Atalara ödənişli məzuniyyət verilməsini nəzərdə tutan qanun layihəsi müzakirə mərhələsindədir

A- A A+

Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən atalıq məzuniyyəti ödənişsiz həyata keçirilir, yəni atalıq namizədlərinə verilən 14 günlük məzuniyyət zamanı onlara işəgötürən tərəfindən heç bir ödəniş edilmir. Lakin əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı bir sıra yeni təkliflər də nəzərə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən jurnalistlərə bildirilib ki, həmin təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsində ”Hamiləliyə və doğuşa görə məzuniyyətlər”ə dəyişiklik edilməsini, yəni hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutur. Sənədə əsasən həmin şəxsə doğum ərəfəsində ananın doğuşu üçün müraciət etdiyi xəstəxanadan arayış almaq lazım gələcək və həmin arayış iş yerinə təqdim edilməlidir.

Hazırda qanun layihəsi aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Qeyd edək ki, Məcəllənin 130-cu maddəsində işçilərin xahişi ilə bir iş ilində ödənişsiz məzuniyyətlər verilməsi halları sırasında həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilməsi əksini tapır.

Ekspertlərin fikrincə, analığın il dövrü həm qadın, həm də dünyaya gələn körpə üçün çox əhəmiyyətli və həssas bir dövrdür. Belə bir zamanda atanın ailədə, qadının yanında olması, körpənin qayğıları ilə yaxından məşğul olması daha məqbuldur. Onun sosial haqlarının müdafiə olunması, yəni onun ödəniş alaraq bu işi görməsi, şübhəsiz ki, ailənin maddiyyatı baxımından çox müsbət haldır. Onu da qeyd edək ki, məzuniyyət yalnız bir uşaq üçün nəzərdə tutulmur, ata hər bir övladı üçün bu huquqdan istifadə edə bilər. Bu, həm tibbi, həm fizioloji, həm psixoloji, həm mənəvi cəhətdən çox əhəmiyyətlidir, həm də ata ilə ananın bu yükü birlikdə çəkməsinə xidmət edir.

Hazırda Əmək Məcəlləsinə əsasən hamiləlik dövründə və doğuşdan sonrakı dövrdə işləyən analara 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda iki və daha çox uşaq doğduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətinə verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: