziri Səbuhi Məmmədov ilə əyalətin maliyyə, nəqliyyat və energetika üzrə naziri Anton Lanqın ikitərəfli görüşü keçirilmişdir. Qarşılıqlı maraqdoğuran sahələrdə fikir mübadiləsi aparılmış görüşdə əsas müzakirə mövzuları Ştiriya Əyalətində yerli büdcənin tərtibi, gəlir və xərclərin müəyyənləşdirilməsi metodologiyası və mərkəzi büdcə ilə iş prinsipləri olmuşdur. Oxşar metodologiyanın mövcudluğu ilə yanaşı, fərqlilik təşkil edən sahələr barədə də danışılmış və hər birinin özünəxas üstünlükləri qarşılıqlı tədqiq istiqamətinə çevrilmişdir.
Ştiriya Əyalətinin Maliyyə İdarəsinin rəisi Klemens Munqenast və müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə də görüş keçirilmişdir. Heyətlər tərəfindən müxtəlif istiqamətlər üzrə müzakirələr aparılmış, iş prinsipləri təhlil olunmuşdur. Təcrübələrin öyrənilməsi ilə mövcud iş mexanizminin təkmilləşdirilməsinə yönəldilən danışıqlar, bələdiyyələrə və kommunal təşkilatlara ayrılan vəsait və dotasiyaların müəyyənləşdirilməsi mexanizmi, büdcədən maliyyələşən və dotasiya alan təşkilatlarda nəzarət tədbirlərinin aparılması kimi spesifik sahələri əhatə etmişdir.
Beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində kifayət qədər əhəmiyyətli rola malik olan görüşlərin keçirilməsi daha təkmil maliyyə sisteminin qurulmasına, büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə, gəlir və xərclərin planlaşdırılması prosesinin daha da təkmil şəkildə aparılmasına zəmin yaradacaqdır.